Modern.az

Türk Dünyasının Novruz ADƏTLƏRİ

Türk Dünyasının Novruz ADƏTLƏRİ

21 Mart 2018, 14:49

Aida Eyvazlı

Ergeneekon – yol ver mənə...

    
Qədim  türk mifologiyasına görə ,  Göy türklər hər il Ötükənddə əcdadlarını yad edərək müqəddəs mərasim keçirərdilər. Həmin qaynaqlara əsasən  xalq 5-ci ayın  ikinci yarısı Göy Tanrıya və Yer ruhlarına qurbanlar kəsər, tonqal başına yığılar böyük bayram edərdilər. Göy türklər həmin bayram gününü hətta  daşlara da yazılbar. Orhon Yenisey abidələrindəki yazılardan birindəki bayram günü belə yadda qalıb: “… Yüce Göktanrı’nın ilk defa gürlediği, yağız yer, altmış türlü çiçeklerle ilk defa bezendiği, altmış türlü hayvan sürülerinin ilk defa kişnediği ve melediği zaman sen (Türk’ün Atası) yaratıldın!” 

     
Qədim türk dövrlərindən danışarkən, Novruz əyyamını qələmə alarkən  Ergənəkonu  xatırlamaq lazımdır. Əbülqazi Bahadur xan  hələ XVII əsrdə  yazdığı “Şəcəreyi tərakimə” (“Türklərin şəcərəsi”)  əsərində qeyd edirdi ki,  qədim türklərin əcdadları düşmənlərindən qorunmaq üçün Ergenekon adlı çox gözəl bir məkanda məskən salıblarmış. Onlar  bu yüksək   zirvəyə qalxmış,və həmin yerdə 400 il yaşayaraq, artıb çoxalmışdılar. O qədər ədalətli bir bölgü aparmışdılar ki, təkcə nəsil-nəcabətləri deyil, burada onların  qoyun, at və dəvə sürüləri  artıb çoxalmışdı. Və  400 il yaşadıqları yer artıq onlara darlıq etmişdi. Ergenekon dağlarının dəmirdən olan  keçilməz  əraziləri  çox çətin olduğundan, hətta  yurdun ən bacarıqlı döyüşçüsüləri, bahadurları nə qədər axtarsalar da Ergənəkon olara yol vermirmiş.  Bir gün dağın ətəyində  qoyun sürüsünü otaran çobanlardan birinın heyvanlarına qurd hücum edərək birini aparır, qurd  dağın oyuğuna girib qeyb olur.  Maraq çobanı bürüyür,qurdun qeyb olduğu  oyuğun  yanına yaxınlaşanda,  dağın o biri üzndən də  bir işıq selinin axdığıını  görür. Elin böyüklərini  və igidlərini başına yığaraq əhvalatı onlara söyləyir.  Belə qərara gəlirlər ki, dəmirçilər  oyuğun çevrəsindəki   dəmirləri əridərək, dağın o biri üzünə yol açsınlar. Dəmir biləkli dəmirçilər bir müddət  sonra  dağın o biri üzünə yol açırlar. Elə həmin gün göy türklər Ergenekondan qurtulur. El-oba tonqal qalayır,  Yeni yolun, Yeni yurdun , Yeni dönəmin  gəldiyi üçün Ergenekondan yeni dünyaya çıxışlarını  bayram edirlər.  Boz qurdu isə  tayfanı sıxıntıdan qurtardığı üçün özlərinə totem seçirlər. Qədim türk təqvimindəki   bu dövr martın 21-nə düşən gün kimi hesablanır.

      
 İllər qərinələri, qərinələr əsrləri arxada qoyduqca  dövlət quruluşları, dövlət və insanlar arasında münasibətlər, dinlər dəyişdikcə, bəzi  tayfalar, xalqlar bayramlarını, adətlərini untdular.Bəziləri bir xalq kimi Yer üzündən silinib getdilər.  Lakin Novruz bayramını, Yeni Günün gəlişini Türk milli təfəkküründən, yaddaşından nə müharibələr, nə də əli qılınclı padşahlar silə bilmədilər.Çünki Novruz xalqın həyatı və təbiətlə harmoniya təşkil edir. Bu  Təmizlik, Od-Ocaq, Bərəkət, Su, Birlik, Oyanış bayramını bu günə qədər yaşatdılar.

                     
Alman diplomatı  Adam Olearinin Novruz xatirlələri

     
XVII əsrdə  Holşteyn-Qottorp hersoqu  III  Fridrix  səyyah və diplomat  Adam  Olearini Səfəvilər dövlətinə səfir təyin edir.  Səyyah və diplomat Adam Oleari   1635-1639-cu illərdə  Azərbaycana  etdiyi səyahətləri qələmə alarkən, Şamaxıda Novruz bayramının keçirilməsini  belə təsvir edir: “Münəсcim tez-tez stolun arxasına keçir, öz üstürlabı ilə Günəşi müşahidə edir,saata baxır, beləliklə, Günəşin  gecə ilə gündüzün bərabərlik  nöqtəsinə çatacağı anı gözləyirdi. Elə ki, arzuolunan dəqiqə gəlib çatdı, o bərkdən elan etdi: Yeni il gəldi, təzə il başlandı.  Dərhal toplardan yaylım atəşi açıldı, şəhərin qala divarları ətrafında  və bürclərin hər yerində qərney( qərney uzun nəfəs alətidir- red.) səsləndi, təbillər çalındı və beləliklə böyük el şənliyinə başlandı...”

Məhərrəm Qasımlının elmi redaktoru olduğu  “Novruz ensklopediyası” kitabında  Bahar və Novruz bayramını səciyyələndirən  tarixçi və ədəbiyyatşünasların  fikirlərinə də rast gəlmək olur. Tacikstan Elmlər Akademiyasının müxbir  üzvü , əslən bakılı olan   İosif Şamiloviç Braginskinin  1967-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində Novruz bayramı haqqında maraqlı fikirləri də bu ensklopediyada yer alıb: “Doğurdan da müsəlman ruhanilər nə qədər çalışsalar da, Novruz bayramını nə qadağan etməyə, nə də ona dini don geyindirməyə müvəffəq ola bilmədilər. Xalq kütlələri Novruz bayramının qeyri- dini, azad xarakterini qoruyub saxlaya bildilər”.

Məmməd Səid Ordubadi isə Novruz bayramı ilə bağlı fikirlərini hələ Stalin rejiminin tüğyan etdiyi  ağır  illərdə  belə təzahür edirdi: “.. İlk Bahar bayramının nə islam dini, nə də islamiyyətdən əvvəl mövcud dinlərlə əlaqədar olmadığı, bu bayramın ayrı-ayrı xalqlar arasında çox qədim zamandan mövcud olduğu sübut olunur. İndi artıq demək olar ki, bu bayram Azərbaycan xalqının milli və mənəvi bayramıdır”.

Bəli, Stalin rejimi  Sovet  ərazilərində yaşayan  türklərin milli yaddaşını, kimliyini  silmək, onlara həm   folklorunu, həm mədəni abidələrini unutdurmağa çalışmışdı. Novruz bayramına  “dini bayram” damğası vurararq onu qadağan etmişdi.   Sabiq Sovet ölkələri içərisində  öz milli kimliyini hətta  sürgünlərdə belə qoruyub saxlamağa çalışan azərbaycanlılar, Baharın gəlişini gizli şəkildə ailə içərisində qeyd edirdilər. Baharın gəlişini  təbiətə qadağan etmək mümkün olmadığı kimi, Novruzu da xalqın yaddaşından silmək mümkün olmadı. Yalnız 1967-ci ildə  dövrün bütün təhlükələrinə baxmayaraq,  Azərbaycan KP MK-nin rəhbər vəzifəsində çalışan Şıxəli Qurbanov ilk dəfə  dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə  nail   oldu.

                                

“Novruz bayramınız mübarək olsun!”

O gündən sonra gizlin bayramımız aşkar oldu. Novruz bayramı hazırlıqları Azərbaycanda  fevral ayının əvvəllərindən başlayır. Əvvəlcə dörd çərşənbəni bayram edirik. Evlərimizi təmizləyib, qışdan yığdığımız azuqələrimizi çərşənbə axşamlarında və martın 21-də  süfrəmizə düzürük. Türk milli təfəkküründə belə inam var ki, süfrədə bolluq olarsa, il uzunu evə ruzi-bərəkət gələr. Hər bir azərbaycanlının süfrəsinin  gəlini Səməni, şahı isə plov olur.  Süfrəyə düzdüyümüz bütün  bişmişlər və təamlar təbiətlə  bir harmoniya təşkil edir. Şəkərbura ay formasında, qoğal günəş formasında, paxlava insan formasında və  dünya kimi dörd qütblü olur. Süfrəmizdə olan nəyimiz  varsa  qonşumuzla tən bölürük, qapımıza atılan hər papağa  pay qoyduqca sevinirik.

                        
“Navruz ayəmi muborak bülsin”  - özbəklər belə deyir !!! 

 Sovet rejiminin qatı qadağası üzündən özbəklər də bu bayramdan uzun müddət uzaq düşmüşdülər. 1991-ci ildə  21 mart Bayram günü elan olundu.  Əslində özbəklər fevral ayının son həftəsindən başlayaraq aprel ayının sonuna kimi ölkədə Novruz bayramı şənlikləri keçirirlər. Martın ilk günlərindən hər bir özbək ailəsi əvvəlcə həyət bacasını ot-ələfdən, toz-torpaqdan təmizləyib, torpağı belləyir. Küçələrdən, məhəllələrdən keçərkən  səliqə-saman, təzmilik göz oxşayır. Elə bu günlərdə ərik və şaftalı ağaclarının ağ çiçəklərinə bələnir bütün məhəllələr. Süfrəyə “S” hərfi ilə başlayan 7 cür yemək qoyurlar.  Hər bir evin-ocağın əsas  təamı isə “Sümələk” olur. “Süəmələk” halvası  böyük tiyanlarda ocaq üzərində hazırlanır. Qonşu qadınlar gecədən səhərə kimi  ocaq başında içərisində  azca göyərmiş buğda, qoz , su, müxtəlif ədviyyatlar əlavə edilən sümələyi   dayanmadan bulayırlar. Səhər saat 8-də  bayram Sümələyi hazır olanda onu qablara töküb, əvvəlcə imkansız ailələrə və qocalara pay göndərirlər.Özbəkistanda  1 həftə boyunca  bütün böyük şəhərlərin yaşıl parklarında  rəngarəng , göz oxşayan  milli paltarlarda olan kişi və qadınlar  xalq gəzintisində ecazkar  musiqi proqramlarına və meydan oyunlarına tamaşa edirlər.

                                         
“Ulıstın ulı Küni”
 – deyir qazaxlar!!!

Qazaxlar qədimdən Novruz bayramına “Ulıstın  ulı küni” - “Elimin qədim bayramı, günü” deyərdilər. Qazaxlar da bu bayramı elliklə  qeyd edirlər. Bu günə kimi qazaxlarda  “Kökpar” –at üstündə çaparaq qoyunu və keçini alıb qaçmaq yarışı saxlanmaqdadır.   (bizdə keçirilən Cövkan oyunu). Qazaxıstanda təmtəraqlı Novruz bayramlarında əsasən at yarışları keçirilir. El aşığı əlində saz  məhəllə və evləri gəzərək baharın gəlişini vəsf edən mahnılar oxuyur. Şəhərlərdə  isə bayramı keçirmək üçün çadırlar qurulur.  Bu çadırlarda açılan dəstərxanlara  şirniyyat, baharı vəsf edən bişmişlər, undan hazırlanan bir neçə cür yemək və müxtəlif çörəklər düzülür. Qazax dəstərxanının əsas baş yeməyi isə “Navruz köje” deyilən təamdır. Bizim  bişirdiyimiz həlimli hədiyyə bənzəyən bu yeməyin hazırlanması üçün 7 nemətdən  istifadə olunur:  su,ət, buğda, duz, yağ, un,  ayran və ya qurut. Qədim inanclara görə bu nemətlər  xoşbəxtlik, müvəffəqiyyət, müdriklik, sağlamlıq, var-dövlət,  və səmanın  himayədarlığının rəmzidir. Təam hazır olandan sonra,əyninə təzə paltar geyinmiş uşaqlar onu  qonşulara və qohumlara paylayırlar.

                                     

“Nooruz kuttı  bolsın” – deyir qırğızlar!!!

Qazaxıstanla həmsərhəd yerləşən Qırğızıstan da qonşusundan geri qalmır. Bir qayda olaraq, baharın  ilk günlərində  “Nooruz ” süfrələrini bəzəmək üçün hazırlıqlara başlayırlar.  21 mart Novruz bayramı günü yeddi qazanda yeddi cürə yemək asılır  “nooruz kedje” və “auz kedje” deyilən  yeməklər də hazırlanır. Özbəklər kimi qırğızlar da “Sümölök halvası”  bişirirlər.   Bişirdikləri nemətləri qonum-qonşuya, ahıl və xəstə adamlara paylayırlar. Sonra bütün ailələr şam ağacının budağını yandırıb tüstüsünü evə  yayayarq  ovsun oxuyurlar. Təbii ki, bayram şənliklərində   cavanlar  arasınada  güc-qüvvəti sərgiləyən yarışlar da unudulmur.

                      
“Novruz bayram kutlu bolsun”
 – türkmənlər deyir!

Türkmənistanda da Novruz bayramı martın 21-də böyük təntənə və coşqu ilə  qeyd oulnur.  Bu xalq bayramında əhali  Baş kənd Aşqabadda əsasən Ahal mahalına yığışır. Bu mahal həm də Ahaltəkə atları ilə məşhurdur.  Geniş meydanlarda at çapma yarışları izlənilir. Milli rəngarəng  platar geyinən qız və gəlinlər, kişilər  gün batana qədər davam edən müxtəlif  yarışları və meydan tamaşalarını . folklor ansamblarının konsertini  izləyirlər. Türkmənlər də azərbaycanlılar kimi Novruzda mütləq Səməni göyərdirlər.  Bir neçə ailə bir yerə yığılaraq məhəllələrdə “Səməni” halvası bişirirlər. Türkmənlərdə bu günə kimi qorunub saxlanan “Muncuqatdı” oyununda isə qızlar-gəlinlər fal açırlar, bəxt sınayırlar.

                                     
“ Nevruz Bayramınız kutlu olsun...”

 

Türkiyədə isə  “ Bereketin, beklentilerin, mutluluğun ve huzurun başlangıcı olan  Nevruz Bayramınız kutlu olsun...” –deyə  bayram günlərində  hər kəs bir-birinə göz aydınlığı verir, bayramlaşırlar.   Ölkənin   vilayət və bölgələrindən asılı olaraq  bayram martın 21və 22-də başlanır. Yuxarıda qeyd etdiyim kimi, bu günü türklər əsasən Ərgənəkondan  çıxıb, yeni dünyaya, yeni günə başlanma , qələbə günü kimi qeyd edirlər. Bir çox regionlarda  bayramı “Novruzu-Sultan”,  “Sultan Nevruz” da adlandırırlar.  Novruzun səhərisi günü bütün ailələr doğmalarının məzarı üstünə gedərək, dünyadan köçənlərini yad edirlər.  Süfrələrində olan, ocaqlarında bişən təamlardan  xəstələrə, qocalara, imkansızlara pay paylayırlar.

                                         

Ocaqlarınız sönməsin!!!

     
Monqolustandan Sibirə, Altaya qədər yayılan  türk tayfalarının sayı bu gün 40-ı aşır. Türk soylu  tayfaların, millətlərin əksəriyyəti  Novruzu Yeni gün,  Bahar, Torpağın oyanışı, mərhəmət, qardaşlıq və dostluq bayramı kimi qeyd edirlər. Baharı qarşılayarkən tonqal qalayıb, ocaq çataraq  insnaları bir araya gətirirlər. Uyqurlar, tatarlar, başqırlar, tuvalılar, balkarlar, çərkəzlər, kabardinlər, iraq türkmənləri, əfqan türkləri ,Sibirdəki xantılar, şor  türkləri, duha türkləri... süfrələrini naz-nemətlə bəzəyirlər . Ocaq başında toy- bayram edirlər. Qədim inanclara görə türklər dərdlərini, sevinclərini, yuxularını  suya danışar.

Dədə Qorqud da belə edərdi.  Elin-obanın bayram şənliklərində 7 tonqal qalayıb, dünyanın hər yerində  yaşayan türk övladlarına , obalara-ellərə   bayram təbriki göndərərdi. Hətta çıxılmaz  bir  yolun  sorğusunu da sudan alardı. Məsələn, Salur Qazanın evinin yağmalanması boyunda  belə bir  məqam var:  “Su Haq didarın görmüşdür, mən bu suya xəbərləşim”-deyir. Və  çadırın qarşısından axan çayın yanında dayanıb  sudan soruşur: “Ordumun xəbərin bilirmisən degil mana! Qara başım qurban olsun, suyum sana!” . Və suya belə inamın, ehtiramın olmasındandır ki, türük xalqları bir birinə alqış edəndə :  “Sucan ömrün olsun”, “Su murdarlıq götürməz”, “Ocağınız isti, suyunuz sərin olsun”, “Sularınız axarlı-baxarlı olsun” – deyirlər.


Bütün Türk Dünyasının bu biricik milli bayram münasibətilə təbrik edirik. Bayramınız mübarək olsun!

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü