Modern.az

Xalq artisti Şahnaz Haşımova: “Bəzi tələbələrimiz müəllimlərin əməyini unudurlar” - MÜSAHİBƏ

Xalq artisti Şahnaz Haşımova: “Bəzi tələbələrimiz müəllimlərin əməyini unudurlar” - MÜSAHİBƏ

Mədəni̇yyət

21 May 2013, 09:50


Modern.az
saytı “Biri var idi” adlı yeni rubrikasında bir zamanlar səhnədə olmuş sənət adamlarını yenidən yada salacaq, hazırki fəaliyyətləri ilə maraqlanacaq. Rubrikamızın ilk qonağı tanınmış müğənni, xalq artisti, prezidetn təqaüdçüsü Şahnaz Haşımovadır.
 
- Şahnaz xanım necəsiniz, nə işlə məşğulsunuz?
 
- Yaxşıyam, təşəkkür edirəm. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən dahi Nizaminin yubileyi ilə alaqədar tapşırıqlar verilmişdi. Həmin tapşırıqların icrası ilə məşğul idik. Həmin tədbir çox yüksək səviyyədə keçdi. Həmçinin ulu öndər Heydər Əliyevin yubiley tədbirlərini yüksək səviyyədə keçirdik.

- Öz yaradıcılığınızda nə yeniliklər var?

- Bəs bu da mənim yaradıcılığımdır da. Yeni mahnılar yazdırmışam. Həmin tədbirlərdə rəhbərlik elədiyim musiqi kolektivləri də yeni ifalar nümayiş etdirdilər. Həmçinin Gəncə Dövlət Fiilarmoniyasının kollektivləri, gənc ifaçılar - Tural Abdullayev, Kəmalə Tağızadə, Sevinc İbrahimova, Alim Rzayev, İlham Qasımov Lənkəran, Göygöl, Yevlax, Samux rayonlarında çıxışlar elədilər. 

- Yenə də Gəncədə Filarmoniyanın direktorusunuz?

- Bəli. 

- Son dəfə Bakıya nə vaxt gəlmisiniz?

- İnanın ki, bir an belə vaxtımız yoxdur. Mayın 28-dən 30-na qədər Məhsəti Gəncəvinin doğum günü ilə əlaqədar tədbirlər keçiriləcək. İnşallah bu tədbirlər də bitəndən sonra gəlirəm Bakıya.

- Çəkilişlərdə iştirak edəcəksiniz?

- Bakıya yaradıcılıq hesabatı verməyə, çəkilişlərdə iştirak eləməyə gəlirəm.

- Yəni Mədəniyyət və Turizm Nazirliyinə?

- Nazirliyə onsuz da hər ay, hər rüb hesabat veririk. Amma bu dəfə tamaşaçılarıma yaradıcılıq hesabatı verəcəm. Respublikanın əməkdar artisti, oğlum Tural Abdullayevlə bir neçə telekanalda çıxışlarımız olacaq.

- Bu qədər işlər görümüsünz. Amma hələ ki ifanızda yeni mahnı eşitməmişik.

- Hamısını yazmışam. İnşallah bu dəfə Bakıya gələndə yeni nəğmələrimi təqdim edəcəm. Hətta bu müddət ərzində diskim də işıq üzü görüb.

- Tələbələriniz var?

- Bəli, yetirmələrim var. Elə bu yaxınlarda onlardan biri Xəyal Qasımov “Şərq ulduzları” yarışmasında uğurla çıxış etdi. Xəyal “Tanıdım səni” yarışmasında da finala qədər yüksəlmişdi.

- Bacınız Aybəniz Haşımovanın tələbəsi Fərid Məmmədov Azərbaycana “Eurovision” mahnı yarışmasında ikincilik qazandırdı. Çıxışından razı qaldınız?

- Əlbəttə çox razı qaldım, gözəl ifa edir. Fərid balaca uşaq idi. Onu anası Aybəniz xanımın yanına gətirmişdi. Bacım da qızdırmalı idi. Amma Fəridi geri qaytarmadı, qoydu qarşısına dərs keçdi. Nəinki Fəridin, “Bülbüllər”in üzərində Aybənizin böyük zəhhməti var. Həmin uşaqlara ana kimi yanaşırdı. Hətta uşaqları və analarını öz hesabına Nabrana istirahətə aparırdı. Bəlkə də valideynlərindən də artıq qayğı göstərib o uşaqlara. Həmin uşaqlara coraba qədər alıb. Dünyaya çıxarıb, xarici ölkələrə aparıb. Xüsusən də Fəridi. Fəridi dəfələrlə Gəncəyə bizim evə gətirib. Onların başlarına dolanmışıq, xidmət eləmişik. İstəyirəm ki müəlliminə layiq olsun, onun əməyini itirməsin. Bəzən tələbələr böyüyündə, tanınanda, onlara zəhmət çəkən valideynlərin, müəllimlərin əməyini unudurlar. Arzu edirəm ki, etibarlı övlad olsun. Allah Fəridə kömək olsun. Şəxsən mən elə bildim ki, öz tələbəm uğur qazanıb. Çünki bacımın tələbələrini çox istəyirəm, həmin əziyyətləri görmüşəm. Aybəniz həyatının o uşaqların, xüsusən də Fəridin inkişafına həsr edib. 

- Gənc ifaçılardan kimləri dinləyirsiniz?

- Millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş “Muğam” layihəsinin bütün iştirakçılarını bəyəndim. 

- Bəs estradada?

- Onların adı yadımda qalmır. Amma yaxşısı olanda bəyənirəm. Klassik sənətkarlardan isə Rəşid Behbudov, Mirzə Babayev, Akif İslamzadə, Hüseynağa Hadıyevi dinləyirəm.

- Məsələn, Röyanı dinləyirsiniz?

- Röyanı çox bəyənirəm. O mənim ata evimdə qonşumuz Tovuz xalanın nəvəsidir. Çox gözəl, məxməri səsi var.

- Röyanın ifasını daha çox bəyənirsiniz, yoxsa Aygün Kazımovanın?

- Hələ ki Ali Məhkəmədə işləmirəm. Mən sənətkaram (gülür).

- Mən də sənətkar kimi fikrinizi soruşuram.

- Heç kimi mühakimə eləmək istəmirəm. 

- Belə başa düşdüm ki, Röyanı dinləyirsiniz.

- İkisini də çox istəyirəm və estradamızda öz yerləri var.

- Sənət adamları şəxsi həyatlarını niyə mətbuata gətirirlər?

- Baxmıram axı, xəbərim yoxdur. Ancaq özümə lazım olan verilişlərə baxıram..

- Bu yay istirahət edəcəksiniz?

- Onsuz da istirahət edəndə də işləyirəm. Ya musiqi üzərində işləyirəm, ya bir şeir yazıram..

- Bədii yaradıcılıqla da məşğulsunuz?

- Bəli. 

- Hazırda Gəncədə üç xalq artisti var - Siz, Ələddin Abbasov və Pərvanə Qurbanova. Onlardan biri Ələddin Abbasovun səhhəti yaxşı deyil. Son dəfə nə vaxt baş çəkmisiniz ona?

- O bizim qohumumuzdur-gəlinimin babasıdır. Təxminən iki ay əvvəl ona baş çəkmişəm.Yaşı ilə əlaqədar səhhəti yaxşı deyil. Tez-tez də gedib narahat eləmək istəmirəm.

- Sənətin, sənətkarlığın əvvəlki ləzzəti qalıb?

- Əksinə incəsənətimizdə də, ölkəmizdə də çox böyük inkişaf var. Muğamımız ölüb getmişdi. İndi görün muğamımız dünyaya meydan oxuyur. Nəinki muğamımmız, dövlətimiz etibarlı əllərdədir. Çünki cənab prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrə diqqət və qayğı var. İndi Gəncədə olsanız deyərsiniz ki, görən dünyanın hansı böyük şəhəridir. Bütün xalqımı, məni sevənləri, sevməyənləri çox sevirəm. Ölkəmizin inkiişafında əllərindən gələni əsirgəməsinlər. Dövlətimizin dövlətçiliyimizin yanında olsunlar.
 
İntiqam Valehoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü