Modern.az

Tanrı dinlərdəki kimi deyil – MƏNTİQİ MÜHAKİMƏLƏR

Tanrı dinlərdəki kimi deyil – MƏNTİQİ MÜHAKİMƏLƏR

Mədəni̇yyət

27 İyul 2017, 09:55

Müəyyən dövrlərdə yaşamış və məhv olmuş xalqlarla yanaşı günümüzə qədər sağ qalmağı və varlığını sürdürməyi bacaran xalqların da şahidi oluruq. Bütün bu xalqların hər birinin tarixinə nəzər salsaq, onların din, dil və mədəniyyətində olan islahatların şahidi olarıq. Yaxşı bəs bu islahatlara səbəb nə idi? 

 

Şüur və zəkanın irəliyə doğru təkamül etməsi ola bilərmi? Keçmişdən qalma dəyərlərin doqmaların yıxılması məhv olması yenilərin yaranmasını labüd edirdi. Niyə də olmasın?! Məgər 300 il öncəyə qədər insanlar kosmos haqqında nəyi dəqiq bilirdilər ki?! 

 

Son 50 ildə texnologiyada sürətlə inqilab baş verdi. Bu özü də bir başa zəkamızın müəyyən olunan bir həddi keçdikdən sonra sürətli bir şəkildə təkmilləşməsinə sübut deyilmi?!  Bu özü bir təkamül deyilmi? 

 

Bəs yaxşı biz müxtəlif xalqların inanclarına baxsaq hər şeyin politeizmdən monoteizmə doğru şüur və təfəkkür inqilabı üzündən təkmilləşməsinə şahid olmuruqmu?! Əlbəttə şahidi oluruq.

İnanclar və dinlər zamanla insanlar tərəfindən təkmilləşdirilib. Bu gün isə burda mən dindar bir kütlənin inandığı inancları müqayisə və ya tənqid edəyəcəm. Daha çox bəlli bir Tanrı anlayışını müdafiə edən teist baxış sərgiləyənlərin Tanrın varlığına dair gətirdiyi arqumentlərin mühakiməsi aparılacaq.

Daha sonra isə “bir Tanrı varsa nəyə əsasən var” iddiasına aid məntiqi arqumentlər və eyni zamanda “bir Tanrı yoxdur çünki olması özlüyündə ziddiyyətdir” iddiasına dair fikir bildirməyə çalışacağam.  

 

Öncə Tanrının var olması ilə bağlı gətirilən bir çox arqumentləri nəzərdən keçirmək lazımdır. Məsələn teizm deyir ki, hər şeyi yaradan fövqəlbəşər gücə sahib olan bir Tanrı kainatın fövqündə durub və hər şeyi o idarə edir. Hər şey onun iradəsindən aslıdır. O hər şeyi bilir və hər şeyi də görür. Qüdrətli mərhəmətli və ədalətlidir.Teizmin izah etdiyi Tanrı anlayışı sanki bir üst insan modelidir. Tanrıya o qədər kimlik və xarakter yüklənir ki, onu artıq bəlli bir varlıq halına gətirirlər. Sonra isə bu Tanrının hər zaman əzəli və əbədi olduğunu müdafiə edirlər. Bəs yaxşı insanlar niyə “mütləq bir Tanrı olmalıdır” fikrini mühafizəkarlıq edərək müdafiə edirlər?  Bu özü də cavablanması üçün geniş bir kontekstdən analitik yanaşma tələb edir.

Noah Yuval Harrari özünün "Bəşəriyyətin ən qısa tarixi" adlı kitabında yazır ki, insan doğulanda peçdə ərimiş şüşə kimi olur və ona istənilən formanı vermək olar. Bu isə elə ortada olan durumu açıqlamaq üçün yetərli sayılır. İnsan doğulduğu andan bir müddət sonra onun milliyyəti, dini ,əxlaqı, süni adı və təməlləndirilməsi təməlsiz olan "həqiqət " simvolu əks etdirən doqmatik dəyərləri olur. Ən dəhşətlisi odur ki, yazıq insan özü bunu seçmir. Biz dünyaya gəldiyimiz andan etibarən bizi bu cür lazımsız doqmalarla şüurumuzu və psixologiyamızı zəhərləyirlər. Valideynlərimizi qınamalı deyilik.

Çünki onlar da elə bizimlə eyni taleyi yaşayıblar. İnsan doğulduğu andan onun mövcud olduğu coğrafi bölgəyə görə formalaşması, onun yaşadığı yerin dilini, dinini, adət-ənənəsini qəbul etməsi və ömrünün sonunadək bu doqmalarla yaşayaraq onu gələcəkdə öz övladına miras qoyması burada öz əksini tapır.

 

Bu özü də canlı növü olan insanın mühitə uyğunlaşması, adaptasiya olması demək deyilmi?! Bu özü də təkamülə sübutdur. İnsan hansı ölkədə doğularsa o ölkənin inancına sahib olur. Bura qədəri düşünürəm ki, aydındır. İndi isə insanların “bir Tanrı mütləq var” iddiasının analizini çoxistiqamətli prizmadan analiz edək.

Uşaq vaxtı hələ şüurun özünü dərk etməsi mərhələsindən etibarən yetkinlik yaşına çatana qədər zəkamız, məntiqimiz səbəb və nəticə əlaqəsi quraraq formalaşır.

 

İlk vaxtlarda valideynlərimiz bizi təlim-tərbiyə edərkən bizə müəyyən edilmiş qaydada qadağalar tətbiq edirdi. Bu qadağalar birinci dəfə demək olar ki, işə yaramırdı. Çünki uşaq ikən saf bir beynimiz olduğu üçün orda çevrəmizdə yaxşı pis və ya təhlükəli və təhlükəsiz kimi anlayışlarla bağlı heç bir təcrübədən keçirilmiş test yox idi.

 

Ona görə də bu qadağalara baxmayaraq yenə də qadağan olunanı edirdik. Təbii ki, valideynlərimiz də bizi buna görə məzəmmət və ya töhmət edərdi.Belə olduğu təqdirdə isə biz artıq ilk təcrübəni qazanmış olurduq. İlk səbəb-nəticə əlaqəsini qura bilmək üçün artıq beyində onu düşünməyə sövq edən bir duyğu və hiss yaranırdı. Yetkinlik yaşına qədər səbəb-nəticə əlaqəsi ilə çevrəmizi idrak edməyə başlayırıq.  Sonda şüurumuz formalaşdıqda bilgisizlik və bilgisizlikdən doğan cəhalət üzərimizə çökür.

 

Bertrand Russell din haqqında olan fəlsəfi düşüncələrini belə ifadə edir : "İnsanlarda din ehtiyacını yaradan hər şeydən öncə qorxudur. İnsan özünü gücsüz hiss edər. Onu qorxudan bir neçə şey var. Məsələn təbiətin ona vura biləcəyi bir şey. Onu ildırım vura bilər və ya qəzaya düşə bilər hansısa bir zəlzələdən məhv olub gedə bilər.  

Digər bir tərəfdən başqa insanların ona edə biləcəyi şey - deyək ki, birisi tərəfindən öldürülə bilər. Bir də insanın ehtiraslarının ona etdirə biləcəyi şey - hansı ki durğunluq zamanı etdiyi şeylərdən peşmançılıq hissi yaşaması və bu durumun psixoloji cəhətdən insan üzərində təzyiqin çox olması. Buna görə də bir çox insan qorxu içində yaşayır və din də onları asanlıqla bu qorxu vasitəsilə öz təsiri altına sala bilər".

Bu analizdən razı qalmayanlar üçün isə növbəti analitik yanaşma edək.

Uşaq vaxtından şüurumuzun özünü tapmaq istəyi baş qaldırana qədər olan prosesdə məntiqimizin daima səbəb-nəticə əlaqəsini quraraq hər şeyi idrak etməsi, onu yaşamın məqsədi və ən təməl kökdə duran bütün proseslərin qaynaqlandığı nöqtəyə qədər sürüklənməsinə gətirib çıxarır. İnsan zəkası sonsuzluğu qavraya bilmədiyi üçün sonsuzluq anlayışından qurtulmağa çalışır. Bu sonsuzluq anlayışından qurtulmağa çalışan şey isə bizim həyata məna qatmağa çalışan və özünün kim olduğunu, nə üçün var olduğunu bilmək istəyən xarakterimizi formalaşdıran mənliyimizdir.

Bu mənlik eqodur. Hər şeyi yaradan son bir nöqtə, təməl zəka, vahid yaradıcı iddiası onun səbəb və nəticə ilə qurduğu məntiqin dirəndiyi son nöqtə olur.

Sonsuzluğu qavraya bilməyən məntiq və ağıl bəlli bir sonluq uydurmağa və özünü ona özünü inandırmağa çalışır. Bütün bu hisslərə səbəb isə bilgisizliyin verdiyi cəhalət və cəhalətin verdiyi qorxudur.

 

“Nəsimi” filmində Nəsimi Əmir Teymurun önündə deyir: "Vaxt gələcək insan bütün varlığın sirrindən agah olacaq.O gündən sonra isə insan kamil insan olaraq heç nədən qorxmayacaq".

 

Bu elə əsas verir ki, inancların kökündə əslində onun hansı ehtiyac və ya səbəbdən dolayı yarandığını başa düşə bilək. Bütün inancların kökündə insanın bilgisizliyi və cəhalətindən yaranan qorxusu dayanır. Bilən insan isə qorxmur, çünki bilir. Səbəb və nəticə əlaqəsindən yola çıxaraq öz məntiqini bu yöndə istiqamətləndirən insanlar isə mütləq bir yaradıcının olmasını sübut etməyə çalışırlar. Bu durumda ona qarşı gətirilən istənilən arqument onun məntiqi tərəfindən rədd ediləcək.

Çünki o, artıq inanmağı seçib. Bu yerdə isə məlum olur ki, din və bəlli bir Tanrı anlayışı mənasızlıq içərisində məna axtarıb tapa bilməyən şəxslərin acizliyinin ifadə etmə formasıdır. Bu yerdə ediləcək heç bir şey yoxdur. Çünki inanmağı seçən bir insan yuxarıda izah etdiyim vəziyyətlərdən dolayı dinin təsirinə daha tez düşə bilər.


Yuxarıda izahlardan sonra sizin beyninizdə sual yaranacaq ki,bəs yaxşı bu kainat, bu qədər növlər özlüyündən necə yarana bilər ? Tanrı yoxdursa o zaman varlığı kim yaratdı? Tanrın olmadığı bir durumda bu qədər həssas nizamın var olmasını nəyə dayanaraq açıqlamaq olar ?

Bu sualların verilməsi çox normaldır. Gəlin indi bu suallar ətrafında bütün düşüncə sərhədlərimizi zorlayan bir nöqtədən yanaşaq. Biz elmin gətirdiyi açıqlamalarla bilirik ki kainatımız 13.7 milyard il öncə tək bir nöqtədə cəmlənmiş halda idi. Kainatımızı meydana gətirən səbəb - qeyri-müəyyənlikdən meydana gələn və termodinamikanın birinci qanunu pozmadan əvvəl axır baş verməli olan bir simmetriya qırılması reallaşmalı idi. Həmin bu simmetriya qırılmasına kvant fluktasiyaları deyilir.Kvant fluktasiyasının kainatımızın yaranışını tətikləyən bir vasitə olması onun "Böyük partlayış"la genişlənməsinə səbəb ola bilər.

 

Hal-hazırda kainatımız işıq sürəti ilə genişlənir və 93 milyard işıq ili genişliyindədir. Durmadan genişlənən bir kainatın isə radiasiya üzündən yox olması qaçılmazdır. Ən az ehtimal olaraq isə "Big Freeze" yəni "Böyük donma" baş verə bilər. Bu isə o deməkdir ki, kainat radiasiyaya baxmadan sonsuza qədər genişlənə bilər və bunun nəticəsində bütün planetlər ulduzlardan aralanıb dona bilər. Kainatımız ölü bir məzarlığa çevrilə bilər. Digər ehtimal olunan nəzəriyyə isə "Big Crunch" yəni "Böyük çöküş" ola bilər. Bu isə müəyyən bir zamana qədər genişlənən kainatın durması və sonra geriyə doğru içinə çökməsi, tək bir nöqtə olana qədər yığılması kimi izah olunur. Ancaq mövzudan uzaqlaşmamaq üçün bütün bu varlığın əvvəl-axır bir simmetriya qırılması ilə ortaya çıxmasının mümkünlüyünü sizə izah etmək istəyirəm. Təbiətdə əvvəl axır hansısa canlı növündə şüur ali səviyyəyə çatmalı idi.

 

Çünki bütün canlılarda şüur mövcuddur. Bu mütləq ki, hansısa növdə baş verəcəkdi. Amma bizdə yəni primatkimilərdə baş verdi. Biz seçilmədik. Sadəcə Homo sapiens daha sağlam çıxdı. Zərurət idi ki, kvant vakuum sahəsində 10 üstü 80 və daha çox ehtimalla belə əvvəl axır bir simmetriya qırılması reallaşsın. Və o simmetrik qırılma əvvəl-axır xaotik və nizamlı bir kainatın təməlini atsın. Bu isə o deməkdir simmetriya qırılmaları tək olmayıb, daha çox olub. Sadəcə lazım olan ideallıq bizim kainatımızın yarandığı simmetrik qırılma olaraq sayıla bilər. Bu kainatda isə yenə də zərurət idiki 10 üstü 80 dən çox böyük bir ehtimalla hansısa bir planetdə yaşam meydana gəlsin. Bu yaşamda isə zərurət idi ki, əvvəl-axır hansısa canlı növü şüurda təkamül etsin.

 

Sanki vakuum sahəsi milyardlarla uğursuz testlərdən sonra özünü bir insan bədənində və zəkasında tamamlaya bilib. Bunun qədrini bilmək lazımdır. Sizin üçün yaşamın bir mənası olmaya bilər. Amma bizi bu qədər böyük bir ehtimalla zərurətdən meydana gətirən enerji üçün bu, bəlkə də ən ali məqsəd idi.

 

Biz təsadüf dediyimiz zərurilikdən yarandıq və formalaşdıq. İndi buna Tanrı anlayışı yükləmək istəyirsinizsə yükləyin.

 

Buna mən də Tanrı deyirəm. Ancaq bu Tanrı fövqəlbəşər gücü və qüdrəti olan sonsuz rəhmi və mərhəməti olan kitab yollayan qiyamət günün sahibi olacaq bir Tanrı deyil. Yanaşmalarımızı doğru qiymətləndirəcəyinizə ümid edirəm.

Gəlin indi də Tanrı anlayışında olan ziddiyyətləri analiz edək. Tanrı teizmdə sonsuz gücü və qüdrəti olan, hər şeyi bilən və hər şeyi görən, ən ədalətli, ən rəhmli və mərhəmətlidir. Bu yerdə biz öncəliklə Tanrı sözünün ilkin siması olan yaradıcı mövqeyini analiz edək. Bir Tanrı niyə görə yaradır? Tanrı axı ehtiyacsızdır. Ehtiyacsız bir Tanrının nəsə yaratması özü bir ziddiyyətdir. Tanrı ehtiyacdan yaratmırsa bunu başqa nəylə izah etmək olar? Biz Tanrıdan gələn bir zəka, ondan gələn mərhəmət və sevgi, onun verdiyi ağılla hərəkət ediriksə, bizi o öz simasında yaradıbsa,bu özü birbaşa məntiqi olaraq əsaslanmağa səbəb verir.

 

Yəni biz nəsə edərkən bunu hansısa bir ehtiyacdan və səbəbdən dolayı edirik. Tanrı ehtiyacdan deyil hansısa səbəbdən dolayı yaradırsa, bu yaradılışa imtahan adı veririksə bu yenə də hər şeyi bilən və hər şeyi görən Tanrı anlayışına birbaşa ziddir.

Fərz edin ki, mən hər şeyi bilirəm və hər şeyi görürəm. Bir canlı yaradıram və hər şeyi bilib gördüyüm üçün məlumdur ki, hər şey nəzarətimdədir. Belə olan halda, hər şeyi bilib və hər şeyi görərək nəyə görə boş və mənasız yerə imtahan dünyası qurub yaradım ki?

Bunu etməyim belə mənasız deyilmi? Tanrı əgər bu işlə məşğuldursa o həqiqətən də ölümsüz olduğu üçün canı sıxılır və belə boş mənasız sonunu bildiyi bir imtahan qurub yaradıb.

İmtahanın olmasına səbəb yaradılanın necə bir potensialda olub-olmamasını bilməməkdən və şübhədə olmaqdan irəli gəlir.

 

Əminlik üçün yoxlanış və testə ehtiyac duyursan. Tanrı əgər buna ehtiyac duyursa, ehtiyacsız Tanrı anlayışı ilə birbaşa hər şeyi bilən və hər şeyi görən Tanrı anlayışı özlüyündə ziddiyyət doğrur. Heç nə yaratmayan bir Tanrı isə Tanrı deyil. Belə olan halda biz Tanrı və Yaradıcı sözlərinin özlüyündə bir-birinə qarşı ziddiyyət doğurduğuna bir daha şahid oluruq.

Sonsuz gücü və qüdrəti olan bir Tanrının mərhəmətli, rəhmli və ədalətli olması onun pisliklər qarşısında hərəkətsiz qalması ilə yenə də ziddiyyət içərisindədir.

 

Bu halda qədim yunan filosofu Epikür deyirdi: "Tanrı şər qüvvələrin qarşısını almaq istəyir, lakin ala bilmir ? Onda o qüdrətli deyil. O bunu bacarır lakin etmək istəmir? Onda o bədxahdır. O bunu həm bacarır həm də etmək istəyir? O zaman bu şər qüvvələr hardan gəlir? O bunu həm bacarmır həm də etmək istəyir? O zaman o Tanrı deyil".

Sonsuz gücü və hər şeyə gücü qüdrəti yətən Tanrı özünü tamamilə yox edərək varlıq sahəsində məhv olaraq itə bilərmi? Axı  inanclıların məntiqi ilə sonsuz bir qüdrətə sahibdir. Bəs şərin qarşısını  almağı bacarmırsa ona necə sonsuz qüdrətə sahib bir Tanrı deyə bilərik?

 

Bir Tanrı qüsurlu ola bilərmi? Qüsursuz və hər şeyə gücü yetən bir Tanrının qüsurlu ola bilməməsi yenə də onun qüdrət və gücünü sərhədləyir.Yox qüsurlu ola bilirsə o zaman o yenə də Tanrı olmur.

İstənilən bir halda teizmin Tanrısı məntiq qanunları içərisində bu qədər potensial yoxluğa məhkumdur. Ona görə də əminliklə elə bir Tanrının insanın xəyali təxəyyülün məhsulu olduğunu deyə bilərik...

 

Qubad MUXTARLI 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü