Modern.az

Hüseyn Arifin lətifələri – VII

Hüseyn Arifin lətifələri – VII

18 Avqust 2012, 12:34

Azərbaycanın Xalq şairi Hüseyn Arif istedadlı, hazırcavab və zarafatcıl söz adamı olub. Uzun illərdir onun lətifələri, atmacaları, məzəli söhbətləri gəzib dolaşmaqdadır. Onun lətifələrini vaxtilə şairin yaxın dostu, Xalq yazıçısı İsmayıl Şıxlı toplayaraq “Dostum Hüseyn Arifin lətifələri” adlı kitabda nəşr etdirib.

Modern.az saytı İsmayıl Şıxlının dilindən Hüseyn Ariflə bağlı daha bir neçə duzlu-məzəli lətifələri oxucuların diqqətinə çatdırır.

*** 

Ovçular səhər tezdən ova gedəcəklərinə görə, axşamdan yatmağı qərara alırlar. Hava soyuq imiş. Ona görə pəncərələrin dal taxtalarını bağlayırlar. Çarpayı az olduğundan döşəmədə, gəbənin üstündə yorğan-döşək töküb yer salırlar. Hüseyn Arifə çarpayıda yatmağı məsləhət görürlər. O isə “bura yaxşıdır” deyə hamıdan əvvəl gurhagur yanan sobanın yanındakı döşəyin üstünə uzanıb yorğana bürünür.
Yoldaşları ona deyirlər ki, “pəncərənin yanında yatma, soyuq olar”, Hüseyn inadından dönmür.
Gecədən xeyli keçmiş ovçulardan biri oyanıb, Hüseyni səsələyir.
- A şair, zəhmət olmasa, pəncərənin taxtasını arala, bax, gör işıqlaşmır ki, sonra yatıb qalarıq.
Hüseyn taxtanı aralayıb baxır.
- Yox hələ qaranlıqlıdır, yıxıl yat. İşıqlaşan kimi özüm sizi qaldıracam.
Aradan bir az keçir, yenə kimsə oyanır.
- A şair, başına dönüm, bax, gör işıqlaşmır ki?
Hüseyn taxtanı aralayıb baxır və sakitcə cavab verir.
- Yox, hələ qaranlıqdır. Yıxıl yat, işıqlaşanda özüm qaldıracam.
Hüseyn yenidən bürünüb yorğanın altında büzüşür.
Nə qədər mürgülədiyindən xəbəri olmur. Səs-küyə oyanır və tez taxtanı aralayıb baxır.
- Ə, nə hay-haray salıbsınız, görmürsünüz hələ qaranlıqdır.
- A şair, deyəsən elə bütün gücəni pəncərələrin taxtası ilə paltar şkafının qapısını dolaşıq salıbsan
- Elə şey olmaz, -deyə Hüseyn Arif təəccüblənir və başa düşür ki, gecə pəncərə əvəzinə başını şkafın içinə salıb, baxırmış. Tez ayağa durub paltarlarını geyinir.
Qəh-qəhə çəkən yoldaşlarının yanında özünü sındırmır.
-  Qarışıq salmayıb, neyləsin, taxtalar bir-birinə oxşayır. Di, tez olun gedək.
Hava  isə çoxdan işıqlanmışdı.
 
***

Bir gün Moskvada Hüseyn Ariflə Nazim Axundov Səməd Vurğunun yanına gedirlər. Xoş-beşdən sonra Hüsyn Arif yenicə yazdığı “Stalin” poemasını şairə oxuyur. Şair poemanı çox bəyənir və birdən soruşur.
- Bu zaman buralarda nə gəzirsən?  
- Oxuyuram.
- Harada?
- Aspiranturada.
Səməd diqqətlə Hüseynin üzünə üzünə baxır və inanmır.
- Get atdanmağın dalınca
Hüseyn Səməd Vurğunu inandırmağa çalışır.
- Vallah, düz sözümdür, Səməd qağa, dissertasiyamın yarısını da yazmışam.
- Kimdən ?
- Fərrux Yezdidən.
- Ə, ağlını başına yığ, səndən alim olar? Alim bax, bu Nazim kimisindən olar. Oturmağı bacarır. Sən isə bir yerdə qərar tuta bilmirsən. Vaxtı ilə mən də dissertasiya yazırdım. Zakirdən. İki-üç fəslini də qaralamışam.  Atdım, get şeirini yaz. Adam ömrünü ömrə xərcləməz.
- Baş üstə, Səməd qağa, sabahdan alimliyin daşını atıram.
 
***

Hüseyn Arifin alim dostalarından biri onun yanına gəlir. Gələn kimi də siyasətdən danışır, qurluşdan, hökümətdən narazılığını bildirir. Şair onun sözünü kəsir
- Bura bax, eloğlu, yadındadımı Bakıya oxumağa gələndə bir ala xurcunun, bir də iplikdən ala corabın vardı? Hələ çarığını demirəm. İndi, maşallah, şəhərin ortasında dörd otağın, uşaqlarının da hərəsinin ayrıca evi var. Daha nə istəyirsən? Özün də akademik. Beş-on məqalə yazıb olubsan alim. Başın haqqı, düz sözümdü, pirinizə təpik atmayın. Belə səfeh höküməti heç yerdə tapa bilməzsiniz. Müftəcə sizi bordayır, daha nə istəyirsiniz?
 
***

Yazıçılar İttifaqında birinci katib işləyirdim. Zəlimxan Yaqub yanıma gəldi. Sabir demişkən, onu “rusbaşdılar” kitabsevərlər cəmiyyətindən işdən çıxarmışdılar.
Kömək istədi. Zəlimxan sinədəftər şair idi. Klassik, xüsusən aşıq poeziyasını əzbərdən bilir. Fikirləşdim ki, Aşıqlar Birliyində işləsə, çox xeyri dəyə bilər. Dəstəyi götürüb Hüseynə  zəng vurdum.
- A kafir, yanımda bir oğalan oturub, gözəl şairdir, xalq poeziyasını da əzbərdən bilir. Aşıq sənətinin mahir sərrafıdır. Sənin də yaxın dostundur. Yanında işə götürsən, sənə çox xeyri dəyər.
- Kimdi?
- Zəlimxan Yaqub.
- Tanıyıram. Amma məndə tamada yoxdu.
Dəstəyi asdı.

Ardı olacaq...

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü