Modern.az

Azərbaycanın ən bahalı və ən ucuz aktyorları - kim nə qədər qonorar alır? - ARAŞDIRMA

Azərbaycanın ən bahalı və ən ucuz aktyorları - kim nə qədər qonorar alır? - ARAŞDIRMA

Mədəni̇yyət

15 İyul 2013, 16:22

Məşhur aktyor Fəxrəddin Manafov Hindistanda filmə çəkiləcək
Azərbaycanda milli kino və serialların çəkilməsi üçün son iki-üç ildə dövlət tərəfindən bir neçə dəfə pul ayrılıb. Son dəfə isə kinoçəkənlərin ixtiyarına nə az, nə çox düz 6 milyon manat pul verilib. Amma məsələ heç də bu sahəyə pul ayırmaqla bitmir. Ondan da daha vacibi bu pulun yaradıcı heyət arasında bölüşdürülməsidir.

Modern.az saytı Azərbaycan aktyorlarının bir çəkiliş gününə tələb etdiyi qonorarın məbləğini araşdırmağa çalışıb.

Əməkdar artist Novruz Qartalın fikrincə, digər ölkələrlə müqayisədə Azərbaycanda aktyorlar az qonorar alırlar. “Azərbaycanda aktyorun çəkiliş gününə heç 200 manat vermirlər”, – deyən sənətkar hesab edir ki, əslində məbləğ bu qədər olmalıdır:
“Aktyor narazılıq edəndən, qırğın-davadan sonra 150 verələr, ya verməyələr. Amma əslində ən azı 400-500 olmalıdır. Məsələn, Türkiyə və İranda  belədir. Mən İranda bir seriala çəkildim. Günümə 200 manat verirdilər. Yemək, yol xərci, qalmaq üçün yerlə də təmin eləmişdilər. Artıq neçənci dəfədir ki, prezident yerli film və serialların çəkilməsi üçün pul ayrırır. İndi bizim üzərimizə düşən vəzifə etimadı doğrultmaqdır. Dövlətin ayırdığı pul aktyorlara çatmır”.
Aktyor qonorarın yüksək olmalı olduğunu desə də, özü 50 manata da çəkilib: “Məsələn elə olub ki, balaca bir epizoda çəkmək istəyiblər. Gedib 20 dəqiqəyə çəkilib 50 manatımı almışam. Amma bunu da çarəsizlikdən etmişəm haa. Çünki maddi durumum yaxşı olsaydı, heç vaxt 50 manata çəkilməzdim”.

Aktyor Faiq Mirzənin isə tələb edəcəyini qonorarın məbləği filmin büdcəsindən asılı olaraq dəyişir. Əgər ekran işinin normal büdcəsi varsa, 300 manatdan aşağı çəkilmir. Aktyor deyir ki, elə indi də neçə yerdən təklif gəlib, amma imtina edib: “Çünki mənim bu işə sağlamlığım, vaxtım gedir. Çəkilmək üçün ürəyim getmir. Elə sənətkarlarımız var ki, deyir, 1000 manata çəkilirəm, çəkirsən çək, çəkmirsən, – yaxşı yol”. Düz edir. Çünki həmin serialın, filmin ona ehtiyacı var. Yəni o serialda olacağı halda böyük reytinq gətirə bilər. Buna görə də filmlərin serialların çoxunda qeyri-peşəkarlar çəkilirlər. Yaxud da rejissorlar bölgə teatrlarına üz tuturlar. Çünki həmin aktyorlar həmişə diqqətdən kənar qaldıqlarından, çəkilmək istəyirlər”.

Faiq Mirzənin dediklərinə inansaq, bu yaxınlarda çəkiləcəyi bir serialdan gününə 5 min manat qazanacaq: “Məsələn, bu yaxınlarda Türkiyədə çəkiləcək bir seriala təsdiq olunmuşam. Orda məndən başqa 20-yə yaxın azərbaycanlı aktyor çəkiləcək. Günlük qonorarımız təxminən 5 min manat olacaq. Ümumiyyətlə orda qiymətlər belədir”.

Əməkdar artist Kazım Abdullayev isə bu yaxınlarda Rusiyada çəkildiyi serialda hər gününə 250 dollar alırmış. Amma aktyorun dediyinə görə, bu, Rusiya üçün  yüksək məbləğ sayılmır:
“Hələ mənə az verirdilər. Orda epizodda oynayan aktyorlar var ki, günlərinə 700  dollar alırlar. Rusiyada qiymətlər aktyorun peşəkarlığından və populyarlığından asılı olaraq 1000-10000 arasında dəyişir”.

Qeyd edək ki, Azərbaycanda kinostudiyanın çəkdiyi filmlərdə nisbətən yaxşı qonorar – 300-350 manat verilir. Prodakşnlarda isə məbləğ o qədər də yüksək deyil. Məsələn, hansısa prodakşnın çəkdiyi ekran işində aktyor gününə 200 manatdan yüksək qonorar ala bilmir. Bəzən isə aktyorlarla müqavilə imzalanır və aylıq maaş danışılır. Kazım Abdullayevin dediyinə görə, bu rəqəm 1000-1200 manat təşkil edir.

Xalq artisti Ağaxan Salmanlı isə yarızarafat deyir ki, aktyorun gündəliyi nə qədər çox olsa, rejissorun başının ucalığıdır. Xalq artisti məsələyə fundamental yanaşılmasını tərəfdarıdır. Onun sözlərinə görə, dərk etmək lazımdır ki, aktyor həmin pulla həyatını qurur, ailə dolandırır. Təbii ki, burda da kateqoriyalar var: “xalq artisti”, “əməkdar artist” və gənc aktyor.
”Məsələn, Yuli Qusman məni “Qorxma, mən səninləyəm” filminə çəkəndə günümə 400 manat verdi. Ülviyyə Könülün çəkdiyi “Vəkil hanı?” filmində günümə 200 manat alırdım. Osman Albayrakın çəkdiyi “Cavanlıq” serialında hər çəkiliş günüm 125 manat idi”.

Aktyor deyir ki, heç vaxt günü 100 manatdan aşağı qiymətə çəkilməz: “Əgər o da tanışdırsa, yaxşı iş görürsə, sənət naminə gedərəm”.

Əməkdar artist Aydın Əliyev isə 50 manata da çəkilib, 350  manata da. Məsələn,  rejissor Aqil M.Quliyevin çəkdiyi reklamlarda bir gününə 350 manat alan Aydın Əliyev Nadir Diridağlının “Tək olanda qorxma” serialında da hər gününə eyni qədər pul alıb: “O serialda aktyor Ayşad Məmmədov isə 400 manata çəkilirdi. “Məhkumlar” serialından isə aylıq 500 manat maaş alırdım. Elə ay olub ki, cəmi bir çəkiliş günüm olub. Məsələn “Ağabəyovlar” serialında aylıq 500 manata müqavilə bağlamışdım. Sonra şərtlər dəyişdirildi və hər ayım 700-800 manata çıxırdı”.

Xalq artisti Rafael Dadaşov isə bir çəkiliş gününə 500 manat qonorar tələb edir. Aktyor deyir ki, elə qiyməti yüksək olduğuna görə ona müraciətlər olmur.

Gənc aktyor Sərdar Rüstəmov isə bir çəkiliş gününə minimum 100 manat tələb edir. Onun sözlərinə görə, bundan aşağı qiymətə oynayan aktyor normal oyun göstərə bilməz:
“Eşitdiyimə görə, lap 20 manata çəkilənlər də var. Amma bu ayıbdır. Mən “Bir kəndin sevinci” serialına günə 100 manata çəkildim. Amma bir neçə günün çəkilişini iki sutkaya yerləşdirdilər”.
 
п?20???0(Rasim Balayev) - "??? ??" (1977-1984)
Yəqin ki, indi qonorar məbləğinin açıqlayacağım aktyorların adını bayaqdan siz də gözləyirsiniz: Rasim BalayevFəxrəddin Manafov. Gündəliklərinin məbləğini özlərindən öyrənə bilməsək də, sənət yoldaşlarından yetərincə maraqlı faktlar əldə etmişik. Qeyd edək ki, Balayev hazırda ölkədə deyil, Manafov isə istirahət edir. Rasim Balayev Azərbaycanın ən bahalı aktyorudur. Araşdırmamız zamanı bəlli oldu ki, sənətkarı çəkiliş meydançasında görmək istəyən rejissor hər gün filmin büdcəsindən 1500 manat ayırmalıdır. Amma burda da tanış-dost anlayışları öz sözünü deyir. Əgər rejissor çox yaxın adamdırsa, R.Balayev ona 500 manat endirim edə bilər.

Xalq artisti Fəxrəddin Manafovun da qonorarı təxminən o qədərdir. Son vaxtlar daha çox xarici film və seriallarda rol alan Manafov məhz bu bahaçılığına görə yerli rejissorları qane etmir.

Ardı olacaq...

İntiqam Valehoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü