Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistan hakimiyyətinin Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma kursunu kəskin tənqid edib. O bildirib ki, İrəvan eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqında iştirakın üstünlüklərini qoruyub saxlamağa, həm də Aİ ilə münasibətləri inkişaf etdirməyə çalışır.
Modern.az xəbər verir ki, Medvedev özünün "MAX" kanalında qeyd edib ki, "iki stulda oturmağa çalışanlar yerə bərk çırpılmaq riski ilə üzləşirlər".
"Görünən odur ki, Nikol ləqəbli bir nəfər yaxın vaxtlarda məhz bunu etməyə hazırlaşır. O, öz "superdövlətini" təkidlə Avropa İttifaqına sürükləyir, eyni zamanda Avrasiya İttifaqında iştirakın bütün mənfəətlərini saxlamağa çalışır", - deyə Medvedev yazıb.
Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, Ermənistan hakimiyyəti Avropa İttifaqı ilə münasibətləri dərinləşdirsə belə, Rusiya qazının mövcud qiymətlərini qoruyub saxlayacağına ümid edir:
"Rusiya getməkdə olan bu "tərəfdaşı" üçün qazın hazırkı qiymətini — min kubmetr üçün 177,5 dollar səviyyəsində saxlamalıdır", - deyə qeyd edən Medvedev, Avropada birja qaz qiymətlərinin 2026-cı ilin may ayında min kubmetr üçün 570–590 dollar səviyyəsində olduğunu xatırladıb.
Medvedev həmçinin əlavə edib:
"Hamıya bəllidir ki, Avropa qaz qiymətlərinə keçid baş verərsə, "A" ölkəsinin əhalisi bu dayını birbaşa Parisə — onun sevgi dolu dostu Makronun yanına qovacaq. Ona görə də hamının xoşuna gəlmək üçün eyni vaxtda hər tərəfə qıvranmalı olurlar. Amma belə şey olmur".
Bundan əvvəl, mayın 22-də Dövlət Dumasının sədri Vyaçeslav Volodin də Paşinyanın Rusiyaya qarşı siyasətini qeyri-dost addım adlandırıb:
"Dövlət Dumasının deputatlarının fikrincə, Ermənistanın baş naziri Paşinyan Rusiya Federasiyasına qarşı qeyri-dost siyasət yürüdür və ölkəmizin yaratdığı imkanlardan rəzilcəsinə istifadə edir. Bütün bunları, daha əvvəl də dediyim kimi, Ukrayna nümunəsində görmüşük", — deyə Volodin vurğulayıb və Rusiyanın Ermənistana qazı öz ziyanına tədarük etdiyini qeyd edib.
Xatırladaq ki, iyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi Nikol Paşinyan qalmaqallı addımları ilə diqqətə gəlib. O, seçki kampaniyası zamanı təşviqat kampaniyası çərçivəsində səfərlər etdiyi avtobusda fərqli yeməklər yeməsi, metroda, küçələrdə və seçicilərlə görüşlərdə vətəndaşlarla mübahisə etməsi, əlində səsgücləndirici vasitə ilə qəribə hərəkətləri diqqəti cəlb edib. Onun seçki kampaniyası zamanı davranışları həm ölkə daxilində, həm də ölkə xaricində tənqid olunub.