Modern.az

Dilarə Əliyeva: "Elə adamlar var ki, verilişimdən xəbərsizdir...” - MÜSAHİBƏ

Dilarə Əliyeva: "Elə adamlar var ki, verilişimdən xəbərsizdir...” - MÜSAHİBƏ

Mədəni̇yyət

25 İyun 2012, 12:05

Modern.az-da “Mübahisə” rubrikasının 13-cü qonağı Əməkdar artist, “Burda və indi” teleşousunun aparıcısı Dilarə Əliyevadır.

– Hazırda “Sirr” serialına çəkilirəm və verilişin də çəkilişləri davam edir. Bu serialda jurnalist obrazını oynayıram.

– Əməkdar artist Dilarə Əliyeva, yoxsa əməkdar aparıcı Dilarə Əliyeva? Hansı daha doğru təqdimatdır?

- Prinsipcə biri digərinin ayrılmaz hissəsidir. Əgər bu, bir əyləncəli proqramdırsa, nədən onu aktyor, yaxud da aktrisa aparmasın?! Təbii ki hər aktyor, hər jurnalist əyləncəli şou-proqram apara bilməz. Bunun üçün tamam başqa xüsusiyyətlər, keyfiyyətlər olmalıdır.

– Hansı keyfiyyətlər?

– Sualı qurmaq, söhbəti qurmaq, verilişin ritmini, tempini saxlamaq, tamaşaçıyla ünsiyyətə girmək, hər hansı xəbəri təqdim eləmək... Əgər özündə bir necə keyfiyyəti birləşdirə bilirəmsə və tamaşaçıda bunu qəbul edirsə, niyə də yox?!

– Veriliş yaranandan bu tərəfə yanınızda hər zaman köməkçi personajlar olub. Sizcə, buna nə dərədəcə ehtiyac var?

– Çox böyük ehtiyac var. Çünki təqdimat elə düşünülüb.

– Bəlkə bəzi məqamlarda aparıcının deyə bilmədiyini həmin personajlar deyirlər?

– Deyə bilmədiyim söhbət yoxdur. Lazım olan məqamda mümkün olan hər şeyi deyirəm. Ola bilər ki bunu açıq mətnlə deyil, sarkazmla, satirayla gözünə əyləncə qata-qata deyirik. Göndərdiyimiz mesajların alt qatında heç bir qərəz yatmır. Bizim əsas hədəfimiz şou-biznesdir.

– Dəfələrlə belə fikirlər səsləndirilir ki, Azərbaycanda şou biznes yoxdur. Sizin də hədəfiniz şou-biznesdir. Olmayan bir şey necə hədəf ola bilər?

– Sizin saytda niyə şou-biznes bölməsi var?

– Bizim saytda mədəniyyət bölməsi var, şou-biznes yoxdur.

– Mədəniyyət bölməsində şou biznes haqqında yazılarınız olur və dəfələrlə şou biznes kəlməsi yazılır.

– Saytımızın hədəfi şou-biznes deyil. Amma sizin verilişin hədəfi şou-biznesdir.

– Bəli. Şou-biznesimiz pisdir, yaxşıdır, zəifdir, amma məşhur tamaşada deyildiyi kimi, olanımız budur. Doğrudur, yüksək səslə bağıra bilmərik ki, bizdə şou-biznes var. Çünki bu çox böyük anlayışdır. İnsanlar şoulara milyonlar xərcləyirlər.

– Özünüzü şou biznes adamı hesab edirsiniz?

– Mən özümü şou-biznes aparıcısı kimi hiss edə bilərəm, adamı kimi yox. Nəyə görə? Gəlin şounun içində olan atributları sayaq. Əyləncə, işıq, sirk elementləri, oxumaq, oynamaq, artistlik. Bizim veriliş indi olanların içərisində sırf şou-biznes verilişidir. Bəlkə, sabah kimsə elə bir veriliş hazırlayacaq ki, biz ağzımızı açıb ona baxacağıq. O ki qaldı mənim şou-biznes adamı olmağıma, şou-biznes adamı olan insan efirdən kənarda öz şoularını qurmalıdır, sonra onun biznesini eləməlidir.

– Siz “Cavid ömrü” filmində, “Gəlinlər” teletamaşasında, “Oğru” tamaşasında maraqlı obrazlar oynadınız, amma yenə də aktrisa kimi yadda qalmadınız.

– Bu çox normaldır. Çünki 15 ildir tamaşaçı istədi-istəmədi onun evinin qonağı oluram.

– Bir aktrisa üçün aparıcı kimi yadda qalmaq nə qədər yaxşı məqamdır?

– Heç kimə diktə edə bilmərəm ki, məni aktrisa kimi yadında saxlasın. Aparıcı ola-ola hərdən bir aktrisalıqla məşğul olmaqla tamaşaçının yadında aktrisa kim qalmaq çətin məsələdir. Teatrda tamaşalarım olub. Hər kəsin bildiyi bir həqiqət var ki, televiziya qədər kütləvi təbliğat açarı yoxdur. Teatrda istədiyini oynaya bilərsən, amma o qədər də tanınmayacaqsan. Məsələn, “Cavid ömrü” filmini tamaşaçı ildə bir-iki dəfə görür, amma verilişlə hər həftə efirdəyəm.

– Çox böyük bir kütlə var ki, sizin həm də aktrisa olmağınızdan xəbərsizdir. Razılaşırsınız?

– (gülümsəyir) Elə adamlar var ki, ümumiyyətlə, verilişimdən xəbərsizdir. İnanın ki, məni heç nə təəccübləndirmir.

– Həyatda da efirdəki kimi “qırmızı” adamsınız?

– İstəyirsiniz adımı qırmızı qoyun, istəyirsiniz qara, amma həyatda da riyakarlığı sevmirəm. İllər ərzində xarakterim bu cür formalaşıb.

– Verilişdən sonra sizdən inciyənlər olub?

– Qətiyyən. Sözü deməyin də qaydası var. Onlar mənim müsahiblərimdir, hər birinə hörmətlə yanaşıram. Hörmətlə yanaşmasaydım verilişə çağırmazdım. Hamının yaxşısına yaxşı, pisinə pis deyirik.

– Bildiyimə görə bəzi qonaqlarınız verilişinizə çıxmaq üçün...

– (sözümü kəsir) Sualınızı başa düşdüm. 15 ildir efirdəyəm və kimdən istəyirsən soruşa bilərsən. Mənim verilişimə heç vaxt heç kəs bir gül dəstəsi belə bağlayıb gətirməyib.

– (zarafatyana) Bəs qonaqların efirdə sizə bağışladığı gül dəstələrini səhnənin arxasında özünüzmü onlara verirsiniz?

– Mən indi misal üçün dedim. Nə mən, nə də çalışdığım komanda belə şeyləri qəbul etmir. Əgər bu 15 il ərzində belə şey olsaydı mən efirə çıxmazdım. Qızım universitetdə oxuyur. Kiməsə pul verib qiymət yazdırmaq, kimdənsə pul alıb efirə çıxarmaq bizlik deyil. İstəyirsiniz mikrofonu əlimə alıb bağırım. Belə şeyləri özümə təhqir sayıram.

– Bəlkə sizə yox, verilişin prodakşın rəhbərliyinə veriblər?

– Əsla.

– Bir az da gəlin Dilarə Əliyevadan danışaq. “Gəlinlər” teletamaşasında oynadığınız Xavər obrazınız sizə nə dərəcədə yaxındır?

– Bu bir obrazdır. Mən obraza həvəslə girib çıxmağı bacarıram.

– Yəni?

– Bir az ayıq ol da. Tutmadın dediklərimi.

– Mən başa düşdüm, bəs oxucular?

– Bu il evliliyimizin 20 ili tamam olacaq və bu müddətin 14 ilini qayınanamla bir evdə yaşamışam. 14 il qayınana ilə yaşamaq, özü də necə yaşamaq...

– Hə, sonra...

– Yox, yox. Qayınanam çox yaxşı insandır, özü də aktrisadır. Özüm haqqımda çox danışaram, sonra deyəcəklər ki, özünü tərifləyir.

– Az öncə bildirdiniz ki, qızınız tələbədir. O da aktrisa olacaq?

– Onun üçün bu sahə maraqlı deyil. Bakı Dövlət Universitetinin fəlsəfə fakültəsində oxuyur.

– Məşhurluğunuz hansısa məqamda sizə kömək edirmi? Yaxud da tanınmağınızdan sui-istifadə elədiyiniz olur?

– Sui-istifadə eləmirəm, amma sağ olsunlar ki, hörmətlə yanaşırlar. Yolda görəndə də normal qarşılayırlar.

– Tənqiddən çəkinirsiniz?

– Sağlam tənqiddən çəkinmirəm bilməliyəm ki, onun kökündə qərəz yoxdur. Özümə vurğun insan deyiləm. 15 ildir verilişimin hər buraxılışına baxıram, hər dəfə də özümə tənqidi yanaşıram.

– Tənqiddən sındığınız olub?

– Qırılmaq olub, sınmaq yox. Sadəcə, düzgün təhlil aparılmayanda xoşuma gəlməyib. Xeyli müddət əvvəl bir xanım jurnalist veriliş haqda yazmışdı ki, budurmu bizim musiqi xəzinəmiz, sənətimiz... Təbii ki, həmin jurnalistlə danışdım, iradımı bildirdim. Dedim ki, sizin yazdığınız bilirsiniz nəyə oxşayır? Elə bil mədəniyyət verilişinə baxırsan, deyirsən ki, niyə burada ekologiyadan danışmırlar. Mədəniyyətdən danışmaq iddiası ilə orada oturub şou-biznes haqda danışsam sənin iddian haqlıydı.

– Niyə verilişinizdə reklamlara çox yer ayırırsınız?

– Televiziya verilişləri reklamlar arasındakı vaxtı doldurmaq üçündü. Təbii ki, mən bu suala cavab verə bilmərəm. Bildiyim odur ki, yüksək reytinq göstəricisi olan verilişlərin arasında da reklamlar çox yerləşdirilir. Bu mənə veriləcək sual deyil.

– Mənə elə gəlir ki, tənqidə qarşı aqressivsiniz. Bəzi məqamlarda suala sualla cavab verirsiniz.

– Bayaqdan normal gəlirsən bir az məntiqsizlik olanda suala sual gəlir. Bir də görürsən soruşurlar niyə Rəqsanəni verilişinə çağırırsan, cavab verirəm ki, bu insan tanınır, kifayət qədər sevəni var, ona görə də çağırıram.

– Son olaraq bizdə kütlə üstünlük təşkil edir, yoxsa fərdlər?

– Bu sualını o qədər də yaxşı saymıram. Deyəsən, sən özün də tənqidə açıq deyilsən.

– Aparıcı tamaşaçısının kimliyini bilib işini qurmalıdır.

– Bütün sahələrdə yaxşılar da, əlalar da, işinin öhdəsindən lazımınca gələ bilməyənlər də var. Bu fikri tamaşaçılara da aid etmək olar. İstənilən halda tamaşaçılarımdan narazı deyiləm.


Yusuf Yusufbəyli 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü