Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deputat Fazil Mustafaya qarşı törədilən terror aktını pisləyib.
Modern.az xəbər verir ki, komitə sədri belə bir hadisənin yolverilməz olduğunu deyib, cinayəti törədən şəxs və ya şəxslərin tezliklə müəyyən edilərək cəzalandırılacağını bildirib.
"Deputat Fazil Mustafaya qarşı törədilən hadisə terror aktıdır. Bu olay məni məyus etdi. Əminəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları məsələni tam araşdırıb, cinayətkarları ifşa edəcək", - deyən Ə.Əmiraslanov söyləyib ki, Fazil Mustafa millət vəkili, ictimai-siyasi xadim və yazar olaraq çox dəyərli insandır.
Komitə sədri məlum hadisəyə görə təəssüfləndiyini, ən qısa zamanda Fazil Mustafaya baş çəkəcəyini vurğulayıb.
Qeyd edək ki, ötən gün Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında güllələnən deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub.