Modern.az

Mehriban Əliyevanın ideya müəllifi olduğu yarışda 1-ci yeri azərbaycanlı və iranlı tutub

Mehriban Əliyevanın ideya müəllifi olduğu yarışda 1-ci yeri azərbaycanlı və iranlı tutub

21 Mart 2013, 01:14


Martın 9-dan 19-dək Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı keçirilib. 

Festival çərçivəsində elmi simpozium, gənc ifaçıların beynəlxalq muğam müsabiqəsi, paytaxt və bölgələrdə silsilə konsertlər təşkil edilib.
Martın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalının təntənəli bağlanış mərasimi olub.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə iştirakçıları Novruz bayramı münasibətilə təbrik ediblər.
Bildirilib ki, Azərbaycanda on gün davam edən “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı təkcə ölkəmizdə deyil, sərhədlərimizin hüdudlarından kənarda da böyük əks-səda doğurub.
Diqqətə çatdırılıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ideya müəllifi olduğu muğam layihələri Azərbaycan muğam mədəniyyətinin müxtəlif istiqamətlərdə inkişaf etməsinə, dünya miqyasında təbliğinə, onun elmi problemlərinin tədqiqinə, muğamlarımızın müasir ali musiqi məktəblərində tədrisinə, muğam mədəniyyətimizə mütəxəssis marağının artmasına səbəb olub.
Vurğulanıb ki, muğam sənəti UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Diqqətə çatdırılıb ki, builki festivala 24 ölkədən iştirakçı qatılıb. Bu fakt muğam sənətinə və festivalına ildən-ilə artan marağın göstəricisidir.

Sonra muğam müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Mükafatlandırma mərasimində müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Səyavuş Kərimi deyib ki, artıq ənənəvi olaraq Bakıda keçirilən bu müsabiqə Azərbaycan muğamının inkişafına öz töhfəsini verməkdədir.
Qeyd edilib ki, Üçüncü Beynəlxalq muğam müsabiqəsinə 10-dan artıq ölkəni təmsil edən ifaçılar qatılıblar.

Diqqətə çatdırılıb ki, “Qran-pri” mükafatına layiqli namizəd olmadığından birinci yer iki ifaçıya təqdim edilir.

Sonra qaliblərə Beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinin tanınmış üzvləri tərəfindən mükafatlar təqdim olunub.

Solo muğam ifaçılığı üzrə müsabiqədə azərbaycanlı xanəndə Mirələm Mirələmov və İranın “Nasim e tarab” qrupu birinci yerlərə, Ariz Hüseynov ikinci, Türkiyənin “Səda” və Mərakeşin “Əndəlus gəncləri” qrupları üçüncü yerlərə layiq görülüb.
 
İnstrumental muğam ifaçılığı üzrə birinci yerə Azərbaycandan Bəhruz Zeynalov və Şəhriyar İmanov, ikinci yerə Pərviz Quliyev, üçüncü yerlərə isə Hindistanın “Raqa” qrupu və təmsilçimiz Şəhriyar Musayev layiq görülüb.

Birinci yerin sahiblərinə 15 min, ikinci yeri tutanlara 10 min, üçüncü yeri qazananlara isə 5 min avro pul mükafatı və bütün qaliblərə fəxri fərman və festivalın emblemi təqdim edilib.
Müsabiqədə müxtəlif nominasiyalar üzrə fərqlənmiş musiqiçilər Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən mükafatlandırılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü