Modern.az

Azərbaycanın 28 aprel işğalı

Azərbaycanın 28 aprel işğalı

Ölkə

27 Aprel 2012, 12:02

28 Aprel işğalından 92 il ötür. Ölkəmiz Sovet imperiyası dönəmində saysız mənəvi basqılara, qətl-qarətlərə məruz qaldı. Milli düşüncəmizin mümkün qədər inkişaf etməməsi üçün imperiya bütün yollara əl atdı. Çar Rusiyasının müstəmləkəçilik siyasətini gerçəkləşdirən bolşeviklər Azərbaycan Demokratik Cümhuriyyətinin var olduğu 23 ayda onu daim yıxmağa cəhd edirdilər. 

XX yüzilin başlanğıcında Rusiyada baş verən sosialist inqilabının havası Azərbaycandakı ictimai zümrələr arasında bölücülüyə gətirib çıxardı. 

Azərbaycan Xalq Cümhuriyyətinin taleyinin faciəli şəkildə başa çatmasının bir nədəni də o çağlar Azərbaycanda müxtəlif təşkilatlar, partiyalarda təmsil olunan soydaşlarımız arasında ciddi fikir ayrılıqları idi. 92 il qabaq Azərbaycanda hakimiyyətin bolşeviklərə təslim edilib-edilməməsilə bağlı parlamentdəki gərgin dartışmalar zamanı Səmədağa Ağamalıoğlu heç nə olmayıbmış kimi "O olmasın, bu olsun" demişdi. Moskva o zaman içimizdəki gücləri bir-birinə qarşı qoymaqla istəyinə çatdı. 

28 Aprel fəlakəti baş verməyə bilərdimi? Görəsən, fəlakətin baş verməsini yaradan nədənləri niyə vaxtında görə və qarşısını ala bilmədik? Xalq niyə Demokratik Cümhuriyyəti sözün əsl mənasında qorumaq gücündə olmadı? Qərb bir tərəfdən Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan kimi dövlətlərin yaranmasını alqışlayır, başqa yandan da Rusiya imperiyasının caynağından qurtulmuş dövlətlərin müstəqilliyini tərəddüdlə qarşılayırdı. 

23 ayda Cümhuriyyətin içində ayrı-ayrı güclər tərəfindən çoxlu iğtişaşlar törədildi. Təbiidir ki, bu, hökumətin qüvvəsinin parçalanmasına, bir neçə tərəfli mübarizə aparmasına səbəb olurdu. Müsavatçılar müxtəlif siyasi güclərlə əməkdaşlığa getdilər. Bir neçə dəfə kabinet dəyişikliyi baş verdi. Belə bir durumda ölkədə bolşevizm təhlükəsi gündən-günə artırdı. Bolşeviklərin uydurduğu ehtişamlı ideyalar fəhlə və kəndliləri şirnikləndirirdi. "Fabrik-zavod fəhlələrə, torpaq kəndlilərə" şüarı cəlbedici səsləndiyi dərəcədə milli dövlətimizi yıxacaq güc halına gəlirdi. Azərbaycanın içindəki müxtəlif əqidəli bəzi şəxslər son məqamda satqınlıq etdilər.

Birinci Dünya Müharibəsindən məğlubiyyətlə çıxan, ötən yüzilin əvvəllərindən bəri dəfələrlə inqilab edərək əldən düşən, vətəndaş müharibəsinin birtəhər səngiməyə başladığı Rusiya Bakı neftinə, ümumiyyətlə, Azərbaycan kimi zəngin bir ölkəyə yiyələnməyin önəmini gözəl başa düşürdü. Bu baxımdan da Moskva Azərbaycanda ötən illərdə tərəfdarlarını yarada bilmişdi. Bu şəxslər o dönəmin inqilab havasının təsiri ilə fanatlıq dərəcəsinə gəlmişdilər. Çox az sonra, 1930-cu illərdə bu şəxslərin demək olar, hamısını sovet ideologiyası məhv etdi. 

Fəlakət yeni faciəli hallar yaratdı: 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdilər, 1937-ci ildə isə repressiyalar törədildi. Xalqımızın ruhu ardıcıl olaraq sarsıdıldı. Onun məhv edilməsi üçün bəşər tarixində misli görünməyən yırtıcı üsullara əl atıldı. Təəssüf ki, hələ də soydaşlarımız 28 Aprel fəlakətinin yaratdığı fəsadları, Demokratik Cümhuriyyətin çöküşünü tam anlamayıblar. 

28 Aprel fəlakətimiz birdən-birə yaranmadı. Bu fəlakət hələ çoxdan əslində türkü sevməyənlərin xəbis niyyətlərində yaşayırdı. 
Belə bir gərgin zamanda cümhuriyyəti nəinki elan etmək, üstəlik, onu 23 ay yaşatmaq hünər idi. Ancaq Müsavat hökuməti təəssüf ki, gördüyü böyük işin dəyərini, önəmini kütlələrə istənilən səviyyədə anlada bilmədi.

Bu gün ideoloji mübarizə yönü hələ də tərəddüdlə qavranılan Nəriman Nərimanovun milli dövlətçilik məsələsində tutduğu qaranlıq mövqeyi, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Moskvaya aparılaraq yüksək dövlət postunda yerləşdirilməsi, çox keçməmiş zəhərlənərək öldürülməsi türkün öz faciələrini qabaqcadan görə bilməməsi düşüncəsini yaradır. Nərimanov artıq düşdüyü durumun çıxılmazlığını gözəl anlayırdı. Bütün hallarda gedişatdan üstün ola bilməmək, lap yaxını belə görə bilməmək Nərimanovun faciəsini yaratdı.

Bolşevik Rusiyası Bakının üzərinə 100 min nəfərlik təpədən-dırnağa qədər silahlanmış ordu ilə gəlirdi. Gerçəkdən milli dövlətimizin belə hərbi qüvvənin qarşısında dayanmağa gücü yox idi.

Xalq onda var olur ki, o, fəlakətindən güc almağı bacarır, sarsılmır. Fəlakətindən güc almayan xalq isə özünün yeni-yeni fəlakətlərini yaradır. 

28 Aprel fəlakəti bir dərs olaraq bizdən qarşıda gözlənilən yeni təhlükələri qabaqcadan görməyi, ona qarşı durmağı tələb edir.
Uzun illər İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağında 28 Aprellə bağlı olaraq «Yas Günü» Mərasimi keçirilib. İnam Ata Ocaq tarixi ilə 14-cü ildə (1992) keçirilən sözügedən mərasimdə dedi: «Artıq bundan sonra «Yas Günü» mərasimi keçirilməyəcək, çünki Mütləqə İnam Ocağı var. Ocaq – Yassızlıqdır. Ocaq varsa, Yas yoxdur».

İnam Ata «Azərbaycanımız-Azərbaycanlığımız» içsəsində 7 böyük milli faciəmiz içərisində Xalq Cümhuriyyətinin – Milli Hökumətin devrilməsini beşinci yerdə sıralayır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var