Modern.az

Zərdüşt Əlizadə: “Poroşenko səfeh və tamahkardır” - MÜSAHİBƏ

Zərdüşt Əlizadə: “Poroşenko səfeh və tamahkardır” - MÜSAHİBƏ

Təhsil

3 Dekabr 2014, 15:28

“Rusiyanın ağlı olsaydı, neft və qaz sahəsində Azərbaycanla əməkdaşlıq edərdi”

Politoloq Zərdüşt Əlizadə beynəlxalq aləmdə son günlər baş verən hadisələrlə bağlı Modern.az saytına müsahibə verib.

- Siyasi gündəmin episentrində dayanan əsas mövzulardan biri Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəridir. Nəzərə alaq ki, Türkiyə NATO-nun üzvü olmasına baxmayaraq, hər iki ölkə Qərbə qarşı tənqidi mövqedədirlər. Qərbə qarşı yürüdülən siyasi kurs Rusiya və Türkiyəni hansı həddə qədər yaxınlaşdıracaq?

- Türkiyə hakimiyyəti Qərbi tənqid etməsinə baxmayaraq, özü Qərbin bir hissəsidir və sıx əməkdaşlıq içərisindədir. Türkiyə hər cəhətdən Qərbin müttəfiqidir. Rusiya olan yerdə Türkiyə niyə görə Qərbə qarşı olmalıdır?! Rusiya ilə Türkiyənin münasibətləri isə əsasən iqtisadi sferada qurulub. Putinin Türkiyəyə səfərindən sonra Rusiya Ankara ilə iqtisadi münasibətlərini daha da genişləndirəcək. Rusiyada Türkiyə biznesinin fəaliyyət göstərməsi üçün daha geniş imkanlar yaranacaq. Türkiyə bundan sonra kənd təsərrüfatı mallarının Rusiyaya ixracını da artıracaq.

- Türkiyədə Vladimir Putin Rusiyanın əsas enerji strategiyası olan “Cənub axını” layihəsinin fiaskoya uğradığını bəyan etdi. Bundan sonra Rusiyanın bu iqtisadi zərəri kompensasiya etmək üçün Azərbaycanın da iştirakçı olduğu TANAP və TAP layihələrində iştirakı və bunun bizə zərərli olacağı bildirilir. Bu iddiaların reallaşacağını söyləmək üçün əsaslar varmı?

- TANAP layihəsində çəkiləcək boru xətlərini doldurmaq üçün olan qaz kifayət deyil. Rəsmi Moskva ilə belə razılıq əldə oluna bilər ki,  mövcud qaz kəmərləri ilə TANAP xəttinə də müəyyən qədər qaz verilsin. Bununla da Rusiya satış həcmini artıra bilər. Razılıq əldə olunsa,  Azərbaycanın burada tranzit rolunu oynayacağı gözlənilir. Rusiyanın bundan sonrakı Türkiyə ilə bağlı enerji siyasətində hələlik Azərbaycanın adı çəkilmir. Rusiya rəhbərliyinin ağlı olsaydı, Azərbaycanla da qaz və neft nəqli sahəsində əməkdaşlıq edə bilərlər.

- Qərbin sanksiyalarının Rusiyada yaratdığı böhran və Vladimir Putinin Türkiyəyə səfəri, iki ölkə arasında genişlənən iqtisadi münasibətlər fonunda demək olarmı ki, Ankara bundan sonra Moskva üçün nəfəslik rolunu oynayacaq?

- Bəli. Rusiya özü də üzünü Latın Amerikası, Asiya ölkələrinə tutub və özünə başqa şəriklər axtarır. Türkiyə isə bu baxımdan Rusiya üçün öndə gələn ölkələrdəndir.

- Qərbin sanksiyalarından sonra da Rusiyanın Ukrayna ilə bağlı siyasətində elə bir ciddi redaktələr olmadı, əksinə, Kreml daha da qəzəbli addımlar atmağa başladı. Sanksiyaların Rusiyanın siyasətinə təsir etməməsi və Ukraynanın özünün ərazi bütövlüyü ilə bağlı mövqeyindən geri çəkilməməsi region üçün yeni müharibə təhlükəsi yaradırmı?

- Bu ehtimal elə də güclü deyil. Ukrayna elə bir bəhanə deyil ki, buna görə dünya dövlətləri öz mövcudluğunu təhlükə altına qoysun. Sanksiyalar Rusiya ilə yanaşı, Qərbin özünə də zərbə vurur. Qərb Rusiya şirkətləri ilə əlaqələrinin məhdudlaşmasından ziyana düşür. Rusiyadakı mənfi iqtisadi təzahürlər əslində Qərbin sanksiyalarının nəticəsi deyil. Bu, Rusiya hakimiyyət dairələrinin rüşvətxor, savadsız, anti-elmi siyasətinin nəticəsidir. Rusiya iqtisadçıları hökumət xəbərdarlıq edirdi ki, ölkəni taladıqları bəsdir. İndi də Rusiya hakimiyyəti bunun cəzasını çəkir. Qərbin sanksiyaları isə ümumi mənfi meylləri bir az da gücləndirdi. Rusiya bundan sonra Ukraynadan heç cür geri çəkilməyəcək. Kreml Ukraynadan əlini çəksə, bu, Rusiyanın faktiki çöküşünün başlanğıcı olacaq. Ukraynaya gəlincə, o,  Kiyev hakimiyyətinin səfehliyi və tamahkarlığı ucbatından dərin böhrana düşüb. Ukrayna tədricən parçalanır. Ukrayna hökuməti realist mövqe tutmayana qədər bu dağılma prosesi və Rusiya ilə Qərbin münasibətləri kəskinləşməkdə  davam edəcək.

- Ukrayna hakimiyyəti ərazi bütövlüyü ilə bağlı prinsipiallıq nümayiş etdirdiyi təqdirdə, nəyə əsasən onu səfeh və tamahkar adlandırırsınız?

- Normal ölkələrdə hakim zümrə xalqın və dövlətin bütövlüyünü, iqtisadi xeyiri düşünür. Ukrayna hakimiyyəti isə ölkədə qənimətin bölünməsini fikirləşir. Pyotr Poroşenko 20 milyon dollar buraxıb, ABŞ-la birgə Maydan hərəkatını təşkil etdi. Poroşenko Viktor Yanukoviçi hakimiyyətdən devirdi, nəticədə ölkə Krımı itirdi. Siyasi məqsədlər naminə Rusiyaya qarşı nifrət dalğasını yüksəltmək, nəticədə Donetsk və Luqanskın itirilməsi də Ukrayna hakimiyyətinin səfehliyi idi. Ukrayna bəyan edir ki. NATO-ya üzv olmaq istəyir. NATO isə Rusiyaya qarşı olan hərbi-siyasi təşkilatdır. Əgər sən Rusiyaya qarşı olan bir beynəlxalq quruma girmək istəyirsənsə, deməli, Rusiyanın ərazilərini işğal etməsi üçün zəmin yaradırsan. Ukrayna səfehliyi və tamahkarlığı səbəbi ilə bu siyasəti yürütdü.

- Beynəlxalq proseslərə qara rəngli “xilafət” bayrağı ilə rəng verən İŞİD məsələsi də aktual olaraq alır. Bir zamanlar Qərb Bəşər Əsədə qarşı döyüşdüyünə görə İŞİD-ə dəstək verirdi. İndi isə ABŞ İŞİD-ə qarşı beynəlxalq koalisiya qüvvələrinə rəhbərlik edir. Əvvəlki dəstəkləri nəzərə alsaq, ABŞ başda olmaqla Qərbin İŞİD-lə mübarizəsini səmimi dəyərləndirmək olarmı?

- Vaxtilə dünyada terrorun iki mənbəyi var idi. Bunlardan biri Sovet İttifaqı, biri isə Qərb idi. İndi SSRİ yoxdur. Fərz edək ki, erməni terrorunun arxasında Rusiya dayanır. Lakin hazırkı islamçı terror təşkilatlarının dədəsi isə Qərbdir. Qərb özü bu təşkilatları yaradır, sonra onlara qarşı mübarizə aparır. İŞİD silahlarını, yaraqlılarını ABŞ təlimatçıları hazırlayıb. ABŞ özü istəyir ki, İŞİD-ə qarşı mübarizə adı altında bölgədə daha da möhkəmlənsin.

Aqşin Kərimov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı