Modern.az

Rayonlar haqqındakı mahnılar - “Kəlbəcər” mahnısı necə yarandı?

Rayonlar haqqındakı mahnılar - “Kəlbəcər” mahnısı necə yarandı?

Mədəni̇yyət

13 Avqust 2012, 11:12


“Bəlkə bu mahnını başqa müğənni oxusaydı, bu qədər yaxşı alınmazdı”

Modern.az bölgələrlə bağlı olan mahnıların yaranması prosesini araşdırmaqda davam edir. Bu dəfə söhbət “Kəlbəcər” mahnısının necə ərsəyə gəlməsindən gedəcək.

Yazıçı-jurnalist Hidayət Elvüsal “Kəlbəcər” mahnısının necə yaranmasından danışdı:

“ Mənim bu yerlərə böyük sevgim var və hər zaman da “Kəlbəcər”i görmək həsrəti ilə yaşayıram. Bir gün televiziyadan eşitdiyim xəbər məni bütün gecə boyu yatmağa qoymamışdı. Kəlbəcərin adının dəyişdirilib, “Karvanşar” qoyulması məni çox təəccübləndirmişdi. Qaçqın düşmüş anaların acılarını və fəryadlarını gözümün önünə gətirdikcə, bununla yanaşı? onların yırğalanaraq dedikləri ağıları düşündükcə daha da kədərləndim və bütün gecə boyu yata bilmədim. Qəlbimdəki bu nisgil yenidən alovlandığına görə qələmimi götürüb, ürəyimdən keçənləri yazmağa başladım. Zamanın necə keçdiyini anlamadan, saatın dörd olduğunun fərqinə vardım. Mahnı ilk dəfə yazılanda bəzi misralarda çatışmazlıqların olmasına baxmayaraq, hər kəs tərəfindən bəyənildi. Bu mahnını yazıb bitirdiyim zaman mən bunun kimin oxuyacağı haqqında o qədər də düşünmədim. Çünki bu mahnının yalnız Tağı Salehoğlunun ifasında daha yanıqlı və təsirli olacağını düşündüm. Onun səsini eşitmişdim və həm də yaxınlığımız da var idi. Başqa müğənnilərdə məndən bu mahnını ifa etmək üçün istəmələrinə baxmayaraq, amma mən razılaşmadım və beləliklə bunu Tağı Salehoğlunun oxumasına qərar verdim. Ürəyimdə, beynimdə bu mahnı sanki, onun səsinə hesablanmış bir mahnı idi. Çünki o, Qarabağlı olduğuna görə, daha ürəkdən və yanıqlı oxuyur. Bu mahnı Kəlbəcərlilər tərəfindən daha çox sevildi və doğma vətənlərinin həsrətini çəkən insanların ürəyinə sanki, su səpələmiş oldu”.

Müğənni Tağı Salehoğlu “Kəlbəcər” mahnısının ona böyük uğur gətirməsindən danışdı:

“Hidayət Elvüsala çox böyük hörmətim var. Onun bəstələri hər kəs tərəfindən çox məmnunluqla dinlənildiyinin də şahidi olmuşam. Bu mahnının məhz mənim tərəfimdən ifa edilməsini çox gözəl qarşılamışdım və bu mahnı mənə təklif olunanda böyük məmnunluqla ifa etdim. Bu mahnıya qulaq asanda çox təsirləndim və düşündüm ki, bu musiqi məndən başqa heç bir müğənni tərəfindən uğurlu alınmayacaq. Çünki Kəlbəcəri, bu yerləri görmək arzusu qəlbimdə bir həsrətə çevrilib. Uşaqlığım bu torpaqlarda keçdiyinə görə, bu yerlər mənim üçün çox əziz və doğmadır. Yay vaxtları həmişə Kəlbəcərdə İstisuda dincəlməyə gedərdik. Bu yerlərin gözəl guşələrini, müalicəvi İstisuyunu bütün Kəlbəcərlilər yenidən görmək arzusu ilə yaşayır və nə zamansa bu torpaqlara bir daha geri qayıdacaqlarını ümid edirlər. Mən də bu mahnını sevərək və ürəkdən oxumuşam və çalışmışam ki, yaxşı alınsın. Düşünürəm ki, uğurlu alınıb. Bu mahnının mənə gətirdiyi  ən böyük uğur isə mənim kəlbəcərlilər tərəfindən çox böyük sevgiylə qarşılanmağıma oldu. Bütün Kəlbəcərlilər bu mahnını sevir və dinlədikləri zaman bu yerlərin həsrətini çəkirlər”.



Pərvin Arzuqızı
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü