Modern.az

“Qubadlı rayonu”nun yaradıcısı:  “Qarabağın, Zəngəzurun unudulması üçün 20 il də bəsdi...”- FOTO

“Qubadlı rayonu”nun yaradıcısı:  “Qarabağın, Zəngəzurun unudulması üçün 20 il də bəsdi...”- FOTO

21 Sentyabr 2016, 09:47

 

Artıq 23 ildən artıq müddətdir ki, torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. 23 ildir ki,  Qarabağın işğal olunmuş torpaqlarında azərbaycanlı doğulmur. Qarabağsız doğulan nəsil Qarabağla bağlı məlumatları kitablardan, internetdən əldə etməyə çalışır. Sosial şəbəkələrdə işğal olunmuş bölgələrimizlə bağlı səhifələr açılır, paylaşımlar edilir, məlumat verilir.

 

Modern.az-ın işğal olunmuş bölgələrimizi sosial şəbəkələrdə yaşadanlarla bağlı layihəni davam etdirir.

 

“Qarabağı Yaşadanlar”-ın növbəti müsahibi “Qubadlı Rayonu” səhifəsinin yaradıcısı Hafiz Qəhrəmanovdur.

 

 

- Hafiz bəy, sizi necə tanıyaq?

 

- 13 Aprel 1986-cı ildə Qubadlı rayon Milanlı kəndində anadan olmuşam. Özümüzə yaxın bilib ən qısa məsafəmizə qədər buraxdığımız və bu məqamdan sui-istifadə edən mənfur işğalçı ermənilər  və o zamankı Ermənistan dövlət idarəçiləri digər rayonlarımızla bərabər 31 Avqust 1993-cü ildə qismətimə 7 ildən artıq görə bilmə nəsibimizi əlimizdən aldılar!

 

Ağrılı acılı məcburi köçkünlük damğası ilə 23-ildən çoxdur ki, hələ də xəbəri, qayıdışı haqqında heçbir məlumat çıxmayan yola düzəldik! 1993-cü ilin bu təqvimində, Sentyabr ayında Sumqayıt şəhərində məskunlaşdıq və həmin il, həmin təqvimdə uşaqlıq travması ilə birinci sinfə getdim.

 

2004-cü ildə orta məktəbi bitirdim Azərbaycan Maliyyə İqtisad Kollecinə daxil oldum və həmin il həqiqi hərbi xidmətə yollandım. 2006-cı ildə hərbi xidmətimi başa vurub texniki təhsilimi davam etdirdim. 2009-cu ildə təkrar imtahan verdim və Azərbaycan Texnologiya Universitetinə (AzTu-Standartlaşdırma və texnoloji maşınlar fakültəsinə) qəbul oldum. 2014-cü ildə həmin təhsil ocağının məzunu oldum. Ailəliyəm, bir övladım var. Hazırda AzFen şirkətində, Şah dəniz 2 layihəsində Qaynaqçı vəzifəsində çalışıram.

 

- Bəs, “Qubadlı Rayonu”  səhifəsini yaratmaq barədə nə zaman qərar qəbul etdiniz?

 

- Bu səhifəni 2014-cü ildə yaratmışam və heç bir səhifə idarəçiliyi haqqında təcrübəm olmadan bu işə başlamışam. Son 1 il yarıma kimi tək fəaliyyət göstərirdim.

 

Sosial şəbəkələrdə sayca çox olan, əsasda facebookda, deyərdim ki, 100-lərlə fəaliyyət növü mövcuddur ki, bunların birincisi özünə profil düzəltməkdən keçir. Mən də hamı kimi haqqında eşitdiyim facebookda özümə profil qeyd etdim və beləcə bir müddət dolaşdım. Lakin cəmiyyət, vətən, əsas da itirilmiş rayonlarımız haqqında səhifə yaratmaq fikri keçdi ağlımdan. Bu fikir məni öz doğma yurdum, QUBADLI haqqında səhifə yaratmaq düşüncəsinə apardı ki, QUBADLI  RAYON səhifəsini təsis etdim.

 

- Bu səhifəni hansı məqsəd üçün açmısınız?

 

- Bildiyiniz kimi Qubadlı rayonu ilə bərabər digər rayon və şəhərlərimiz işğal altındadır. Oralar haqqında yalnız yaşlı insanlar və oraları görmüş, ora doğumlu vətəndaşlarımızın əyani təsəvvürü, məlumatları var. Bu informasiyanı təkcə xronoloji işğal tarixləri ilə deyil, bu və ya digər formada, ümumi görüntü, foto, video və sair əldə olanları gənc nəsilə göstərmək, ötürmək lazımdır. Gözəl bilirsiniz ki, bu tip materiallar hər ailədə olmaya bilər və mən də əlimdə olanı, olmayanı bu kimi məlumatları “QUBADLI RAYONU” səhifəsində işıqlandırmağa çalışıram. Səhifənin yaradılmasının başqa müsbət cəhətləri də vardır ki, hamısını geniş sadalayacam sizlər üçün. Sizlərə səbrlə sona kimi bu məqaləni oxumaq qalır ki hərkəsi dəvət edirəm sona kimi oxumağa.

 

Qarabağımızın, Zəngəzurumuzun, Qubadlımızın unudulması üçün 20-cə il də bəsimizdi, əgər  fəaliyyətsiz dayansa, haqqımız olan ərazilərimizi tələb etməsək, gənc nəsillərimizə Qarabağımızı tanıtmasaq! Necə ki Qarabağ daxil, Cənubi Azərbaycanımızı-Təbrizimizi, Həştərxanımızı, Dərbəndimizi, taa ki Qərbə qədər, Göyçə mahalı daxil tarixi torpaqlarımızı unutmuşuq və heç bir istər rəsmi, istərsə də qeyri rəsmi tələbdə varınmırıq! Gülüstan-Türkmənçay Müqavilələri...!

 

Kim qalxıb deyə bilər ki, 20 ildə bundan sonra belə davam etsə Qarabağı tələb edəcəyik,! Necə tələb edəcəyik ki, artıq yaşlı nəsil dünyadan köçür, Qarabağı-Zəngəzuru görənlərin ömürlərindən 23-il ötüb! Yeni doğulan körpələrimizin kimlik sənədlərində artıq Xocavənd, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan doğumlu vətəndaşlar olmayacaq!

 

Hansı ki, 1992-ci ildən bu il təqviminə kimi erməni dığalarının doğum kimliyini təsdiq edən sənədlərində Xocavənd, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan doğumlu vətəndaşlar kimi qeyd olunurlar! Biz onların gələcək nəsillərinə necə sübut edəcəyik ki, buralar bizim tarixi torpaqlarımız olub?!! O zaman onlar bizlərə doğum yerlərini sənədlə sübut edəndə səssizcə qalacağıq! Bax, bu məqamların bir məqsədi var, Qarabağ, Zəngəzur camaatımızın sayını azaltmaq və unutdurmaq!

 

Yuxarıda sadaladığım nüanslar azmış kimi, çox toplumlarda, cəmiyyətdə, məclislərdə, qıraq bir yerə düşəndə camaatımızın hələ də bəzi məlumatsız nümayəndələri vardır ki, Quba ilə Qubadlını  səhv salırlar!Təsəvvür edirsiniz?!! Necə ki bir zamanlar Cənab Stalin Mir Cəfər Bağırova: - ''Товариш Багиров, у вас 2 Губадлы ест или 2 Губа ест '' sualın verdiyi kimi!

 

Mən daxil, yeni nəslimizin çiyinlərində bu yüklərin qalmaması üçün hər kəs bu tip virtual-real sosial addımlar atmalıdırl. Mənim də üzərimə düşən bu yükün qismən işıqlandırmağımda bu səhifədən istifadə mövqeyini seçmişəm. Ola bilər diqqətinizdə sualınıza ən çox tənqid tərəfdən yaxınlaşdığımı sezərsiniz ki, bu da bizim səhifənin hansı məqsəd üçün yaratdığımıza söykənən cavabı olsun.

 

 - Səhifənizi böyütməkdə kimlərdənsə dəstək almısınızmı?

 

- Səhifənin zamanla böyüməsinə səbəbkar əlbətdə səhifənin izləyiciləridirlər ki, sayca az da olsa dəstək olurlar. Yuxarıda qeyd etdiyim kimi,1 il yarımdır ki, artıq tək fəaliyyət göstərmirəm. Adının hallanmasını istəməyən xanım adminimiz var ki, şərti profil adı  ''XARI BÜLBÜL'' kimi fəaliyyət göstərən əsl vətən xanımıdır ki, o, səhifənin fəaliyyətində mövcud olduğu gündən öz töhvəsini müstəsnasız verir. Həmin xanım da Qubadlımız haqqında, Əliyar Əliyev və digər şəhidlərimiz haqqında əvəzsiz geniş məlumatlar mövcuddur ki, səhifədə bölüşür. Öz növbəsində əvəzsiz fəaliyyətinə görə ona təşəkkürümü bildirirəm.

 

Mən ona səhifənin yaddaş kartı da deyərdim, Xarı Bülbül Xanım!

 

- Səhifə ilə bağlı çətinlikləriniz olurmu?

 

- İndiyə kimi elə hallarla rastlaşmamışıq.

 

- Səhifənin işini əngəlləyən, işinə mane olan  kənar güclər olubmu?

 

- Şikayət cəhdləri ilə bəzən rastlaşmışıq, ancaq bunun qarşısını səhifə izləyiciləri alıblar.

 

- Səhifənizdə istifadə etdiyiniz məlumatları haralardan toplaylayırsınız?

 

 - Əlimizdə olan materiallardan, sosial şəbəkələrdən, qubadlılardan və vikipediyadan.

 

 - İzləyiciləriniz sizi qane edirmi? Onlarda bəyənmədiyiniz məqamlar nədir?

 

 - Vətənpərvər insanlar sosial şəbəkələrə vaxt ayıra bildikləri zaman bizi səhifənin fəaliyyəti üçün qane ediləcək izləyicilərlə rastlaşırıq. Burada işğal olunmuş rayonlarımızdan olmayan izləyicilərə də rast gəlmək olur. Əsas bu və ya digər toplum insanların səmərəli boş vaxtları ola və bu tip sosial şəbəkələrə tez-tez gəlmələrini arzulayırıq. Biz həmin insanların mövcudluğunu həmən hiss edirik. Bəyənmədiyimiz məqamlar isə izləyicilərimizin və səhifə qonaqlarının bəzi vaxtlarda paylaşımlara laqeyd yanaşmalarıdır. Yoxsa səhifə olaraq onlardan başqa nə gözləyə bilərik?

 

 - İzləyicilərinizlə görüşlər təşkil edirsinizmi?

 

 - Bu, hələ indiyə kimi baş tutmayıb. Ola bilər gələcəkdə izləyicilərin istəyi ilə olun..

 

- Sizin fəaliyyətiniz ancaq virtualdır?

 

 - Bəli, əgər söhbət işğal olunmuş rayonlardan gedirsə, fəaliyyətimiz təəssüf ki virtualdır və arzu edərdik ki, ən qısa zamanda bu virtuallıq reallığa çevrilsin.

 - İzləyicilər sizə müraciət edir? Əsasən Hansı mövzu ilə bağlı?

 

 - Bəli müxtəlif formalı müraciətlər olur. Əsasda material və yazılı məlumatların ötürülməsi, rayonumuzdan olan ictimai siyasi xadimlərin görüşləri, yenə rayonumuzdan olan idmançıların qazandıqları nəaliyyətlərinin işıqlandırılması kimi və sair müraciətlərlə rastlaşırıq.

 

- Necə düşünürsünüz izləyicilərinizin rəğbətin qazana bilmişinizmi?

 - Əsas məqsədimiz məmləkətimizi, işğal olunmuş rayonlarımızı gənc nəsilə aşılamaqdan ibarətdir ki, əlimizdən gələni əsirgəmirik.

 

 - Azərbaycanda səhifələrin problemləri nədən ibarətdir?

 

 - Bütün məqamlar insan amilinə söykənir. İnsanlarımız bu tipli səhifələrə dəstək olmalıdılar. Problem budur.

Sizin toxunmadığınız və bizim unutduğumuz hər hansısa məqamlar mövcuddursa, səhifə izləyiciləri sonuncu sualı oxuduqdan sonra qeyd etmələrini xahiş edərdik. Onların dilindən çatmayan məqamları dinləmək daha gözəl olardı.

Diqqətiniz üçün minnətdarıq ki, bu kimi məsələləri işıqlandırırsınız.

 

Qafar Ağayev

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü