Modern.az

Nizami Cəfərov: “Kino sahəsində nəhayət normal bir qurum yarandı”

Nizami Cəfərov: “Kino sahəsində nəhayət normal bir qurum yarandı”

4 İyul 2012, 18:15

Kinematoqrafiya sahəsində yeni bir qurum olan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı artıq Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Bu qurumun Azərbaycan Kinematoqrafçılar İttifaqına rəqib olduğu artıq heç kimə şübhəli deyil.
İki ittifaqın üzvləri və rəhbərləri mətbuat səhifələrində “söz atışması”na, qarşılıqlı ittihamlara başlayıblar.

Millət vəkili Nizami Cəfərov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı haqqında fikirlərini Modern.az saytı ilə bölüşüb. O, kino sahəsində yeni bir qurumun yaradılmasını müsbət qiymətləndirib:

“Nəhayət ki, bizin kinematoqrafiya sahəsində uzun illərin mücadilə və çətinliklərindən sonra normal bir ittifaq yarandı. Şəfiqə xanım da (yeni qurumun sədri Şəfiqə Məmmədova-red.) təbii ki, bizim böyük sənətkarımızdı. Həmçinin sənəti dərindən bilən bir mütəfəkkirdi, kino sahəsində professionaldır. Bir də ki, bu sənətin inkişafı üçün yanğısı olan bir insandı. Son vaxtlar bu kino sahəsinə də xeyli vəsait ayrılır. Amma deyərdim ki, kino sahəsinə nə qədər vəsait ayırsan da,  azdı. Bu inkişafla yanaşı, ölkəmizdə yeni bir nəsil də yaranır”.

Nizami Cəfərov kinodramaturq Rüstəm İbrahimbəyovun sədri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətindən isə narazılığını gizlətməyib:

”Əvvəlki ittifaqda belə deyim ki, sənətdən daha çox şəxsiyyətlərin bir qruplaşması var idi. Bu da nəticə etibarilə sənətə xidmət edən bir şey deyildi. Onlarda daha çox özünü göstərmək və iddialar var idi. İddia yaxşı şeydi, amma sənətə xidmət edirsə, yox əgər sənətə xidmət eləmirsə, təbii ki, ziyanı olacaq. Mən əminəm ki, bu yeni yaranan Respublika Kinematoqrafçılar İttifaqı yaxşı işləyəcək və çalışacaq ki, yeniliklər olsun”.

Deputatın fikrincə, Rüstəm İbrahimbəyovun təşkilatının tanınmış üzvləri istər-istəməz Şəfiqə Məmmədovanın ətrafında birləşəcəklər.

”Buna ümid edirəm və bunu istəyirəm. Mən düşünürürəm ki, köhnə ittifaqın o qədər bazası qalmayıb və oradakıların hamısı yaşlı nəsildəndi. Amma indi əsas maraq ondan ibarətdir ki, bu işə gənclər cəlb olunsun. Əsas da odur ki, bizim gənclər hansı birliyi seçəcəklər. İnanıram ki, yeni qurum demokratik qərarlarla işləyəcək və ona görə də ətrafında daha çox gənclər birləşəcək. O ki, qaldı maliyyə məsələsinin həll olunmasına, bizim bütün mədəniyyət birlikləri Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə maliyyələşir. Bu qurum da yəqin ki, kənarda qalmayacaq“ .

 

Könül Səid

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü