Modern.az

Azərbaycan Seyidləri - Xok seyid ocağının nümayəndəsi - Miryaqub Miryusif oğlu

Azərbaycan Seyidləri - Xok seyid ocağının nümayəndəsi - Miryaqub Miryusif oğlu

Mədəni̇yyət

29 Yanvar 2018, 11:53

II YAZI

"Seyid" sözünün ərəb dilindən tərcüməsi "ağa" deməkdir. Ümumiyyətlə, ərəb dilində bu söz ehtiram əlaməti olaraq işlədilir. İslam dinində əsl seyidlər Həzrəti Məhəmməd Peyğəmbərin (s) nəslindən olanlar sayılırlar. Məhəmməd Peyğəmbərin (s) nəsli yalnız qızı Fatimənin (ə) İmam Əli (ə) ilə izdivacından doğulmuş Həsən (ə), Hüseyn (ə) vasitəsilə davam edib. Bu gün də dünyanın müxtəlif ölkələrində yüzlərlə seyid yaşayır. İslam dinində seyidlərə ehtiram göstərmək çox təkid olunur. Məclislərdə seyidləri yuxarı başda əyləşdirmək, onun qulluğunda durmaq ənənəyə çevrilib. 
         
Tarixən Azərbaycanın müxtəlif rayonlarında da seyidlər yaşayıb və elə indi də yaşayır. Onlardan bəziləri yaşadıqları bölgələrdə kifayət qədər tanınımış, yüksək hörmət-izzət sahib olublar.


İslamın bütün məzhəblərinin qəbul etdiyi inanca görə, Qiyamətdən öncə Yer üzünə gələcək və ədaləti bərpa edəcək şəxs - şiələrin 12-ci imam saydıqları Həzrəti Mehdi - məhz Məhmməd  Peyğəmbərin (s.) soyundan, yəni seyidlərdən olacaq. Belə bir zühuru təkallahlığı qəbul edən digər dinlər də gözlədiyindən xristian və yəhudilər də seyidlik mövzusunu, xüsusən də seyidlərin yayıldığı coğrafiyanı dərindən öyrənməyə çalışır.

 

Araşdırma materiallarına görə, Azərbaycanda Məhəmməd Peyğəmbərin (s.) on iki imamın soy-kökünə, qan damarlarına bağlı olan bir neçə nəsil şəcərəsi var. Bu nəsillər imam nəslinə bağlıdır və genetik kodlar üst-üstə düşür. Toplanmış məlumatlardan o da məlumdur ki, bu genetik kodlar arasında maraqlı fərqlər var. (Məsələn 1952-ci ilin iyun ayının 20-də Moskvada olan ingiltərəli “Taylafer” həkim qrupu VIII-əsrin tarixi və təbabət sənədlərinə əsasən, iddia edirlər ki, İslam Peyğəmbərinin nəslinə məxsus qan hüceyrələrinin quruluşu və bölünmə sürətində, eləcə də qanın rəngində... fərqlər var. Bütün bu fərqlər onlara imkan verir ki, öz bədən quruluşlarına görə, sümük möhkəmliyinə görə və beyin qatlarına görə... başqalarından fərqlənsinlər. Dünya təbabəti hələlik bütün bunların qarşısında aciz qalıb. Qeyd edək ki, Taylafer qrupu bütün bunların kökünü araşdırmaq, öyrənmək və təhlil etmək üçün Azərbaycanın doqquz bölgəsinin üstündə dayanır. Yer üzünün dünənki, bugünkü və gələcək möhtəşəm insanları (bütün sahələrdə) öz genetik kodlarının başlanğıcını məhz o nəsildə axtarmalıdır.

Modern.az-ın “Azərbaycan Seyidləri” adlı layihəsində Naxçıvanın sayılıb-seçilən ocaqlarından olan Xok SeyidləriŞəcərəsi haqda ikinci yazını təqdim edirik.

 

Xok Seyidlərinin Şəcərəsi 675 (1277) tarixli “Nəsəbnamə” kitabı əsasında tərtib edilib. Bu günədək qorunub saxlanan şəcərə ayrı-ayrı vaxtlarda dövrünün  tanınmış, əsil nəcabətli, müqəddəs seyid ocaqlarının nümayəndələri tərəfindən təsdiq edilib. Şəcərənin həqiqiliyini  üzərində olan 30 möhür və imza sahiblərinin bu nəsilhaqqında yazdıqları yüksək fikirlər bir daha sübut edir.                                             

                                       
İnsan ömrü necə mənalanır, qəlblərdə işıqlıq tapır?


Elə bu suala cavab tapmaq üçün müdrik bir kəlamı xatırlatmaq istərdik: ”Dünyaya gəlmək bizdən asılı olmasa da, dünyada qalmaq bizdən çox asılı olur”.

Demək şərəfli ömür sürənlər həyatda qoyduğu izləri, xeyirxah əməlləri, yüksək əxlaqi keyfiyyətləri ilə seçilənlər könüllərdə, yaddaşlarda yaşayar.


Xok seyid ocağının nümayəndəsi Miryaqub Miryusif oğlu
Seyidov da dünyamızı işıqlandıran, yaxşılaşdıran, yaddaşlarda əbədiyyətə dönən, ömrü işıqlı şəxslərdən olub. Onun barəsində danışılanlardan sonra bu qənaətə gəlirsən ki, insan ömründə də bir günəş işıqlığı, istiliyi, hərarati var. Dan ulduzu kimi bir parlaqlıq var. Günəş şüası ilə təbiəti nura qərq edir, çəməndə, ormanlarda gözəllik yaradır, torpağa bəhər verir. Dan ulduzu qaranlığı qovur, səmaya aydınlıq gətirir.


İnsanı insanlar arasında hamıdan fərqləndirən, onu yaddaşlarda yaşadan şəxsiyyət bütövlüyüdür, həmin insanın ömrünün işıqlığı ilə bağlıdır.
Miryaqub Miryusif oğlunu da həyat amalı, şəxsiyyət bütövlüyü, əqidəsi müəllimlər, ziyalılar arasında fərqləndirib, xalqın gözündə ucalıb, ömrü həmişəlik işıqlıq tapıb. Qısa tərcümeyi halı var. Lakin bu qısalıq içərisində öz insanlığı, el-obaya bağlılığı, qəlıbinin nurlu olması, qəlbini şama döndərməsi ilə ümman qədər bütövlük tapıb.


O, 1934-cü ildə Şərur (indiki Kəngərli) rayonunun Xok kəndində hamının ehtiramı olan seyid ocağında dünyaya göz açıb. Zəhmətsevər olub, məktəbdə də şagirdlər arasında yaxşı oxumağı, çalışqanlığı ilə fərqlənib. 1950-ci ildə orta məktəbi bitirib. O vaxtlar kənd məktəblərində müəllimlərə böyük ehtiyac var idi. Xüsusi ilə riyaziyyat müəllimi çatışmırdı. Onun da qəlbində müəllim olmaq, şagirdləri biliklərə yiyələndirmək arzusu olub. Odur ki, həmin il Naxçıvan Müəllilər İnstitutuna qəbul olunub. İki il təhsil müddəti olan bu institutda qabiliyyəti, riyaziyyat fənnini öyrənməyə həvəsi ilə tələbələr arasında seçilib. 1952-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib. Həmin ildən doğma kəndində məktəbdə dərs deməyə başlayıb. Ali təhsil almaq, dünyagörüşünü artırmaq qayğısına qalıb. Şagirdlərindən ayrılmadan, dərs dediyi məktəbdə riyaziyyat müəllimi olmadığını nəzərə alaraq qiyabi yolla 1956-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 


Miryaqub müəllim məktəbdə gənc nəslin tərbiyəsi ilə məşğul olmağı, şagirdləri cəmiyyət üçün layiqli övladlar kimi yetişdirməyi mənəvi borcu bilib. Riyaziyyat fənninin uğurla öyrənilməsi üçün şagirdlərdə dəmir yaddaş, diqqət tələb olunur. Bu səbəbdəndir ki, şagirdlərin çoxu bu fənnə heç də həvəs göstərmir, ictimai fənlərə marağı olur. Miryaqub müəllim bunu nəzərə alaraq riyaziyyatı ən çox seçilən, elmi kəşflərin açarı hesab edilən bir elm səviyyəsinə yüksəltməyi, şagirdlərə sevdirməyi bacarırdı. O, böyük ustalıqla riyazi tənlikləri, arqumentləri təhlil edir, sadə anlayışla şagirdlərə öyrətməyə böyük səy göstərirdi. Şagirdlər başa düşürdülər ki, riyaziyyatı diqqətlə, səbrlə öyrənmək lazımdır. Bu fənnin tədrisi müəllimin təcrübə və səriştəsində asılıdır. Odur ki, məktəbdə şagirdlər başqa fənlərdən daha çox riyaziyyatı sevməyə, onu öyrənməyə başladılar.



Miryaqub müəllimin həyat yoluna nəzər salanda öz-özünə belə bir sual verməli olursan: onun yaddaşlarda qalmasına, həmişə məhəbbət və ehtiramla xatırlanmasına səbəb nədir?



Və elə onu tanıyan, şəxsiyyətinə bələd olan da özü bu suala cavab verir. Əlbəttə, ürəyinin şagirdlərin zehnini nurlandırmaq naminə şam etməsi, onların bilik- lərə yiyələnməsi üçün fədakarlıq göstərməsidir. O, öz işinə, peşəsinə can yandıran, ondan zövq alan, vətəndaşlıq, ziyalı məsuliyyəti daşıyan müəllim idi. O, pedoqoji iclaslarda, gənc müəllimlərlə söhbətlərində deyərdi ki, uşağın bilik öyrənməsi, yaxşını pisdən seçməyi bacarması, elmə ümidlə inamla can atması müəllim üçün hər şeydir. Ağac meyvə yetişdirir, təbiət insana sərvət bəxş edir. Müəllim isə cəmiyyətə vətənpərvər, el qeyrəti çəkməyi bacaran, savadlı, hər şeydən qiymətli insan bəxş edir. Əgər bu gün dərs dediyim şagird biliyə yiyələnirsə, yüksək əxlaqi keyfiyyətlərə malikdirsə, sabah o, el-oba üçün mütəxəsisi olacaq, hərəsi bir xoşbəxt ailəyə başçılq edəcək.


Miryaqub Seyidovun sözü ilə əməli vəhdət təşkil edirdi. Odur ki, o, şagirdlərə müəllim qayğısı və tələbkarlığı göstərirdi. Onun dərs dediyi siniflərdə həmişə möhkəm intizam, qayda-qanun olardı, hər hansı bir şagirdin yersiz danışmasına yol verməzdi. Çalışardı ki, müəllimlə şagird arasında səmimiyyət olsun, uşaqlar riyaziyyat fənni ilə bağlı ona daha çox suallar versinlər. Şagirdlər başa düşmədiyi anlayışlara aydınlıq gətirsin. Odur ki, Miryaqub müəllim kənd məktəbində ən çox sevilən və hörmət qazanan müəllim idi.


Miryaqub Seyidov təkcə şagirdə tədris etdiyi fənni sevdirməklə kifayətlənmirdi, onun əxlaqı, vətənini, xalqını sevmək ruhunda tərbiyəsinə də diqqət yetirirdi. Şagirdlərlə söhbətdə, davranışda buna böyük əhəmiyyət verirdi. O, şagirdlərə belə bir keyfiyyət aşılayırdı. Ədalətli olmaq hər kəsin borcudur, ədalət hissinə yiyələnmək ən müqəddəs vəzifədir. Dahi Nizaminin, Füzulinin şerlərindən misallar gətirirdi. Nizaminin bu müdrik misrası söhbətinin əsas qayəsi olardı:

 

Çalış öz xalqının işinə yara
Geyinsin əməlinlə dünya zər-xara 


Belə bir müəllimin qəlbi şam kimi şölələnib əriyir, dan ulduzu tək parlayıb şagirdlərin elmi biliklərə sahib olmasına, şəxsiyyət kimi yetişməsinə güclü təsir göstərir.


Miryaqub Seyidov kənd müəllimi, əsil ziyalı kimi camaatın dərd-sərinə qalırdı, onların üzləşdkləri sosial problemlər, çətinlikləri ilə maraqlanırdı. Hamı da onu özünə doğma bilirdi, onunla məsləhətləşirdi.


1960-cı ildə kənddəki təsərrüfatda uğursuzluq olmuşdu. Əkilən sahələrdən istənilən məhsul götürülmədi. Taxılçılıqda geriləmə oldu, kənd camaatı aclıqla üzləşdi. Belə bir vaxtda kənd camaatının ciddi tələbi ilə Miryaqub Seyidov təsərrüfata sədr seçildi. Adamlarda torpağı əkib-becərməyə, məhsul istehsalını artırmağa həvəs artdı. Hər kənd ailəsinin evində buğda kisələri qalaqlandı. Əmək gününə əvvəlki illərdən çox taxıl verildi. Adamlar çörək sarıdan korluq çəkmədi, firavan, xoşbəxt yaşamağa başladılar. Elə ki, təsərrüfatda işlər yönünə düşdü, Miryaqub müəllim yenidən təhsil ocağına dərs dediyi məktəbə qayıtdı. O, burada məktəb direktoru işlədi. Çalışdığı müddət ərzində məktəbdə təlim-tərbiyə işinin səviyyəsinin yüksəldilməsi, fənn kabinetlərinin yaradılması, pedaqoji kollektivin səmərəli işləməsi üçün əlindən gələni əsirgəmədi. Buna görə də o illərdə Xok kənd orta məktəbini bitirənlərin əksəriyyəti respublikanın adlı-sanlı ali məktəblərinə, texnukumlarına qəbul olunurdu. Onların adı yaxşı oxuyanların sırasında eşidilirdi müxtəlif ali təhsil ocaqlarından gəlirdi.   



1978-ci ildə kənddə sosial problemlərin həllinin vacibliyi düşünüləndə camaat yenə də Miryaqub müəllimə müraciət etdi. O Xok kənd Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edildi. Həm bu vəzifənin sahibi həm də deputat kimi ona sosial məsələlərin həlli ilə bağlı tapşırıqlar verilirdi. Kəndin mərkəzi küçəsinə qara örtük salındı abadlıq təmizlik yaşıllaşdırmaq işləri aparıldı. İçməli suya təlabatı ödəmək məqsədilə bulaqların kəhrizlər təmizləndi.  Adamların  təkliflərinin, təşəbbüslərinin həyata keçirilməsinə diqqət yetirirdi. Miryaqub Seyidov kəndin abadlaşması, insanların həyat səviyyəsinin yüksəlməsi üçün gündəlik qayğı göstərməyi mənəvi borcu bilirdi. O, vəzifə hərisi deyildi. O, sadəcə el yolunda canını fəda etməyi bacaran insan idi. Hansı işdə çalışırdısa, o sahədə iş qaydasına düşürdü, adamlar razı qalırdı, onda özünü rahat hesab edirdi. 1985-ci ilədək, yəni 7 il kənd soveti icraiyyə komutəsinin sədri vəzifəsini yerinə yetirəndə, bu illərdə də onun ömrünün mənası insanların xoşbəxtliyi ilə bağlı illər olmuşdu. Lakin Miryaqub müəllim yenə də məktəbdə dərs deməyi, şagirdlərlə ünsiyyətdə olmağı hər şeydən üstün tutub. Ömrünün axrınadək bir daha məktəbdən, müəllimlik peşəsindən ayrılmayıb. Bu səbəbdən də bu gün yaddaşlarda müəllimlərin müəllimi, şagirdlərin sevimlisi, kənd camaatının nüfuzunu qazanan şəxsiyyət, gözəl insan kimi qalıb. 


Miryaqub Seyidov ailə başçısına xas olan ən yaxşı xüsusiyyətləri özündə cəmləşdirən bir ata idi. O, ailədə çox mehriban, səmimi və qayğıkeş olub. Onun hər sözü qanun kimi qəbul edilib. Həyat yoldaşı Əsli xanımla dörd oğul, iki qız böyüdüblər. Övladlarının xoşbəxt taleyi üçün əllərindən gələni əsirgəməyiblər. Onların əməksevərlik ruhunda tərbiyə edilməsi, ailədə və ictimai həyatda rəftarı, əxlaqı, davranışı ilə ailə ocağının şərəfini qoruyan olmalarına xüsusi fikir verib. Odur ki, ailədə hər bir övladın tərbiyəsi möhkəm zəmin üzərində qurulub. Hamısı ali təhsil alıb. Bu gün respublikanın ali dövlət orqanlarında Miryaqub müəllimin övladları  dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirirlər.



Miryaqub Seyidov ilə əlaqədar çox yazmaq, çox danışmaq olar. Onun qısa həyatı çox zəngin və insanlar üçün çox faydalı olub. Bu gün də kənd camaatının unutmadığı və bu kənd əhalisinin həyatında mühüm dəyişikliyə səbəb olan əhvalatı yada salmağı zəruri hesab edirəm. Əvvəla qeyd edim ki, Xok kəndi əhalisinin sayına görə Naxçıvan Muxtar Respublikasının ən iri kəndlərindəndir.  Hazırda bu kənddə 6 minə qədər əhali yaşayır. Bu gün də kənd əhalisi lap qədimlərdən gələn adət-ənənələrinin əksəriyyətini yaşatmaqdadırlar. Buna səbəb kənddə ağır seyid ocağının olması və kənd əhalisinin seyidlərə olan ehtiramıdır. Onu da qeyd edim ki, keçən əsrin 60-cı illərindən bəri orta məktəbi yüksək qiymətlərlə bitirən və ali məktəblərə qəbul olunan abituriyentlərin sayına görə Xok kəndi qonşu kəndlərdən həmişə qabaqda olub. Amma 1977-ci ilə qədər bu kənddə ali təhsilli qız yox idi. Halbuki, orta məktəbi yüksək qiymətlərlə bitirən və ali təhsil almaq arzusu olan onlarla qız var idi. Amma kəndin oturuşmuş bu qaydalarına qarşı çıxmaq o zaman üçün böyük cəsarət tələb edirdi. O zamanlar heç kəs özündən böyüyə, kəndin seyidlərinə, ağsaqqallarına məsləhət etmədən belə bir addımı ata bilməzdi. Miryaqub müəllim bunu yaxşı bilirdi. Bu cəsarətli addımı yalnız o, ağır seyid, işıqlı ziyalı, çox hörmətli insan Miryaqub Seyidov ata bilərdi. Miryaqub müəllim o  şərait üçün çox məsuliyyətli işi öz üzərinə götürdü. Həmin il kənd orta məktəbini əla qimətlərlə bitirən qızı Səadəti qəbul olunmaq üçün Naxçıvan Dövlət Universitetinə yola saldı. Və elə həmin il də Səadət ekstern (o vaxt belə qayda var idi) imtahan verərək, riyaziyyatdan 5, fizikadan 4 alaraq, universitetin riyaziyyat fakultəsinə qəbul olundu.  Beləliklə Xok kəndində ilk tələbə qız və ilk ali təhsilli xanım nurlu insan, böyük ziyalı Miryaqub müəllimin qızı – Səadət oldu. Bu gün də Səadət müəllimə Xok kənd orta məktəbində atasının yolunu davam etdirir, şagirdlərə riyaziyyat fənnini öyrədir.
Miryaqub Miryusif oğlu həmişə insanlar üçün yol göstərən insan,  nümunəvi ailə başçısı olub. Həmin ildən Xok kəndində valideynlər qızlarının ali təhsil almalarına nəinki razı oldular, əksinə qızlarının ali təhsil almaları üçün hər cürə şərait yaratdılar. İndi Xok kəndində doğulub boya-başa çatmış qızlar nəinki, bu kənddə eləcə də Muxtar Respublikanın müxtəlif kəndlərində müəllim, məktəb direktoru, həkim v.s vəzifələrdə çalışırlar. 


Bəli, Miryaqub Seyidov ömrünün işığı qəlblərdə yurd salıb, hey nurlanır. Onun Naxçıvan MR Kəngərli rayonununXok kənd qəbirstanlığında məzarı üzərində məqbərə ucaldılıb. Hər baharda şagirdlər onu ziyarət etməyə gəlirlər. Şagirdlərin əllərində tutduğu güllər elə bil ki, bir insan ömrünün işığına bələnib, ona olan məhəbbəti təcəssüm etdirir. Bu təravətli güllərdə bahar rayihəsi, bahar sevinci duyulur. Onlara baxanda düşünürsən ki, insan ömrü də işıqlı olanda yaz günəşinin şəfəqlərinə dönür, yaz yağışı kimi el-obaya səpilir, güllər kimi ətir saçır. O ömrü yaşayanları xatırlayır, düşünürsən ki, belə adamlar düzlük, sədaqət timsallı, el üçün yanarlı olublar. Ağsaçlı, ürəyi qayğıkeşli, işıqlı Miryaqub müəllim kimi.


Seyid Miryaqub Miryusif
oğlunun qəbirüstü abidəsi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü