Modern.az

Azadlığın uzunömürlü olmağa TƏSİRİ - Psixoloq ŞƏRHİ

Azadlığın uzunömürlü olmağa TƏSİRİ - Psixoloq ŞƏRHİ

Mədəni̇yyət

19 Oktyabr 2016, 12:34

Hələ keçmiş Sovetlər birliyinin tərkibində olanda Azərbaycan  uzunömürlülər diyarı sayılıb. Dağ havası, bulaq suyu uzun ömrün əsas səbəbləri hesab edilirdi.


Günümüzün insanı isə internet əsrində 60 yaşını güclə başa vurur və uzunömürlülərin sayı getdikcə azalır. Statistik rəqəmlər də bunu təsdiq edir. Belə ki, 2016-cı il üçün Azərbaycanda 80 və daha yuxarı yaşda olan əhalinin sayı 120221 nəfər, 90 və yuxarı yaşda olanların sayı 10880 nəfərdir, 100 və daha yuxarı yaşda isə cəmi 626 nəfər var. Onlar da əsasən, Lənkəran, Tərtər, Ağdam, Tovuz və Gədəbəy rayonlarında yaşayırlar.

Tədqiqatlar göstərir ki, insan ömrünün qısalmasının səbəblərindən biri və ən əsası stressdir. Xüsusilə oturaq həyat tərzinin genişləndiyi iş mühitlərində daim gərgin rejimdə çalışan insanlar məhz bu stressin qurbanına çevrilir. İnsan sanki daim nəzarət altında yaşamağa məcbur edilir, onun azadlığı əlindən alınır, özləri də hiss etmədən ömürləri qısalır.
 

Tanınmış psixoloq Elnur Rüstəmov Modern.az-a deyib ki, azadlıq məfhumu fərdə bağlı bir şeydir:

“Burada genetik faktorlar, mühit rol oynasa da, bütün hallarda azadlıq fərdə bağlıdır. Elə toplum ola bilər ki, insanların böyük bir qismi azad deyil, amma onların içərisində 1-2 nəfər azaddır. Azadlıq klassik anlamda nə istəyirəm, onu edirəm demək deyil. Spinoza deyirdi ki, azadlıq dərk edilmiş məsuliyyətdir. İnsan öz məsuliyyətini dərk edəndə və onun üzərindən fəaliyyət göstərəndə azad olur. Azadlıq anarxiya deyil. Mən istərdim ki, insanlar azadlığı konsepsiya kimi anlasınlar.
Məsuliyyəti olan insan o məsuliyyət daxilində öz azadlığını qurur. Bu həm də insanın daxili dünyası ilə bağlı məsələdir. İnsanın daxili dünyası nə qədər zəngin olarsa, bir o qədər azad olacaq”.

Psixoloq qeyd edir ki, insan var həbsxanadadır, azadlıqda olan insan onun durumuna həsəd aparır:

“Çünki,  o, həbsxanada olmasına baxmayaraq azaddır. İnsanın içində məqsədi olmalıdır.
Azadlıq birbaşa mənəviyyatla bağlıdır. İnsan var azadlıqdadır, maddi baxımdan hər bir şeylə təmin olunub, amma azad deyil. Ona görə anlayışın özünə aydınlıq gətirilməlidir ki, bu nədir və insanlar bunu necə anlayırlar.

Azadlıq özü mücərrəd anlayışdır. Tarixən buna daha çox ekzistensialistlər  yer ayırmışdı. XX əsrdə bu mövzu çox dartışdırıldı . Hegel, Spinoza, Nitşe bu məsələlərə yer ayırmışdılar. Bu mövzuya daha çox yer ayıran Jan Pol Satrt idi. Bu mütəfəkkir o qədər azadlıq aşiqi idi ki, hətta Nobel mükafatından da imtina etmişdi.

Biz qlobal dünyada yaşayırıq. Azadlıq üçün bir limit oxdur. Kim nə istəyir deyir, kim nə istəyir yazır, kim hara istəyir gedir.

Bu gün sərhədlər yoxdur, informasiya, internet əsrində yaşayırıq. Sizin nəsə deməyinizə nə mane ola bilər ki? Bu gün azadlığın parametrləri də fərqlidir. Danimarkalı mütəfəkkirin bir fikri var. Deyir: “İnsanlar axmaqdırlar. Onlara düşünmək azadlığı verilib, onlarsa söz azadlığı istəyirlər”.

Ona görə hər kəs düşünməkdə azaddır. İnsanlar mövcud azadlıqlarından istifadə etsələr yaxşı yaşayacaqlar. Hər bir dövlət əgər müqayisə aparsaq, inkişaf etmiş ölkələrdən tutmuş, inikişaf etməmiş ölkələrə qədər, azadlıq həmin dövlətin parametlərilə müəyyən qədər sərhədlənir”.

 

E.Rüstəmov bildirib ki, insan azadlığının uzunömürlülüyə müəyyən təsirləri var:

“Əslində deyirlər ki, təbiətlə ünsiyyətdə olan, kənd yerində yaşayan insanlar daha çox uzunömürlü olurlar. Bu faktdır. Amma həmin mühitdə yaşayan insanın həyata baxışı ilə hər hansı müəssisə rəhbərinin həyata baxışı eyni deyil. Çünki onların məsuliyyətləri də fərqlidir. Azadlıq hansısa formada insanın həyatına təsir göstərə bilər. İnsan instiktiv olaraq tənbəl bir məxluqdur. Əgər insanı məcbur eləməsən, o işləmək istəməz. Məsələn, jurnalistə gündəlik plan verilməsə, inanmıram ki, o yazmaq istəsin. Yox jurnalist desə ki, mən azadam, ayda iki dəfə qəşəng mövzu verəcəm, yenə də axırıncı günü gözləyəcək ki, rəhbərlik həmin yazını ondan tələb etsin. Real yanaşsaq, məcburiyyət insanın potensialını ortaya qoymağa kömək edir.

İş görüləndən sonra deyirik ki, nə yaxşı məni məcbur elədilər, yoxsa bu işi ortaya qoya bilməzdim. Bu baxımdan insan azadlığı hər mənada insana təsirsiz ötüşmür”.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü