Rusiya tərəfi 2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhərində baş vermiş təyyarə faciəsi ilə bağlı zərərçəkmiş ailələrə kompensasiya ödənişlərinə başlayıb.
Bu barədə Modern.az-a Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atası Cəlil Alıyev məlumat verib.
Onun sözlərinə görə, bir müddət əvvəl "Azərbaycan Hava Yolları" (AZAL) əməkdaşlarının vasitəsilə ailələrlə əlaqə saxlanılıb və kompensasiya ödənişlərinin həyata keçirilməsi üçün vərəsəlik sənədlərinin hazırlanması istənilib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də AZAL-ın Bakıdan Qroznıya uçan "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, o cümlədən 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı, həmçinin 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Azərbaycan və Rusiya 2026-cı ilin aprel ayında AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı faciənin nəticələrinin aradan qaldırılması, o cümlədən qurbanların ailələrinə və zərərçəkənlərə kompensasiya ödənilməsi barədə razılığa gəliblər.