Modern.az

Türk dili Azərbaycan dilinə necə çevrildi? - II yazı

Türk dili Azərbaycan dilinə necə çevrildi? - II yazı

10 Dekabr 2012, 10:59

Milli dili-Türk dilini ruslaşdırmaq və kosmopolit hala gətirmək üçün, Sovet rəhbərliyinə lazım idi ki, yalnız türk dilinin mahiyyətini deyil, onun adını da dəyişdirsin və yeni hüquqi bir status yaratsınlar. Bu məqsədlə 1936-cı ildə SSRİ Konstitusiyasında baş verən dəyişikliklər nəticəsində Azərbaycanda da yeni konstitusiyanın qəbul olunması məcburi hala çevrildi. Yeni konstitusiya layihəsində isə Azərbaycan SSR-nin dövlət dili ilə bağlı heç bir maddə öz əksini tapmamışdır. Sadəcə, layihədə göstərilirdi ki, Sovet Azərbay­canı­nın qanunları, fərmanları və qərarları Azərbaycan, rus və erməni dillərində elan olunur. Fikrimizcə, konstitusiya layihəsinə Sovet Azərbaycanının dövlət dili ilə bağlı ayrıca maddənin salınmamasına əsas səbəb SSRİ rəhbərliyinin Azərbaycan türklərinin etnik mənşəyinə və dilinə qarşı dəyişən münasibəti mühüm rol oynamışdı. SSRİ ideoloqları Sovet Azərbaycanını artıq bir türk dövləti kimi görmək istəmir, bu mənada onun əhalisinin və dilinin türk adlandırılmasına qarşı çıxırdı. Bunu nəticəsi olaraq, Azərbaycanda yeni konstitusiya layihəsini hazırlayanlar cəsarət edib milli dillin statusu, eləcə də milli bayraqla bağlı heç bir maddə salmamışdılar.

Ancaq 1937-ci ilin martında 14-də ÜmumAzərbaycan Fövqalədə 9-cu Sovetlər qurultayının qərarı ilə qəbul edilmiş yeni konstitusiyada Sovet Azərbaycanının dövlət dilinin statusu və bayrağı ilə bağlı iki maddə əlavə olunmuşdur. Konstitusiyaya əlavə edilmiş 151-ci maddə də milli dillə bağlı yazılırdı: «Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir. Azərbaycan SSR ərazisində yaşayıb azlıq təşkil edən millətlərə, həm öz mədəniyyət idarələrində, həm də dövlət idarələrində ana dilini inkişaf etdirmək və işlətmək hüququ təmin edilir».

Beləliklə, Azərbaycanda «milli dil»ə münasibət ikinci mərhələyə qədəm qoydu ki, burada əsas məsələ Sovet Azərbaycanında milli dilə verilmiş yeni adın «Azərbaycan dili»nin əsaslandırılması və onun hüquqi, yəni dövlət statusunun müəyyənləşməsi idi. Başqa sözlə, sovet rəhbərləri və ideoloqları bu mərhələdə bir tərəfdən, «Türk dili» anlayışını xalqın yaddından çıxartmağa və müstəqil «yeni dil»-«Azərbaycan dili» anlayışını formalaşdırmağa çalışdığı halda, digər tərəfdən, «Azərbaycan dili»ni formal bir dil halına gətirərək, faktiki olaraq rus dilini rəsmi dil səviyyəsinə qaldırmağa cəhd göstərmişlər. Şübhəsiz, hər iki məsələni öz müstəmləkə maraqlarına uyğun şəkildə həll etmək üçün Sovet Rusiyası yerli-Azərbaycan alimlərindən, şairlərindən və başqalarından da maksimum faydalanmağa çalışmışdır.

Bunun nəticəsi idi ki, birinci məsələ - «Azərbaycan dili»nin türk dilindən tamamilə ayrı, müstəqil bir dil olmasını əsaslandırmaq üçün dilçi alimlərdən Ə.M.Dəmirçizadə «Azərbaycan ədəbi dil tarixi xülasələri» (1938) kitabında yazırdı ki, Azərbaycan ədəbi dil tarixi bu vaxta qədər tədqiq edilməmiş sahədir. Guya, bu vaxta qədər «Azərbaycan dili» tarixi əvəzinə Orxon-uyğur yazıları keçilmişdir. Belə ki, türkoloqlar, pantürkist-idealist burjuaziya linqivistləri «Azərbaycan dili»ni «türk-tatar dilləri ailəsinin» bir ləhcəsi hesab edərək onun tarixini, müstəqil inkişafını ümumi dil ailəsi içərisində əritmişlər. Dəmirçizadə bu fikirlərini irəli sürərkən B.Çobanzadə, F.Ağazadə və başqa dilçi alimlərin Azərbaycan türk dilinin ümumtürk dilinin bir qolu olması müddəalarını nəzərdə tutmuşdur: «Bunların fikrincə (B.Çobanzadə, F.Ağazadə və b. - F.Ə. ), XI əsrdə yaranmış iki ədəbi dildən biri xaqaniyyə-şərqi türkcəsi olmuş ki, sonra cığataycanı - özbək, türkmən və ümumən Orta Asiya «türk ləhcəsini» yaratmış; digəri isə oğuzcadır ki, Anadolu, Azərbaycan, İraq, Əlcəzair türklərinin dili olubmuş ki, sonradan bu oğuzcadan, guya osmanlı və Azərbaycan ləhcələri ayrılıbmış. Bu dillərin anası isə tukyu (Orxon-Yenisey boyları və şərqi Türküstanın qədim «ləhcələri», uyğurca və s.) dili olubmuş. Buna görə də, bu vaxta qədər Azərbaycan dili tarixi Orxon - uyğur abidələri ilə başlanıb, onunla da bitirilirdi».

Sovet ideoloqları tərəfindən ortaya atılmış «Azərbaycan dili»ni türk dilindən tamamilə ayrı müstəqil bir dil olması mülahizəsini əsaslandırmaq üçün Dəmirçizadə iddia edirdi ki, dillər bir anadan olmayıb, bir kökdən ayrılmayıb. Guya, dillər bir kökdən budaqlara ayrılma, vahidlikdən müxtəlifləşmə yolu ilə deyil, müxtəliflikdən vahidliyə doğru inkişaf etmişdir. O yazırdı: «Halbuki, pantürkizmin çıxış nöqtəsi ana dilidir. Onlar «ana dilin» budaqlanması yolu ilə hərəkət edirlər. Bu isə, heç bir doğru nəticə verə bilmir». Dəmirçizadə hesab edirdi ki, yeni yaranmış dilin osmanlı dili ilə eyniliyindən çıxış etmək doğru deyil, çünki «Azərbaycan dili əsas spesifik cəhətləri ilə osmanlı dilindən, bir müstəqil dil olaraq ayrılır». Beləliklə, Dəmirçizadənin Marks-Engels-Lenin-Stalin təlimindən çıxış edərək gəldiyi qənaətə görə, «Azərbaycan dili» türk dilinin əsasında deyil, ərəb və fars dillərinin yerli dilə qarışması nəticəsində 13-cü əsrdə yaranmışdır. Ancaq o bu zaman «yerli dil» dedikdə hansı dili nəzərdə tutmuşdur, məlum deyildir.

Bütün hallarda, «müstəmləkəçilik» siyasətinin nəticəsi idi ki, 1920-1940-cı illər Azərbaycan mətbuatında ortaq türk dilinin ruhuna uyğun işlədilmiş bir sıra sözlər (yasaq, qolay, tışarı, varmaq, köy, əkmək, yabançı və s.), 1940-1960-cı illərdə  sovet ədəbiyyatında türk dilindən alınmış yabançı sözlər kimi qələmə verilmişdi. Hətta, iş o yerə gəlib çatmışdı ki, 1950-1953-cü illərdə «Kitabi Dədə-Qorqud»un türk dilində yazıldığı, bu baxımdan onun Azərbaycan dilinə və Azəbaycan xalqına heç bir aidiyyətinin olmadığı iddia olunurdu.

Bu baxımdan sovet dövründə hökm sürən kosmopolit və mərkəzçilik ideologiyasının təsiri altında bəzi tədqiqatçılar, o cümlədən dilçi alimlər (V.Aslanov və b.) imperiya tərəfindən yeni ad verilmiş «Azərbaycan dili» ilə türk dilinin fərqli olduğunu göstərmək üçün yazırdılar: «Nəzərdə tutmaq lazımdır ki, bu qəbil sözlərin, demək olar ki, hamısı uzun müddət hər iki dildə (?! -F.Ə.), yəni həm doğma ana dilimizdə, həm də türk dilində qədimdən müştərək şəkildə işlənmiş, sonralar dilimizin inkişafı ilə əlaqədar olaraq başqa sözlərlə əvəz edilmiş, türk dilində isə qalmışdır». Bu zaman açıq-aşkar 1937-ci ilə qədər «türk dili» adlanan bir dilin varlığı inkar edilir və heç bir əsası olmayan fikirlər səsləndirilirdi. Əgər burada söhbət Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsindən gedirsə, bu dilin qədim dövrdə eyni köklü olması, sonrakı dönəmlərdə, ləhcələr baxımından müəyyən dəyişikliklərə məruz qalaraq bir qədər fərqli şəkildə inkişaf etməsi təbiidir. Ancaq bunu, tamamilə bir-birindən fərqli və müstəqil iki dil kimi qələmə vermək, ən azı elmi obyektivlikdən uzaq idi.

Qeyd edək ki, bir müddət yalnız bəzi dilçi alimlər deyil (Ə.Dəmirçizadə və b.) deyil, o cümlədən tanınmış şairlər, yazıçılar da dünənə qədər «türk dili» adlandırdıqları bir dili, 1937-ci ildən etibarən «Azərbaycan dili» kimi ifadə etmişlər. Həmin dövrdə onların arasında ən tanınmış sima hesab olunan S.Vurğun yazırdı ki, «yeni dil» «ərəbçilik, farsçılıq, nəhayət pantürkist Ə.Hüseynzadələrin ədəbiyyatımıza gətirmiş olduqları osmanlılıq xəstəliyindən azad olaraq bu gün xalis Azərbaycan dili olmuşdur». Ancaq bunun əvəzində «yeni dil» təzə bir «xəstəlik» tapmışdır ki, bunu S.Vurğun nailiyyət kimi qələmə verirdi: «Biz bu gün fəxr edirik ki, Azərbaycan dili əsasən öz milli forması ilə inkişaf etməklə bərabər, qardaş xalqlar, xüsusən böyük rus dili hesabına da zənginləşir. Beləliklə, bu dil dar milli bir çərçivədə qalmayaraq, bütün ittifaq sahəsinə qalxır».

S.Vurğunun fikirlərindən belə çıxır ki, dünənə qədər Azərbaycan xalqının dili türk dili olduqda məhdud xarakter daşıyırmış, ancaq o adını dəyişdirib rus dili ilə «zənginləşəndən» sonra Sovet İttifaqı sahəsində genişlənmişdir. Hər halda, bütün bunlar milli dilə qarşı yönəlmiş məntiqsiz və müstəmləkəçilik ruhundan irəli gələn mülahizələr idi. Eyni zamanda, bu müstəmləkəçilik ruhunun nəticəsi idi ki, 1937-ci ilə qədər Azərbaycan türk dilindən, türk ədəbiyyatından, türk şeirindən bəhs edən Vurğun hətta, sovet ideoloqlarının ortaya atdığı «yeni xalq» və «yeni dil» tezislərinə uyğun olaraq, Azərbaycan türklərinin Türkiyə türklərindən ayrı müstəqil bir xalq olduğunu da iddia edirdi: «Biz heç bir xalqın, xüsusən osmanlı türklərinin quyruğunda getməmişik, çünki Azərbaycan xalqı özünün tarixi ilə başqa millətdir və öz tarixi vardır, onun adı Azərbaycan xalqıdır. Burada məsələ prinsip məsələsidir». Şühəsiz, Azərbaycan türk milləti türk irqinin ayrıca bir qolu kimi təşəkkül tapmış və bunun nəticəsi olaraq müstəqil dövlətlərini (Sacilər, Azərbaycan Atabəylər, Şirvanşahlar, Qaraqoyunlular, Azərbaycan Səfəvilər, Azərbaycan Cümhuriyyəti ə b.) də yaratmışdır. Ancaq bu Azərbaycan türklərinin Anodolu türklərindən tamamilə fərqli bir millət olması və fərqli dillərdə danışması anlamını da özündə əksir etdirmir.

Göründüyü kimi, vaxtilə çar Rusiyası türk dilinin varlığını inkar edib, onu «tatar dili» olaraq əsaslandırmağa çalışdığı kimi, Sovet Rusiyası da bir müddət türk dilinin mövcudluğuna dözdüyü halda, sonra sələfinin yolunu davam etdirərək «Azərbaycan dili» versiyasını ortaya atmışdı. Üstəlik, çarizm A.A.Bakıxanov, M.F.Axundzadə, M.Kazım bəy və başqalarını «tatar dili» məsələsinə cəlb etdiyi kimi, Sovet Rusiyası da «Azərbaycan dili» ideyasını ortaya ataraq yerli ziyalıları (Ə.Dəmirçizadə, S.Vurğun və b.) məcbur edirdi ki, yeni yaradılmış dilin türk dilindən əsasən ayrı, müstəqil bir dil olmasını sübut etsinlər. Hər iki halda müstəmləkə siyasəti və bunun nəticəsi olaraq milli dilin assimilyasiyası prosesi baş vermişdi. Çünki milli dilin adının dəyişdirilməsi ilə yalnız, millətin milli kimliyinə zərbə vurulmamış, həm də onun mədəniyyəti, ədəbiyyatı və tarixi də saxtalaşdırılmışdı. Başqa sözlə, Azərbaycan türkləri tarixən eyni soykökü, eyni mədəniyyəti, eyni ədəbiyyatı, eyni tarixi paylaşdığı Türkiyə türklərindən tamamilə fərqli millət olması insanların şüurlarına yeridilməyə çalışılmışdı.

SSRİ dövründə sovet rəhbərləri və ideoloqları «Azərbaycan dili»nin türk dilindən tamamilə ayrı və fərqli bir dil olmasını əsaslandırmağa çalışmaqla yanaşı, eyni zamanda, bir tərəfdən «Azərbaycan dili»ni bacardıqları qədər ruslaşdırır-kosmopolitləşdirir, digər tərəfdən bu dilin konstitusion hüquqi statusunu görməməzlikdən gəlir və onun əvəzində rus dilini qeyri-rəsmi şəkidə də olsa, Azərbaycanda dövlət dili səviyyəsinə qaldırırdılar. Şübhəsiz hər iki hal, Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrində, istər Azərbaycanın yüksək çinli rəhbərləri, istərsə də milli ruhlu mütəfəkkirləri və gəncləriyinllətçi kəsimi ltayının yrıca maddənin də et Azərbaycanının qanunları, fərmanları0 i tərəfindən birmənalı qarşılanmamışdır.

Xüsusilə, 1930-cu illərin sonu, 1940-cı illərin əvvəllərində, yəni milli dilin adının dəyişdirilməsindən və latın əlifbasından kirilə keçiddən sonra «Azərbaycan dili» ətrafında baş verən ruslaşdırma və kosmopolitləşdirmə siyasəti o qədər güclü olmuşdur ki, bəzi ziyalılarımız ifrata vararaq rus və Avropa terminlərini (alqebra, qradus, nerv, prosent, şar, muskul, pauza, avtor, epos, tragediya, kultura, induvud, stilistika, minus, vertikal, evolyosiya, qeoqrafiya, qeometriya və.) ana dilin qayda-qanunlarına uyğunlaşdırılmadan tətbiq olunması təklifini irəli sürürdülər. Çox təəssüf ki, o vaxt Azərbaycan-türk ziyalılarından bəziləri (repressiyanın qurbanı olmayanlar) bu prosesin kor-koranə təbliğatçısına çevrilmişdir. Bəzi ziyalıların özlərinin də etiraflarına görə, ruslaşdırma siyasəti nəticəsində artıq 1940-cı illərin ortalarında Azərbaycan türk dili rus və Avropa mənşəli sözlərlə zibillənmişdir. Bu  cür məqalələrin müəllifləri əcnəbi sözlər dedikdə, rus və Avropa mənşəli terminləri nəzərdə tutur, ancaq məlum səbəblərə görə, bunu açıq formada ifadə etməyə çəkinirdilər. Ancaq dünənə qədər ərəb və fars terminlərinin qədim türkcə, yaxud da yeni türk sözləri ilə əvəz olunmasını irəli sürənləri - türkçüləri tənqid edənlər, eyni qaydada rus və Avropa mənşəli terminləri dilimizə sırıyan beynəlmiləlçilərə-müstəmləkəçilərə cavab verə bilmirdilər.

Bu baxımdan 1940-cı ilin ortalarında Azərbaycan türk ziyalılarından bəzilərinin rus və Avropa mənşəli terminlərin dilmizə gətirilməsi, eləcə də yeni terminlərin rus dilində yaradılması ilə bağlı üstüörtülü etirazları da elə bir ciddi nəticə verməmiş, bu proses sonrakı onilliklərdə də davam etmişdir. Belə ki, 1930-cu illərin axırlarından başlayan dildə və əlifbada ruslaşdırma siyasəti 1950-1970-ci illərdə də davam etmiş, yəni termin düzəltməkdə əsas mənbə rus dili olmuşdur.  Bu baxımdan sovet ədəbiyyatında termin düzəltməkdə birinci mənbə Azərbaycan, ikinci mənbə rus dili göstərilsə də, əslində vəziyyət tamamilə fərqli olmuşdur. Çünki elə həmin ədəbiyyatın başqa bir yerində açıq şəkildə etiraf olunur ki, 1940-cı illərə doğru inkişaf etdikcə ərəb, fars və türk dilinin təsirinə qarşı aparılan mübarizə nəticəsində ədəbi dilin lüğət tərkibi «müsbət nəticə»yə doğru dəyişmişdir. Həmin «müsbət nəticə» isə bundan ibarətdlir: «Yəni ədəbi dilə lüzumsuz yerə gətirilmiş ərəb, fars, türk dili söz və tərkiblərinin, eləcə də purizm ünsürlərinin miqdarı azalır, ədəbi dilin lüğət tərkibinin zənginləşmə mənbəyinin istiqaməti dəyişilərək rus dilindən və rus dili vasitəsilə başqa dillərdən sözgötürmə meylləri daha da çoxalır».

Bunu sovet müəllifləri təbii hal adlandırıb, rus dilindən alınan sözlərin zorakılıqla, müəyyən bir təsirlə olmayıb, «sosializm prinsipləri əsasında yeni həyat quran hər iki xalqın siyasi, ictimai, iqtisadi və mədəni həyatı ilə bağlı» yaranan anlayışlar kimi qələmə alsalar da, əsilində burada birinci müddəanın əsaslı rol oynaması şübhəsizdir. Yəni heç bir halda məntiqə uyğun gəlmir ki, bir millət dilini saflaşdırıb yad dillərə aid kəlmələrdən təmizləyərkən, öz ana dili qaynağına-qədim türkcəsinə və ona doğma olan başqa türksoylu millətlərin terminlərinə deyil, ona yad olan bir xalqın dilinə və onun terminlərinə müraciət edilir. Bu baxımdan sovet müəlliflərinin Azərbaycan türk dilinin 1930-cu illərin ortalarından başlayaraq ruslaşdırılması siyasətinə haqq qazandırmaqla bağlı irəli sürdüyü mülahizələr inandırıcı deyildir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü