Modern.az

Pop-ulduzlar Bakıdakı konsertlərdən gəlir götürə bilirmi?

Pop-ulduzlar Bakıdakı konsertlərdən gəlir götürə bilirmi?

18 İyun 2012, 13:16

Nahid Emiloğlu: “Bizim ifaçılar zalı doldurmaq üçün bileti satmır, pulsuz paylayırlar”

Cennifer Lopez, Rianna və Şakira Bakıda “Crystall Hall”da konsert verəcəklər. Cennifer Lopez sentyabrın 23-də, Rianna oktyabrın 6-da, Şakira isə oktyabrın 14-də pop-musiqi həvəskarlarını sevindirəcəklər. Dünya şöhrətli bu ulduzların ölkəmizə gəlişi gənclər arasında futbol çempionatı ilə əlaqədardır. Amma ünlü müğənnilərin Bakıya kommersiya turneləri də son illər heç kimi təəccübləndirmir. Təəccüb doğuran məqam və xeyli sual yaradan qonorar haqları məlum olan “ulduzlar”ın Azərbaycandan cibi dolu dönüb-dönməmələridir.

Belə ki, əksər istər Rusiya, istərsə də Türkiyə və s. ölkələrin müğənnilərinin fərqli məkanlarda konsertləri təşkil edilir. Amma bu məkanlardakı biletlərin satışı ilə müğənninin gediş-gəliş, oteldə qalma, mühafizə, qonorar və s. xərclərini təmin etmək, üstəlik, qazanc əldə edilməsi şübhəli görünür. Tutalım, Heydər Əliyev adına Sarayda cəmi 2128 nəfərlik yer var. Bu məkanda bilet qiymətləri ilk sıralar üçün, adətən, çox yüksək olur. Orta cərgələrdən başlayaraq biletlərin qiyməti getdikcə azalır. Belə olan halda, deyək ki, təkcə qonorar haqqı 20-30 min dollar olan əcnəbi müğənnin zəhmət haqqı ödənilməklə gəlir götürmək mümkündürmü? Yəni xərc borcu ödəyirmi?

Bir çox yaddaqalan konsertlərin təşkilatçısı Nahid Emiloğlu Modern.az-a açıqlamasında bildirib ki, konsertlərdə ziyan çox olur: “Bu qarışıq məsələdir. Elə olur ki, yaxşı qazanırsan, bəzən də isə ziyan edirsən”.

Təşkilatçı bildirib ki, hər şey məkandan yox, müğənnidən asılıdır. “Elə müğənni olur ki, zalı doldurur, eləsi də var  ki, yox”.

N. Emiloğlunun sözlərinə görə, müğənni çox şeyi həll edir: “Məsələn, bir neçə gün öncə mən Rafet El Romanın konsertini təşkil etdim, 500 nəfərlik yerə 850 bilet satıldı”. Konsert təşkilatçısının sözlərinə görə, əcnəbi müğənnilərin turnelərində məkanın həlledici rolu var. Belə ki, restoran və əyləncə mərkəzlərində daha elitar təbəqə toplaşır. Buna görə də burada biletlərin satışı ilə bütün xərcləri ödəmək, üstəlik, lap kiçik də olsa, qazanc əldə etmək mümkündür. Lakin yerli estrada ifaçıları üçün Heydər Əliyev Sarayı və ya mədəniyyət klubları daha münasibdir. “Bizim ifaçıların çoxu bilet satışına böyük ümidlər bəsləmir. Bəzisi də, nə gizlədək, bilet paylamaqla zalı doldurmağa nail olurlar” .

Sevinc İltifatqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü