Modern.az

Anar: “Mənim xahişimlə Südabə Sərvini işə qaytardılar” - Eksklüziv

Anar: “Mənim xahişimlə Südabə Sərvini işə qaytardılar” - Eksklüziv

Mədəni̇yyət

6 İyun 2012, 16:15

AYB sədri: “Heç kimin çörəyinə bais ola bilmərəm”

ANS Şirkətlər Qrupuna məxsus “El” jurnalının şef-redaktoru Südabə Sərvinin işdən çıxarılması məsələsi bir neçə gündür ki, gündəmdədir. Südabə Sərvinin işdən çıxarılmasına səbəb kimi üzvü olduğu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın əleyhinə çıxışları göstərilirdi. Üstəlik, şef-redaktor işdən çıxarılmasında ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevi ittihamlayırdı. Öz növbəsində, Mirşahin Ağayev qeyd edib ki, Südabə Sərvi ANS-in daxili prosedur qaydalarını pozduğu üçün işdən kənarlaşdırılıb.

Qalmaqalda adı hallanan AYB sədri Anar Modern.az-a eksklüziv açıqlamasında Südabə Sərvinin işinə bərpa olunduğunu qeyd edib:
“Mən Südabə Sərvinin işdən azad olunduğunu eşidən kimi Vahid Mustafayevə zəng edib və bu xanımın yenidən işə qayıtarılmasını xahiş etdim. O da mənim xaişimə əməl edib Südabə Sərvini yenidən işinə bərpa etdi. Qeyd edim ki, mənim o xanımın işdən çıxarılmasından heç bir rolum olmayıb, əksinə, mən heç kimin çörəyinə bais ola bilmərəm. Mətbuatda da yazırlar ki, guya onu işdən mənim xahişimlə çıxardıblar. Bu yalandır. Bu günədək mənə qarşı söz deyənlərə bu sayaq cavab verməmişəm”.

Yazıçılar Birliyi hesab edir ki, S.Sərvi iş prosedurunu pozduğuna görə işindən azad olunduğu halda olayı AYB rəhbərliyinin adı ilə bağlamaq absurddur:

”Belə olan halda bəzi mətbuat orqanlarının, «alabəzək» başlıqlarla hay-küy qoparmaları ürək bulandırır. Südabə Sərvinin təhqir elədiyi qurumdan üzr istəməsi, yaşına yaraşmayan səhv etməsini dönə-dönə qeyd etməsi onun işdən çıxarılmasından əvvəl olub.
Hamıya məlumdur ki, Anar heç kəsə, hətta onu təkrar-təkrar təhqir edənlərə belə «cəza» verilməsinə razı olmaz. Südabənin katibliyə ünvanladığı ərizə dediklərimizi bir daha təsdiq edir”-deyə AYB-dən Modern.az-a bildirilib. AYB-dən S.Sərvinin yazdığı ərizənin mətnini də saytımıza təqdim ediblər.

Azərbaycan Yazıçılar Birliyinin Katibliynə AYB-nin üzvü Südabə Sərvi tərəfindən
                             
                                                           ƏRİZƏ

Bu ərizəmlə sizə məlum edirəm ki, 29.05.2012-ci il tarixində «Qafqazinfo» saytına verdiyim müsahibə zamanı bir qədər əsəbi və depressiya vəziyyətində olmuşam. Bunun da səbəbi uzun illərdir 3 övladımı təkbaşına kirayədə böyüt­müşəm, müxtəlif üzləşdiyim problemlər və mənzil siyahısında adımın olmaması idi:

Bu yazıda AYB-nin sədri, hər zaman böyük dəyər verdiyim Anar müəllimə və onun müşaviri Rauf Aslanovun ünvanına kəskin sözlər işlətmişdim. Təkrar edi­rəm, həmin müsahibəni verərkən çox hirsli idim; hirsli başda isə ağıl olmaz de­yib­lər.

Anar müəllim mənə çox yaxşılıqlar edib. Bunu nə mən, nə mənim övladlarım unuda bilməz. Ona görə də mənim ona qarşı çıxmağa heç bir haqqım yoxdur. Müşavir Rauf Aslanov da mənə hər zaman hörmətlə yanaşıb. Bu hadisələrdən sonra mən AYB-yə getdm, Rauf müəllim də, orda olan bütün işçilər də məni səmimi qarşıladılar. Baxmayaraq ki, mən Rauf müəllimin ünvanına kəskin sözlər demişdim, amma o mənə qarşı heç də kobud davranmadı, əksinə, dediyim kimi, çox səmimi qarşıladı. Əslində indiyə qədər mən ondan heç bir pislik görməmişəm. Onun haqqında dediyim kəskin ifadələri geri götürürəm, çünki gözünlə görmədiyin, dəqiq bilmədiyin bir iş haqqında danışmaq böyük günahdır. Mən sadacə bəzi adamların sözlərinə və qəzet materiallarına əsaslan­mışdım. Buna görə də AYB rəhbərliyindən üzr istəyirəm.

Dərin hörmətlə:   Südabə Sərvi

Könül Səid  

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü