Modern.az

Anamın əlləri

Anamın əlləri

Mədəni̇yyət

28 İyul 2012, 14:55

Xəyalə Sevil

Anamın əlləri

Anamın əlləri qocalır yaman,
Əllərinə cavan qırışlar düşür.
Aybaay, günbəgün, saatbasaat
Cavanlığı barmağından sürüşür.

Anamın əlləri qocalır yaman,
Əllərinə illər ağrısı çökür.
Bizim qayğımızı, zəhmətimizi,
İndi də qocalmış əlləri çəkir.

Bu qocalmış əllər cavan əllərin,
Beşik yürgələyən xatirəsidi.
Anamın əlinə düşən qırışlar
Onun taleyinin xəritəsidi.

Anamın əlləri qocalır yaman,
Ömrümü o qoca əllərə yazın.
Ölsəm, ruhumu da yaşadar mənim,
Qəbrimi anamın əlində qazın.

***

Şəkil

Bir ömür yaşadım mən səndən ayrı,
Gəl şəklindən soruş, hər şeyi bilir.
Bir vaxtlar özünü necə sevirdim…
İndi şəklin səndən artıq sevilir.

Mənə necə əziz gəlir bu şəkil,
Dünyanın sevinci yığılıb bura.
Tale əllərimdən alanda səni
Deyən səadətim dağılıb bura.

Ürək-əzabların qohumu olan,
Min yol qan ağlayan bir həsrət yeri.
Tale əllərimdən alıb əlini
Qismətin əlinə verəndən bəri.

Dərd Allahı olub bu sevgi mənə,
Həsrət gözlərimin içindən keçir.
Şəklin əllərimdə yuva salıbdı,
Şəklin gözlərimin yaşını içir.

Sevgi dünyasıdı bu şəkil mənə,
Əlimin içində yaşayan dünya,
Gözdən uzaq, sözdən uzaq, tər-təmiz,
Məni başa düşən və duyan dünya…

Ürəyimdə dərddi, nəmdi hər tərəf,
Gəl şəklindən soruş, hər şeyi bilir.
Bir vaxtlar özünü necə sevirdim…
İndi şəklin səndən artıq sevilir.

***

Geri qaytar ürəyimi

Görən nəyin cəzasıdı?..
Ürəyim dərdə asiydi,
Bir zərif, şıltaq qızıydı
Geri qaytar ürəyimi.

Soldu, soluxdu ürəyim,
Dərdə yoluxdu ürəyim.
Yadından çıxdı ürəyim,
Geri qaytar ürəyimi.

Dağıtdım sevinc sərgimi,
Gözümdə qoydum ərkimi.
Əri ölmüş gəlin kimi
Geri qaytar ürəyimi.

Bəxtimə çıxan adamım,
Bəxtimdən çıxan adamım,
Bəxtimi yıxan adamım,
Geri qaytar ürəyimi.

***
Nə güclüyəm, ilahi

Nə güclüyəm ilahi,
Gücüm özümə çatır.
Toy tutmuşam özümə,
Ürək qırmızı çadır.

Ayağım ona yollandı,
Getdi uzun yol gətirdi.
Ürəyimi qaytar dedim,
Onu da ki dul gətirdi.

O mənim qəlbimdə yara,
Adımdakı ayıbdımı?
Küləkmi  döyür qapımı,
Yoxsa ki o qayıtdımı?!

***
Üzərlik

Düşən axırıncı damlaydı gözdən,
Gözüm də boşaldı ürəyin kimi.
Eh !nəyə gərəkdi üzürhaqlığın,
Gün çıxar, quruyar gözümün nəmi.

Sıxan ürəyimi dar köynəyimdi,
Ürəyim hər şeydən sıxılan deyil.
Çəkdin əllərini  ürəyim altdan,
Qorxma, rahatca get ,yıxılan deyil.

Sevgimi soruşma ,sevgim kül olub,
Sevgimi bu külə mən inandırdım.
Doladım başına üzərlik kimi ,
Sevgimi ocağa atıb yandırdım.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü