Modern.az

Yaradılış elmə ZİDDİR

Yaradılış elmə ZİDDİR

28 Dekabr 2016, 10:49

Modern.az saytının elmi mövzuda silsilə yazıları davam edir. Bu dəfə yaradılış anlayışı və onun elmlə nə qədər uyğun olub-olmaması haqqında bəhs edəcəyik.

 

İnsanların müəyyən bir mövzu haqqında çoxluq olaraq bir istiqamətdə düşünməsi, o istiqamətin doğru olduğu mənasını verməz. Çünki bir iddianın düzgünlük dəyəri, elmi olaraq test edilməli və nəticələndirilməlidir. Qaranlıq dövrlərdə və hətta sonra insanların çox böyük bir qismi planetimizin düz olduğuna, Günəşin Yer planetinin ətrafında fırlandığına, canlıların bir-birindən müstəqil olaraq yaradıldığına və daha neçə belə gerçək olmayan düşüncələrə inanmışdılar.

 

Ancaq elmin işığı sayəsində bunların hamısının səhv olduğu göstərilib. Yəni insanların hamısı bir iddianı doğru qəbul etsə də, elm o iddianı doğrulamadığı təqdirdə, iddianın heç bir həqiqət ya da düzgünlük dəyəri yoxdur. 

 

Təkamül nəzəriyyəsinə qarşı çıxanlar hər zaman bu arqument arxasına saxlanırlar: "Təkamül, hər şeyin təsadüfən var olduğunu iddia edir."

 

Əslində nə elm, nə də təkamül nəzəriyyəsi hər hansı bir şeyin "təsadüf əsəri" olduğunu iddia edir.

Bunu izah etməyin ən sadə yolu budur: bir topu sərbəst buraxdığımız zaman yerə düşməsinin səbəbi nə qədər təsadüfidirsə, təkamül prosesi də o qədər təsadüfdür. Təbii gerçəkləri təsadüf olaraq adlandırmaq başdan bir qarışıqlıq yaradır.

Bu məntiqə görə hər hansı bir təbii qanun təsadüf olaraq göstərilə bilər. Halbuki təbiət qanunlarının nəticələrinə təsadüf yanaşmasını gətirmək çox səhvdir.

 

Təbiət qanunları kainatın toxuması dəyişmədiyi müddətcə eyni qaydaları diktə edən fiziki, kimyəvi və bioloji faktlar bütünüdür. Əlbəttə ki, eynilə topun yerə düşməsinə nəzarət edən bir şüur olmadığı kimi, təkamülləşən canlılara da nəzarət edən bir şüur yoxdur. İki vəziyyətdə də var olan tək şey, hər daima eyni şəkildə təsir edən təbiət qanunları və bunlara bağlı olan proseslərdir.

 

Canlıların elmi təsnifatı: xromosom strukturları, zülal strukturları, anatomik və fizioloji xüsusiyyətləri kimi bütün xüsusiyyətlərinə görə təsnif edilib. Aləmdən növə doğru irəlilədikcə ortaq xüsusiyyətləri artır.

 

Gəlin canlıların yaradıldığını hesab edək. Məsələn indiyə qədər adını eşitdiyiniz hər hansısa bir Tanrı tərəfindən yaradıldığını düşünək. Müxtəlif inancların yaradılış hekayəsindəki yaradanın adı vacib deyil -sadəcə ümumiləşdirib buna Tanrı deyək.

 

Tanrı “bəzi növləri bir-birindən çox fərqli xüsusiyyətlərdə yaratdım, bəzi növləri isə az qala eyni xüsusiyyətlərdə yaratdım” deyirmi?

Tanrıya “canlı növlərini hansı səbəbə görə fərqli yaratdın?” sualı doğru bir sual deyil. Çünki canlıların bir-birindən fərqli xüsusiyyətlərə sahib olma səbəblərini araşdırmağa başladığımız zaman,Tanrının bu şəkildə istədiyi nəticəsinə deyil, ətraf şərtlərinin bu xüsusiyyətləri tələb etdiyi nəticəsinə çatarıq. Bu nəticə bizi yaradılışa deyil, təbii seçmə və genetik hərəkət kimi təkamülün dayaq nöqtələrinə aparır.

 

İddia olunan bir anda reallaşan yaradılışa görə biz səbəb yerinə məqsəddən danışmalıyıq. Çünki Tanrı əgər bir canlı növünü bir anda yaradırsa, Tanrının bir məqsədi var. “Canlı növləri hansı məqsədlərə görə fərqli yaradılıb” sualının qəribəliyi isə dərhal sezilir. Məsələn, Tanrının yalnız sinifləri eyni olan iki növü fərqli xüsusiyyətlərdə yaradarkən, həm sinfi, həm də dəstəsi eyni olan iki növü daha az fərqli xüsusiyyətdə yaratmağında məqsədi nə idi?

 

Biz bilirik ki, canlıların iki məqsədi vardır: həyatda qalmaq və çoxalmaq. Əgər canlı yaşadığı mühitdə həyatda qala bilirsə, həyatda qalmağı bacardıqdan sonra isə daha rahat yaşamağı təmin edəcək. “O zaman Tanrının canlıları fərqli xüsusiyyətlərdə yaratmasındakı məqsədi, onların yaşadıqları ətraf mühitə adaptasiya olub həyatda qalmasını təmin etməkdirmi” sualını verə bilərik. Lakin artıq bu məqsəd yox, səbəb olacaq. Və bu səbəb sizə yəqin ki, bir yerdən tanış gəlir. Bu da TƏKAMÜLDÜR.

 

Bu vəziyyətdə qarşımızda iki variant yaranır;

 

1)Tanrı canlıları olduqları mühitdə daha rahat yaşasınlar deyə yaşadıqları həmin mühitə uyğun xüsusiyyətlərdə yaratdı.

 

2) Canlılar olduqları mühitdə həyatda qalıb və nəsillərini davam etdirə bilməsi üçün məcburi olaraq xüsusiyyətlərini mühitə uyğun hala gətirdilər. Bu iki variantdan hansı sizə daha məntiqli gəlir?

 

Tanrının növləri müəyyən bir müddət içərisində yavaş-yavaş yaratdığını demək, Tanrının tanrısal xüsusiyyətlərdə olmayıb bir insan kimi məhdud gücdə olduğunu qəbul etmək mənasına gəlir. Yaratma üsulunu "ol dedi oldu" şəklində seçməyimiz şərtdir. Yaxşı bəs bu vəziyyətdə nəsli tükənmiş növlər necə olacaq? Bu mövzuda iki variant ağla gəlir;

 

1) Tanrı dünyada mühitə uyğunlaşa bilməyən növlərin kökünü bir anda kəsdi.

2) Tanrı mühitə uyğunlaşa bilməyən növlərin zamanla soyunun tükənməsinə göz yumdu.

 

Birinci variantı qəbul etdiyimiz zaman Tanrının dünyanı oyuncağa çevirdiyini qəbul etmiş olarıq. Belə ki, bir canlı növünü dünyanın hər hansı bir yerində bir anda ortaya çıxarır, sonra bu canlı növü ətraf şərtlərinə uyğunlaşa bilmədiyinə görə yenə onun kökünü bir anda dünyadan kəsir. Bunun elmə nə qədər tərs olduğunu deməyə ehtiyac yoxdur.

 

Variantlardan ikincisini qəbul etdiyimiz zaman isə Tanrının bir canlı növünü yaradarkən onu əslində mühitə uyğun xüsusiyyətlərdə yaratmadığı nəticəsinə çatarıq. Uyğun xüsusiyyətlərdə yaratmadı və nəsli tükənmək təhlükəsi ilə qarşı-qarşıya gəldikdə isə bu canlının kökünü yer üzündən sildi. Və uzun illər sonra yer üzündəki canlı növləri azaldığına görə canlı aləmə yeni canlı növləri əlavə etmək ehtiyacı hiss etdi.

 

Yaxşı bəs niyə yalnızca yeni növlərin ortaya çıxması zamanı “Tanrı yaratdı” deyilir? Növlərin nəsli tükəndiyi zaman isə “Tanrı bu növləri yer üzündən sildi” deyilmir?

Canlı növlərinin yox olmasında ətraf mühitə kifayət qədər adaptasiya ola bilməmək məntiqli bir səbəb olaraq qəbul edilir. Bəs yeni növlərin ortaya çıxmasında səbəb köhnə növlərin ətraf şərtlərinə uyğun olaraq yüz minlərlə, hətta milyonlarla il ərzində yeni növlərə çevrilməsi məntiqli bir səbəb olaraq qəbul edilmir? Fikir verin!

Təkamülün fosil kimi elmi sübutlarına girməyə ehtiyac hiss etmədən belə yaradılış tezisi tam məntiqlə çürüdüləcək vəziyyətdədir.

 

Taryel ABDULLAYEV

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü