Ermənistan mətbuatı Avrasiya və Avropa Birliyinin Əməkdaşlıq Fondunun maliyyələşdirdiyi “Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə kömək” proqramı çərçivəsində türkiyəli jurnalistlərin Ermənistanda qondarma “soyqırımı” muzeyinə baş çəkdiklərini yazıb.
Modern.az məsələ ilə bağlı Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Atilla Serteldən məsələyə münasibət öyrənib.
Saytımıza açıqlamasında Sertel məsələdən xəbərsiz olduğunu söyləyib: “Doğrusu, bundan xəbərimiz yoxdur. Məsələni araşdırdıqdan və səfərin təfsilatını öyrəndikdən sonra münasibət bildirəcəyik. Biz jurnalistlər bütün dünyada sülh, barış olmasının tərəfdarıyıq. Müharibə, qan, qada istəmirik. Jurnalist əslində sərhəd tanımamalıdır.
Ancaq konkret olaraq, Ermənistana, onun baş kəndində qoyulan uydurma soyqırım abidəsini Türkiyənin hər hansı jurnalistinin ziyarət etməsinə inanmıram. Bu, mümkün deyil.
Əgər belə bir məsələ olubsa, kəskin etirazımızı bildirəcəyik. Onları cəmiyyət tərəfindən qınağa çəkəcəyik”.
Onu da bildirək ki, Türkiyənin hansı KİV-lərinin nümayəndələrinin belə bir addım atması hələlik açıqlanmır.
Modern.az