Modern.az

Gitaranı milliləşdirən kimdir? - Bu ifaçı daha iddialı danışdı...

Gitaranı milliləşdirən kimdir? - Bu ifaçı daha iddialı danışdı...

Mədəni̇yyət

13 İyun 2012, 14:14

Rəmiş: “Azərbaycanda gitara yalnız mənim adımla bağlıdır”

Azərbaycanın milli musiqi alətlərinin yaranma tarixi eramızdan çox-çox əvvəllərə təsadüf edir. Amma zaman-zaman simli, nəfəs və zərb bölünən musiqi alətlərinə yeniləri də əlavə olunub. Qeyri-milli alətlərin Azərbaycana gəlişi hansı dövrə təsadüf edir? Bu alətlərin Azərbaycana gətirilməsi kimlərin adı ilə bağlıdır?

Bu dəfə Modern.az gitaranın Azərbaycana nə zaman gəldiyini və kimin adı ilə bağlı olduğunu araşdırıb.

Rejissor Arif Qazıyev: “Mən gitaranın Azərbaycana gəlməsini Rəmişlə xatırlayıram və bu alət onun adı ilə bağlıdır. Milli musiqilərimi ilk dəfə gitarada Rəmiş ifa edib. Rəmiş əvvəl tarda ifa edirdi, amma gitaraya keçəndən sonra məşhurlaşdı. Təxminən 1967-68-ci illərdə. Rəmişin ifasında milli melodiyalarımız çox fərqli alınırdı. Mənin rejissor işim olan “Şur” filmində də Rəmiş var“.

Müğənni Baloğlan Əşrəfov Rəmişin ifasının axıcı olmasında danışdı: “Mən hardasa 40 il var ki, musiqi ilə məşğulam və ilk dəfə əgər səhv etmirəmsə, gitaranı Rəmişin ifasında eşitmişəm. Bu insan ilk dəfə milli musiqilərimizi gitarada ifa edib və çox  da gözəl ifa edib. Düzdü, mən bir neçə fərqli gitara ustaları ilə toylarda olmuşam, amma nədənsə ancaq Rəmişin adı ilə bağlı olduğunu düşünürəm. Onun gitarada ifası çox şirin və fərqli alınır. Başqa ifaçıları da eşitmişəm. İslam Ağayevin və Zeynəb xanım Xanlarovanın ansamblında. Hətta İslam Rzayev onu musiqiçilərin arxasında gizlədirdi ki, çox da gözə görünməsin. Çünki əvvəllər etiraz edirdilər ki, ansamblda ayrı ölkənin musiqi aləti olmasın”. 

Gitaraçı Rəhman: “Azərbaycanda ilk dəfə gitarada milli musiqinin ifa olunması 1968-70-ci illərə təsadüf edir. Çoxları gitarada ifa etsələr də, bu ifa yüksək səviyyədə Rəmişin adı ilə qəbul edilib. O vaxtı mən balaca olmuşam və Rəmişdən öncə də ifa edənlər olubsa, bunu bilmirəm. Rəmiş bu sənətin pioneridir. O, gitaranı Azərbaycanda sevdirə bildi“.

Gitara ifaçısı Rəmiş (Rafiq Hüseynov): 1966-cı ildə Əhməd Bakıxanovun ansamblında solist olmuşam. Daha sonra ən məşhur insanlarla bir səhnəni bölüşmüşəm. “Şur” filmi üçün telekonsert çəkiləndə Zaur Əliyev gəlmədi və onun əvəzinə royalda ifa etdim. Çünki tar, piano, qarmon, zərb, ud və s. Azərbaycan xalq çalğı alətlərini də professional şəkildə ifa edə bilirəm. Azərbaycana o vaxtlar qonaq gələn tacik müğənnisi Leyla Şərifovanın bütün mahnılarını,  Zeynəb Xanlarovanın 25 mahnısını ifa etmişəm və bu lentlər radionun fondunda var. Düzü, məndən qabaq Sumqayıt ermənisi Suren gitarada ifa edirdi. Amma Azərbaycanda gitara məhz mənim adımla bağlıdır. Bakının kəndlərində olan bütün toylara və məclislərə məni dəvət edirdilər. Gitaram da hər zaman maşında olardı. Filarmoniyada mənim solo konsertlərim də olardı. Bir gün konsertdə adam o qədər çox idi ki, hətta şüşələri belə qırmışdılar. Konsertdən sonra bir ay oranı təmir etdilər. Axırıncı solo konsertim isə Musiqi Komediya Teatrında oldu”.

Könül Səid

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü