Modern.az

Aşıq Ədalətin çəkildiyi və saz çaldığı filmlər - “Çal, aşıq, komsomolun canı...”

Aşıq Ədalətin çəkildiyi və saz çaldığı filmlər - “Çal, aşıq, komsomolun canı...”

20 Sentyabr 2017, 23:26

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi,  əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ədalət Nəsibov ötən həftə 78 yaşında dünyasını dəyişdi.

El sənətkarı vəsiyyətinə uyğun olaraq, ata-baba yurdu Qazaxda dəfn olundu.

 

Qeyd edək ki, “Ruhani”, “Yanıq Kərəm”, “”Qaraçı”, “Naxçıvani”, “Ürfani”, “Divani” və s. kimi xeyli sayda saz havalarının möhtəşəm ifaçısı olan Aşıq Ədalət nəinki Azərbaycanda, eləcə də bütün türk dünyasında sevilir.

 

Aşıq Ədalət sağlığında bir çox ölkələrdə Azərbaycanı layiqincə təmsil edib. Amma təəssüf ki, bizim kinomatoqrafiya qeyri-adi ifası olan bu virtuoz  sənətkardan lazımınca bəhrələnə bilmədi. Amma Ədalətin sazı istər tarixi, istərsə də milli ruhumuzun əksi olan filmlərimizə əlavə rəng qatardı. Amma inanırıq ki, bundan sonra çəkiləcək və peşəkarlığına görə daha da seçiləcək filmlərdə ustad aşığın lent yazılarından istifadə ediləcək.

 

Amma bu o demək deyil ki, Aşıq Ədalət heç bir rejissorun yadına düşmədi. Aşıq Ədaləti elə böyük ekrandakı ilk addımlarından biri də kino ilə bağlıdır. Rejissor Tofiq Tağızadə 1970-ci ildə çəkdiyi “Yeddi oğul istərəm” filmində Gəray bərin Cəlalı öldürdüyü səhnəsində Aşıq Ədalətə və onun saz ifasına ayrıca yer verdi. Bu epizod sonradan filmin ən maraqlı kadrlarından birinə çevrildi. Hətta filmə baxan tamaşaçılar bihudə yerə olsa da, Aşıq Ədaləti qınayırmışlar. Ona “cavan bir oğlan güllələndiyi yerdə sən necə saz çala bildin?” sualı tez-tez verilirdi. Amma Gəray bəyin “çal, aşıq, çal! Komsomolun canı it canıymış” əmri ilə ifa edən Aşıq Ədalət kifayət qədər səmimi insan olduğundan onlara bütün filmin mətbəxini açıb-tökürmüş. Sən demə, filmin ssenarisinə uyğun olaraq, aşıq sazla ifa edir, bu zaman Gəray bəy sonuncu öldürücü gülləni ona çaxandan sonra aşıq çox pərt olur və sazını qayaya çırparaq sındırır. Aşıq Ədalətə obrazın məhz bu xüsusiyyəti zövq verdiyindən çəkilişə razı olmuşdu. Moskva isə aşığın sazı sındırması səhnəsini filmdən kəsmişdi....

 

Aşıq Ədalətin bu ifası həm onu, həm də “Yanıq Kərəm” saz havasını daha da sevdirdi. Bundan sonra bir neçə yarı bədii, yarı sənədli, bioqrafik filmlərə dəvət aldı.

Onların arasında təəssüf ki, ekranlarda demək olar ki, nümayiş etdirilməyən “Aşıq Ələsgər” filmi də var.  Film “Yeddi oğul istərəm”dən cəmi 2 il sonra-1972-ci ildə çəkilib. Böyük el sənətkarı, irfan aşığı Aşıq Ələsgərin anadan olmasının 150 illiyinə həsr edilib. Film bütöv xarakterə malik, barışmaz, kökləri xalqa möhkəm bağlı, vətənini qızğın məhəbbətlə sevən, öz qoşmaları və telli sazı ilə onu tərənnüm edən el aşığı Ələsgərə ithafən lentə alınıb. Filmdə doğma təbiətdə aşıq Ələsgərin poeziyası bir-birini tamamlayır. Müəlliflər sənətkarın zəngin yaradıcılığına müraciət edirlər. Onlar burada eyni zamanda söz sənətindən, yaradıcılıq və sənətkarlıq məsələlərindən danışmış, folklor ədəbiyyatı tariximizi vərəqləyir, "Dədə Qorqud" dan başlayaraq, bugünki aşıq yaradıcılığına qədər olan dövrdən bəhs edirlər. Nə yaxşı ki, Aşıq Ələsgərə aid bütün saz ifalarını məhz Aşıq Ədalətə həvalə edirlər. Ədalətin ifası Aşıq Ələsgəri sanki yenidən canlandırır.

 

1992-ci ildə çəkilən daha bir bioqrafik “Prima” filmində Aşıq Ədalət kadrlarda yer alır. Bədii elementlərlə zəngin olan film məşhur rəqqasə Əminə Dilbaziyə həsr olunub. Tofiq İsmayılovun çəkdiyi filmdə Aşıq Ədalət “Ruhani” havası ifa edir. Artıq yaşlaşmış Əminə xanım da kadrlarda görünür və bu gözəl ifaya, gözəl aşıq havasına nəvəsi ilə birlikdə rəqs edir. Aşıq Ədalətin “Ruhani” ifası məhz bu filmdə zirvə nöqtəsinə çatır.

Aşıq Ədalətin sonuncu ekran işi isə ustad aşıq Aşıq Əli Quliyevə həsr olunan “Tanrı payım,  telli sazım” sənədli filmidir. Burada o kadrlarda görünmür, lakin kadrarxası bütün möhtəşəm ifalar ona məxsusdur.

 

Bu mövzudan danışarkən bir filmi mütləq qeyd etməliyik. Bu, 1971-ci ildə çəkilən “Ədalət” filmidir. Adından da göründüyü kimi ustad aşığın özünə ithaf olunub. O zaman hələ Ədalət Nəsibov cavan idi. “Yeddi oğul istərəm”dən cəmi bir il keçmişdi. Amma Nazim Abbasın çəkdiyi sənədli filmin əsas özəlliyi odur ki, burada təkcə Ədalət yox, onun timsalında bütün el və onun saflığı tərənnüm olunur. Filmin süjet xəttini aşığın həyat və yaradıcılığı təşkil etmir. Burada qəhrəman elin və təbiətin saflığıdır.

 

N.Nihad

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...