“Mən hər dəfə müzakirələrdən sonra 80 faiz razılaşdırma əldə olunduğunu eşidirəm. Lakin yenə əsas problemlər razılaşdırılmayıb. Müzakirələrdə Xəzər dənizinin bölünməsi, Xəzər dənizində hərbi gəmi saxlamaq, Xəzər dənizinin adı, Xəzər dənizində gəmiçilik problemləri və digər mühüm məsələlər hələ də müzakirə olunmadan qalıb”.
Bunu Modern.az-a açıqlamasında politoloq Rüstəm Məmmədov Xəzərin statusu ilə bağlı razılaşdırılmış məsələlərdən danışarkən bildirib.İranın və Türkmənistanın məsələnin həlli ilə bağlı müzakirələri daim dolaşığa saldığını bildirən politoloq qeyd edib ki, İran məsələlərin müzakirəsi fonunda Azərbaycan üzərindən çıxış yolu axtarır: “Bildiyimiz kimi, bu gün İrana qarşı dünya dövlətləri tərəfindən güclü sanksiyalar və basqılar var.
Bu sanksiyalar nəticəsində iqtisadiyyatı dağılmış İran Xəzərin satatusunun müzakirələri fonunda Azərbaycana, onun resurslarından istifadə edərək çıxış yolu açmasını təklif edir. Lakin bununla belə, dünya tərəfindən qəbul edilən sanksiyaları Azərbaycan poza bilməz”.
Onun sözlərinə görə, digər məsələlərdə, əsasən də Xəzərin dibinin bölünməsində İran və Türkmənistan mövqelərində yenə də ziddiyyətli mövqelər nümayiş etdirirlər: “Doğrudur, əvvəlki illərə nisbətən Türkmənistanın mövqeyində yumuşalma özünü göstərir. Lakin yenə onunla da tam razılıq əldə edilməyib. Razılaşdırılan 6 bənd isə Xəzərin statusu ilə bağlı o qədər də güclü olmayan məsələlərdən ibaraət ola bilər”.
Şahin QOCAYEV