Bakı milyonçularından biri də Ağa Musa Nağıyev idi. O İsmailiyyə binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda Realnı məktəbinin inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcinin ödəməyinə,şəhər kənarında (indiki Semaşko) xəstəxanasını tikdirdiyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə baxmayaraq, camaat tərəfindən xəsis sözü ilə damğalanmışdı.
Deyirlər İshak Qaraxanov adında bir bərbər hər həftə evə gəlib Ağa Musanın saqqqalını qırxar, saçını qaydaya salardı. Bərbər bir dəfə yerə döşənmiş xalını görüb deyir ki, “Xozeyin, dövlətli adamsan, bu xalını bağışla mənə”.
Ağa Musadan görünməyən səxavət, işlər müdirinə tapşırır ki, belə bir xalı al ver ustaya. Bir dəfə dənizdə bərk tufan olur, çoxlu gəmi batır. Ağa Musanın gəmilərindən birinin kapitanı gəlib xəbər verir ki, “yükü və gəmini zorla xilas etmişəm, qurban kəsməyi nəzir demişəm, icazə ver...”. Ağa Musa bərk dilxor olur, kapitanın sözünü kəsib, başlayır onu məzəmmət eləməyə: "Çox nahaq yerə, atam, atam mənim hesabıma niyə qurban nəzir edirsən? Belə vaxtlarda əhd elə ki, bir həftə oruc tutaram, gəmidə xozeyin hesabına yox, öz hesabıma yeyərəm".
Gəmilərin komandası, səfər zamanı sahibkarın hesabına yeyib-içir, məvacib də alırlar.
Araz Vəliyev,
tarixçi