Modern.az

Cadugərlər, ekstrasenlər 1 milyon dollarlıq mükafatla ifşa edilir

Cadugərlər, ekstrasenlər 1 milyon dollarlıq mükafatla ifşa edilir

10 Aprel 2018, 17:45

Dünyada hər şeyi bilmək və heç olmasa gələcək barədə hər hansı xırda bir məlumata malik olmaq -  bu hər kəsin arzusudur desək, yanılmarıq. Çünki bu xeyirxah və ya xəbis, dələduz və ya düzgün olan hər kəsə lazımdır. Təbii ki hər kəsə öz məqsədinə görə. Ümumiyyətlə dünyada ekstrasenslər xüsusi maraqla izlənilir. Esktrasenslər insanların tək ümidi deyil. Burada qoroskopları da unutmaq olmaz.

 

Hətta bu çox zaman yalnışlıqlar və konkret olmayan məlumatlarla müşayiət olunsa belə. Bu günədək dünyada sayı hesabı olmayacaq qədər ekstrasenslər, öncəgörənlər, cadugər və bu kimi bir çox insanlar mövcud olub. Bunların kimlərəsə xeyri olsa belə bir çoxlarına zərərləri də daha çox dəyib.

 

Çünki bu sahədə dələduzluq ittihamı ilə cəzalandırılan və ya bir çox etdiyi oyunların üstü açılan ekstrasenlər kifayət qədər çoxdur. Bəs insanlar ekstrasens və ya öncəgörənlərə niyə inanır? Çünki Vanqa, Davinçi, Nostradamus və bu kimi bu sahəni fəth etmiş və gələcək üçün inanılmaz kəhanətlər qoymuş bu insanları necə unutmaq olar axı!.

 

Bu insanlar tarixdən gəlsələr də yenilərinin də adlarını çəkməsək olmaz. Bu kimi insanlara Edqar Keysi, Denial Duqlas Xyüm, Helen Dunkan, Con Edvard, Silviya Braun kimi bir çoxunun adlarını çəkmək olar. Bunlardan bəzisi yataraq kəhanətlər söyləyir, bəziləri o biri dünya ilə əlaqəyə girərək oradan mesajlar verir, bəziləri isə ruhları danışdırır, bir qismi isə telefonla sizə mesajlar verir.

 

Ekstrasenlərin əksəriyyəti digər dünya ilə rabitə, ruhlarla danışmaq, gələcəyi oxumaq kimi bir çox xidmətlər təklif edirlər. Onların sırf bu mövzulara müraciət etmələrinin əsas səbəbi insanların problemlərinin çox olmasıdır.  

Onların dedikləri insanlaraın qulaqlarında xoş səslənir.  Əks halda kim ona “sən filan vaxt öləcəksən” və ya “başına bu kimi pis işlər gələcək” deyən adama pul verər?

 

İnsanlar inanır çünki inanmaq istəyir. Bu cümlə bir çox psixoloqların verdikləri ən çox səslənən cavabdır. Psixoloqlar bununla nə demək istəyirlər?

 

Bu tipli insanlara inananların böyük çoxluğunu dindarlar təşkil edir. Yəni inanc faktoru böyük rol oynayır.

 

Bəzi ekstrasenslər Tanrıya inanmasalar da əks enerjiyə, mənfi vibrasiyalar və kimi nəsnələrə inanırlar. Bu məsələdə inanc işin yarısıdır. İnsanlar inandıqları üçün onların yayına köməyə gedirlər. Gəlin bu məsələyə bir neçə nümunədə baxaq.

 

Tanınmış futuroloq, dizayner, mühəndis, onlarla icadın pantentçisi, filosof Jak Fresko...

Bu alim ömrünün çox hissəsini praktiki olaraq keçirib.  Freskonun ekstrasenslər və onların fəndləri haqda onlarca mühazirə və əsərləri var. O, bu insanları ehtimalçı, illuziyaçı və kələkbaz adlandırır. Onun sözlərinə görə bu insanlar bədən dilini yaxşı bilir və ona görə ehtimal edərək danışır. Məsələn, bir mövzu atır, siz əgər irəli əyilirsinizsə o zaman düzgün yolda olduğunu bilir və davam edir. Yox əgər əks reaksiya göstərirsinizsə o zaman mövzunu dəyişir. Freskonun dediyi kimi bu insanlar söz oyunbazlarıdırlar.

Yəni çox diqqətli olsanız, onların necə oyun çıxardıqlarını sezə bilərsiniz.

Bu mövzuda öz qeyri-adi üsulları ilə fərqlənən Ceyms Rendini də qeyd etmək lazımdır. Rendi əvvəllər məşhur illuziyaçı olsa da 1996-cı ildən “Rendi adına maarifləndirici fond” yaradaraq ekstrasenslərə meydan oxuyur. Bu ekstrasenlərə öz xüsusi bacarıqlarını sübut edəcəkləri halda onlara bir milyon ABŞ dolları mükafat vəd edir. Və çox təəssüf ki, bu mükafatı heç kim indiyə kimi ala bilməyib.

 

Rendi qeyd etdiyimiz kimi əvvəllər illuziya ilə maşğul olub və bu sahənin kifayət qədər güclü bilicilərindəndir. O 1970-ci illərdən bəri ekstrasenslərin ifşası ilə məşğuldur. Bir çox verilişlər ekstrasensləri dəvət etməmişdən əvvəl onunla konsultasiyalar keçirirlər. Və bu məsləhətlərin sayəsində bu kimi yüzlərlə kələkbazı ifşa ediblər. Onun bu mövzuya yanaşmasını verməsək oxuculara qarşı haqsızlıq edərik.

Rendi də bu insanların ümumi, lakin xoş sözlərlə insanları tovladıqları və onların ciblərində oturduqlarını iddia edir. O dəfələrlə verilişlərdə şəxsən ekstrasensləri ifşa edib. Rendinin bu mövzuya daha yaxşı açıqlama gətirəcək qoroskoplar haqda sınağını nəzərinizə çatdırırıq. Qoroskoplara çox az bir qisim insan inanmır.

Siz heç qoroskoplarda niyə hər zaman eyni tipli mesajlar verildiyini bilirsinizmi? Yəni, nəyə görə, bütün bürclərlə bağlı oxşar proqnozlar verilir?

Burada cavab sadədir. Çünki bu bürcləri bürcün adı olmadan oxusanız o zaman anlayacaqsınız ki, bu sözlər eyni ilə sizə də aiddir. Bunun üçün dediyim kimi Rendinin sınağını təqdim edirik.

 

Bir qrup tələbəyə bu qeyd etdiyimiz formada, amma heç kimə göstərməmək şərti ilə hər kəsə üzərində adları olan bir kağız paketlər verilir. Paketdə bir məktub olduğu və mətnin dünyanın ən güclü ekstrasensi tərəfindən hər kəsə xüsusi olaraq tərtib olunduğu bildirilir. Beləliklə mətnləri açan şəxslərə onu oxuduqdan sonra orada nə ilə razı olmadıqları soruşulur. Hər kəs bu mətnin xüsusilə ilə onu anlatdığını bildirir. Daha sonra iştirakçılardan bu mətnləri bölüşmələri istənilir. Bu zaman bütün oyun ortaya çıxır. Məlum olur ki, iştirakçıların hamısında eyni sözlər yazılıb.

 

Cənab Rendinin qeyd etdiyi kimi bu falçı, ekstrasens, öncəgörənlərin hər biri konkret olmayan məlumatlarla insanları aldadır. Bu günə kimi ay, gün, heç olmasa saat dəqiqliyi ilə gələcəyi görən biri falçı yəqin ki görməmisiniz. Bu insanların dedikləri ya təsadüfən düz çıxır ya da qurma bir oyun olur. Burada cənab Rendinin ifşa etdiyi Con Edvard və Silviya Braun kimi ekstrasensləri qeyd etmək lazımdır.

 

Con Edvard ruhlarla danışır, o dünyaya səfərlər edir və hətta ruhların adından da danışır. Bu insan çoxlu suallar verərək insanları çaş-baş salıb onlardan lazımi informasiyanı alır, daha sonra isə onu sizə yenidən bir az bəzədilmiş formada satır.  

Rendi bütün bunları ifşa edib.

 

Silviya Braun isə telefonla sizlə müəyyən bir məbləğ müqabilində  əsasən keçmişiniz haqda məlumatlar verir. Bunun üçün siz telefonla qəbula yazılırsınız. Bu da o şərtlə ki, sizi iki il gələcək üçün qeydə alırlar. Və günlərin birində Braun sizə zəng edir və sizin keçmişiniz barədə sizə məlumat verərək gələcəyiniz haqda da müəyyən bir-iki şey söyləyir. Burada xüsusi qeyd etmək lazımdır ki, 20 dəqiqəlik bir zəng üçün siz 750 dollarınızdan keçməli olacaqsınız. Uzun müddət sonra onu qiymətli kağızların saxtalaşdırılmasında ittiham edirlər. Daha sonra isə sizin telefonla qeydiyyata düşdükdən sonra onun qrupunun sizin haqda məlumat toplayaraq sonradan sizə satdığı məlum olub.

 

Yəni dünyada bu sahədə külli miqdarda pullar qazanan fırıldaqçılar çox olub.

 

Xüsusən də Azərbaycanda da falçıların əl atmadıqları bir oyun qalmayıb. Onların bir qismi mələklərdən, bir qismi isə cindarlıqla yəni cinlərdən məlumat aldıqlarını iddia edirlər.

 

Və təbii ki,bu mələk və cinlərin, öz təbirləri ilə desək, müəyyən iş saatları var. Siz əgər onların işdə olmadıqları bir vaxtda gəlsəniz heç bir dəqiq məlumat ala bilməyəcəksiniz.

Burada ən acımasızı bu şəxslərin insanların ümidləri ilə oyanamaqlarıdır. Onların ən çox verdiyi proqnozlar sizin gələcəkdə xoşbəxt bir həyatınızın olacağını deməsidir. Və ya gözəl bir qızla və ya göyçək bir oğlanla xoşbəxt bir ailəyə sahib olacağınız barədə danışmalarıdır. Hərdən bəd xəbərlər gəlsə də, hər zaman çıxış yolu tapılır. Bunun üçün siz ya prosesin əvvəlində ya da sonunda müəyyən qədər vəsaitinizlə vidalaşmalı olursunuz. 

 

Bir tanışım mənə ona cadu olunduğunu, bir falçının köməyi ilə bu cadunun onların həyətindən tapıldığı və içərisində bir salafan paketə bükülü bit yığınını olduğunu demişdi.

Mən bütün insanların bu kiçicik böcəklərə qarşı niyə belə səylə mübarizə apardığını anladım.

 

İnsanların eşitmə və görmə tezliklərinin müəyyən çərçivədə olduğunu nəzərə alsaq bu sahənin ümumiyyətlə mövcud olmadığını demək ədalətsizlik olardı. Xüsusi ilə də bunlara misal olaraq qeyd etmək lazımdır ki, bizim eşidə və görə bilmədiyimiz rentgen, alfa, qamma, ultrasəs, infraqırmızısəs və sair kimi şeyləri də nəzərə alsaq deyə bilərik ki, sadəcə bu sahədə diqqətli olmaq lazımdır.

Mütəxəsislər bu cür insanlarla əlaqə yaradan zaman aldadılmamanız üçün xüsusi ilə bir neçə məsələlərə diqqət yetirmənizi məsləhət görürlər.

Bu cür insanlarla əlaqə yaradan zaman ilk növbədə hazırlıqlı olmaq lazımdır. Unutmaq olmaz ki bu insanlar insanlarla ünsiyyətdə böyük təcrübə sahibi və gözəl psixoloqlardırlar. Və təbii ki onlardan mümkün qədər konkret olmalarını tələb etməlisiniz. Hər bir ifadələrinə diqqət edin. Mümkün qədər emosional olmayın və özünüzü soyuq aparmağa çalışın. Onsuz da onların bu kimi bacarıqları varsa onlar bunu edə biləcəklər. Yox əgər sizdən pis enerji dalğaları gəldiyi, şeytanın və ya mələyin mane olduğu, rabitə yara bilmədiyi, xüsusi şəraitin lazım olduğu kimi bir sıra ifadələr eşidərsinizsə o zaman həmin insanlardan uzaqlaşmağınız məsləhətdir.

 

Bu sahədə diqqətli olarsanız aldadılmanızı mümkün qədər çətinləşdirəcəksiniz ki, bu da sizə həmin insaları ifşa etməyinizə imkan verəcək.

 

Əvəz ZEYNALOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü