Modern.az

Buruqlar arasında təhlükəli həyat...

Buruqlar arasında təhlükəli həyat...

Ölkə

31 İyul 2010, 10:50

Köhnə neft mədənlərinin ərazilərində inşa olunmuş evlərin taleyi necə olacaq? 

Ümumdünya Urbanizasiya Forumu böyük şəhərlərdəki «gecəqondu»larda yaşayan əhalinin artımını və bu prosesə qarşı lazımi tədbirlərin görülməməsindən narahat olduğunu bəyan edib. Bəzi mütəxəssislər çon illər «gecəqondu»ların sürətlə tikildiyi şəhərlər sırasına Bakını da əlavə edirlər. Bakıətrafı ərazilərdə çoxlarının «gecəqondu», özbaşına tikili", "icasəziz ev" və ya “naxalstroy” adlandırdığı evlərin bir qismi köhnə neft buruqları arasında, neftlə çirklənmiş sahələrdə, neftli-mazutlu gölməçələriin yaxınlığında inşa olunub. Yaşayış üçün tamamilə əlverişsiz olan bu yerlərdə acınacaqlı mənzərə müşahidə edilməkdədir.

 

Neftlə çirkli ərazilərdəki evlərin sayı

 

Abşeron yarımadasındakı köhnə neft buruqları arasında tikilən yöndəmsiz, bir-birinə qısılan evlərin, dar küçələri olan kasıb məhəllələrin sakinlərinin dəqiq sayı məlum deyil. Bu yerlərin sakinləri arasında Azərbaycanın bütün bölgələrindən olanlar var. Neft buruqları arasında təkcə insanlar yaşamır, buradakı yoxsul məhəllələrdə mal-qara, qoyun-quzu, toyuq-cücə də saxlayanlar var. Kənddən gəlib neftlə çirkli ərazilərdə məskunlaşanların bəziləri əvvəlki məşğulyətlərini burada davam etdirməklə dolanışıqlarını qurmağa çalışırlar.

Köhnə neft buruqları arasındakı evlərlə bağlı bir neçə dəfə monitorinq keçirən Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin məlumatına görə, Suraxanı, Balaxanı, Bibiheybət, Binəqədi Neft və Qazçıxarma idarələrinin ərazilərində 4000-dən artıq tikili var. Eyni problemlə bağlı araşdırma aparan Vətəndaşların Mənzil Hüquqlarının Müdafiəsi Liqasının məlumatına görə isə neftlə çirkli ərazilərdəki evlərin sayı 7 minə yaxın, orada yaşayanlar isə 25 min nəfərdən çoxdur.

 

Bəzi tikililərin icazə sənədi var

 

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı mətbuata açıqlamasında deyib ki, köhnə mədən ərazilərində yaşayış ləğvi olunmalı və bundan sonra həmin yerlərdə məskunlaşmaya yol verilməməlidir. Komitə sədrinin fikrincə, orada yaşayanların köçürülməsi milyonlarla manat vəsait tələb etsə də, bu problem həll edilməlidir. Köhnə buruqlar arasındakı məhələllərin sakinlərinə isə boş ərazilərdə torpaq sahəsi verilməli, onlara tikinti üçün yardım göstərilməlidir.

Vətəndaşların Mənzil Hüquqlarının Müdafiəsi Liqasının həmsədri Alim Hüseynli də neftlə çirkli ərazilərdən köçürülməsi planlaşdırılan sakinlərə kompensasiya ödənilməyəcəyi ilə bağlı ARDNŞ rəhbərliyinin bəyanatlarını ədalətsiz sayır.

Vətəndaşların Mənzil Hüquqlarının Müdafiəsi Liqası köhnə neft buruqlarının ərazisinin əhaliyə satılmasını ARDNŞ-in tabeliyində olan müvafiq qurumların rəhbərlərinin məsuliyyətsizliyi və onların öz maraqlarını güdmələri ilə əlaqələndirir. Qurum bu yerlərdə inşa olounmuş bütün evləri qanunsuz tikili hesab etmir. Çünki araşdırmaların nəticələri göstərib ki, bir çox evin sakini tikintiyə icazə verən müvafiq sənədə malikdir. Uzun illərdir həmin ərazilərdə yaşayan sakinlər işıq, su, qaz, kanalizasiya və digər komunnal xidmət haqlarını da ödəyirlər.

 

Ağac bitirməyən torpaqda yaşamaq təhlükəsi

 

Köhnə mədən ərazilərindəki hər cür məişət tullantıları ilə dolu zibilliklərin qoxusu neft-qaz, mazut iyinə qarışıb ki, bu da kasıb məhəllələrdə dözülməz vəziyyət yaradıb. Torpaqla doldurulan mazutlu gölməçələrin yerində tikilən evlərin  həyət-bacalarından neft qoxusu çəkilmir. Belə yerlərdə radiasiya fonunun yüksək olması insan sağlamlığı üçün çox təhlükəli fəsadlar doğura bilər. Mütəxəssislər deyirlər ki, köhnə neft buruqlarının ərazilərində yaşayanlarda xərçəng, ürək-damar, astma-bronxit, mədə xəstəliklərinə tutulma halları bir neçə dəfə artıb. 

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində köhnə buruqların arasında yaşayan sakinlər deyirlər ki, neftin və mazutun ağır qoxusundan təngə gəlsələr də, başqa çarələri yoxdur. Buradakı məhəllələrdən birinin sakini Mustafa İsmayılovun sözlərinə görə, onların evlərinin içi də neft qoxuyur. Mustafa heç ağac da bitirə bilməyən neftlə çirkli bu torpağa Zərdab rayonundan köçüb.

 

Səksəkə içində yaşayanlar...

 

Paytaxta dolanışıq dalınca gələn və hazırda Balaxanı Neftqazçıxarma» İdarəsinə məxsus olduğu söylənilən ərazidə yaşayan başqa bir həmsöhbətimiz Əlisəfa İsayev deyir ki, o, torpağı bir neçə il bundan öncə bələdiyyədən alaraq alababat daxma inşa etdirib. Bir müddət əvvəl isə ona və qonşularına evlərinin qanunsuz olduğunu bildiriblər: «Məhəlləmizdə elə sakin var ki, 10 ildir burada yaşayır. Biz bu torpaqları pulla almışıq, satış həyata keçiriləndə ərazinin Dövlət Neft Şirkətinə məxsus olduğunu bildirməmişdilər. Tikintiyə başlayanda bələdiyyə, polis, icra hakimiyyətinə qədər hamı gəlib öz haqqını alıb. İndisə tikidiymiz evlərə sənəd verməkdən imtina edirlər. Səbəb isə həmin ərazinin dövlət mülkiyyətinə aid olması göstərilir. Belədirsə, köhnə neft mədəninin sakinlərinə çevrilən bu şəxslərə dövlət mülkiyyətinə məxsus torpaqları satanları niyə cəzalandırmırlar?». «Gecəqonduları»nın söküləcəyindən çox qorxan Ə.İsayev və onun qonşularının narahatlığı əsassız deyil, çünki köçəcəkləri başqa yer yoxdur...

Balaxanı kəndi yaxınlığındakı köhnə mədənlərin ərazilərində də evləri sökülmək təhlükəsi ilə üz-üzə qalan yüzlərlə ailə var. Ötən il həmin tikililərin bir neçəsi dağıdılandan sonra sakinlərin müxtəlif etiraz üsullarına əl atmaları sökmə əməliyyatını müvəqqəti də olsa dayandırılması ilə nəticələndi.

Ötən il eyni hadisələr Binəqədi rayonu ərazisində də təkrarlandı, köhnə buruqların arasında xeyli ev söküldü.

Neflə çirkli ərazilərdəki evlərin bəzilərinin sökülməsi barədə məhkəmə qərarları da var. Məsələn, Sabunçu Rayon Məhkəməsi bir müddət öncə Zabrat qəsəbəsində, «Balaxanı Neftqazçıxarma» İdarəsinin ərazisində tikilmiş 6 evin qanunsuz tikildiyini əsas gətirərək onların sökülməsi haqda qərar çıxarıb. Hələlik həmin evlər sökülməsə də, sakinlər səksəkə içində yaşayırlar.

 

Özbaşına tikilən  evlər söküləcək?

«Balaxanı Neftqazçıxarma» İdarəsi xüsusən də buruqların lap yaxınlığında özbaşına tikilən evlərin sökülməsini israr edir. «Balaxanı Neftqazçıxarma» İdarəsinin ərazisindəki «gecəqondu»ların sonrakı taleyinin necə olacağı məlum deyil.

2006-cı ildən etibarən neftlə çirklənmiş ərazilərin təmizlənməsi məqsədilə xüsusi proqram həyata keçirən Dövlət Neft Şirkətində (ARDNŞ) hesab edirlər ki, bu yerlərdə inşa olunmuş evlər qanunsuz tikililər olduğundan onlar sökülməlidir. ARDNŞ rəhbərliyi sökülmə prosesi zamanı həmin evlərin sahiblərinə kompensasiya ödənilməyəcəyini bəyan edib.

Neft buruqları arasında tikilən evlərin sayı ilə bağlı ARDNŞ-in müvafiq qurumlarına müraciət etsək də, dəqiq məlumat verə bilmədilər. Adəm Qorxmaz

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı