Modern.az

Tanınmış müğənni Asif İsaoğlu: “İndi sənət aləmində at izi it izinə qarışıb” - MÜSAHİBƏ

Tanınmış müğənni Asif İsaoğlu: “İndi sənət aləmində at izi it izinə qarışıb” - MÜSAHİBƏ

Mədəni̇yyət

29 Avqust 2013, 14:08

Bu sənətkar bir zamanlar yetərincə məşhur idi. Yəqin ki, “Gözəl afət” mahnısını xatırlatmaq kifayətdir ki, söhbətin Asif İsaoğludan getdiyi anlaşılsın. Amma indi nə gündəmdə qalır, nə də istisnaları çıxmaq şərtilə efirdə görünür. Müğənni olmağına da peşmandır. 

Modern.az-da onunla söhbətimizə lap əvvəldən başlayırıq. 

– 1966-cı ildə Bərdə rayonunda anadan olmuşam. 9-cu sinfə kimi 3 nömrəli məktəbdə oxumuşam. Beşinci sinfə kimi əlaçı idim. Amma sonra sənətə görə elə alındı ki, pis oxuyan şagird kimi məni peşə məktəbinə göndərdilər. Peşə məktəbinə getdim ki, sənədlərimi götürüb Gəncədəki Qəmbər Hüseynli adına musiqi məktəbinə verim. Bərdədəki peşə məktəbində isə hər şey traktorla, kombaynla bağlı idi (gülür). Gördülər səsim var, dedilər ki, yaxşı gəlmisən, festival keçiriləcək iştirak edərsən.

– O vaxta kimi musiqi təhsili almamışdınız?

– Xeyr. Atam musiqiçi olduğuna görə musiqidən anlayışım vardı. Lap əvvəl 12 yaşımda nağara ilə toylara getmişəm.

– Bəs müğənniliyə necə başladınız?

– Heç vaxt müğənnilik iddiasında olmamışam. Hər şey nağara çalmaqdan başladı. Hətta o vaxt Əbülfət Əliyev, Yaqub Məmmədov Bərdəyə gələndə onların yanında nağara çalmışam. Gitara dəbə düşəndən sonra ara mahnıları da çoxaldı. Amma bu sənətkarlar ara mahnıları oxumurdular. Atam görürdü ki, çıxılmaz vəziyyətdir. Deyirdi ki, bu uşaq o mahnıların hamısını bilir. Çünki Məmmədbağırı və o ampluada olan bir neçə müğənniləri dinləyirdim. Toylarda məni tərifləyəndə xəcalət çəkirdim. O vaxt nərdtaxta haqqında da muğam oxuyurdular. “Əzrayıl və çoban”, “Ana ürəyi” kimi rəvayətlər muğama gətirilmişdi. Sanballı xanəndələr də belə şeyləri oxumurdu.

– Amma indi xalq artisti olan ifaçılar da oxuyur.

– İndi at izi it izinə qarışıb. Mən o vaxtdan danışıram. Bərdədə Xan Şuşinski ilə yan-yana oxuyan sənətkarlar olub. O səviyyəli oxuyanların yanında mənə deyirdilər ki, sən oxu. Amma bilirəm axı o sənətkarların yanında iki mahnı bilməklə deyil. Buna tələbat deyirlər.

– Ali təhsiliniz var?

– Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsinin məzunuyam.

– 90-cı illərin axırı 2000-ci illərin əvvəlində çox populyar idiniz. “Gözəl afət” adlı mahnınız da hər yerdə dinlənilirdi. Ümumiyyətlə bu, bizim mahnıdır?

 

– Yox, tacik mahnısıdır. Hətta əfqanlar da ifa edib. Bu mahnını hətta bizim ifaçılar da məclislərdə oxumuşdular. Sankt-Peterburqda olanda bir tacik xanım bu mahnını əfqan şivəsində oxudu, gördüm ki, melodiya axını var, maraqlıdır. Mahnıya bir az “əl gəzdirdim”, aranjiman elədim oxudum.

– Sizcə, bu mahnı sənət əsəri idi, yoxsa ara mahnısı?

– Yox, sənət əsəri başqa şeydir.

– Ara mahnısı idi?

– Bəli.

– İndinin “Ay canı yanmış”ı, “Maral”ı kimi bir şey...

– Onlar qədər də deyil. Burda harmoniya var, sözlər Əliağa Vahidindir. “Maral”, “Ay canı yanmış” mahnı deyil. Orda nə harmoniya var, nə əvvəli var, nə axırı. Amma sənət əsəri də başqa şeydir. Ortabab bir mahnıdır. Böyük bəstəkarlar da qulaq asıb deyiblər ki, “pis mahnı deyil”. Bir dəfə Azərin, Tünzalə Ağayeva və məni efirdə ara mahnılarının müzakirəsinə dəvət eləmişdilər. Bu mahnıyla “Amma anan bilməsin”i müqayisə edəndə Azərin etiraz elədi ki, bunlar yan-yana qoyula bilməz. Əvvəl də belə xalq mahnılarımız olub ki, indi biz onlara “sənət əsəri” deyirik. Vəziyyət belə davam eləsə, özbaşınalığın qarşısı alınmasa, bir neçə ildən sonra “Gözəl afət” də sənət əsəri sayılacaq.

– Müsahibələrinizin birində demişdiniz ki, efirə çıxmağa pul verməmisiniz və verməzsiniz. Klipiniz uzun müddət ATV-də yayımlandı və hamı da bilir ki,  bu, özəl telekanaldır, pulsuz heç nə olmur.

– Onda pul vermişdim. Amma indikinə baxanda o pul sayılmırdı. Özləri demişdi ki, cüzi məbləğlə onu efirdə verərlər. O klip 150 dollara başa gəlmişdi. ATV-yə isə 200 dollar vermişdim.

– Bəs niyə birdən efirlərdən uzaq düşdünüz?

– Elə vəziyyət yarandı ki, baş çıxara bilmədim. Mənim efirə çıxmağım da öz təşəbbüsüm olmayıb. Rəhmətlik Reyhan Müslümova ilə toy məclisindəydik. Dedi ki, sənə kömək edərəm. Tapşırdı ki, get bir-iki material yazdır. O vaxt Mübariz Tağıyev AzTV-də musiqi işinə rəhbərlik edirdi, müavini isə bəstəkar Rauf Məmmədov idi. Getdim iki mahnı yazdırdım. Reyhan xanım məni göndərdi, getdim mahnını verdim, çəkdilər. Tanınmış müğənnilərlə konsertlərə saldılar. O vaxt çəkilişə dəvət edəndə deyirdilər ki, operatorların, rejissorun maaşı azdır, nəyə imkanınız çatır hörmət edin...

– AzTV-də belə idi?

– Bəli. Amma indi pul qoyub pul götürməlisən. Mən bunu qəbul edə bilmirəm ki, sənəti necə bazara çevirmək olar?

– Amma illər keçir, səs itir...

– Onsuz da indi səsə qulaq asan yoxdur ki. Toylarda görürəm də.

– Toylarda muğam oxuyursunuz?

– İstəyirlərsə, oxuyuram.

– Təhsil peşəkarlığın yarısıdır. Sizin isə musiqi təhsiliniz yoxdur.

– Doğrusu, 25 yaşıma kimi bu sənətdən uzaqlaşmağa çox cəhd etdim. Elə bil əlimdən başqa heç nə gəlmədi, yaxud daxilimdəki istedad imkan vermədi. Başqa iş bacarsaydım, müğənni olmaq istəməzdim.

– Niyə?

– Xarakterim uyğun gəlmir. Mənim həvəsim hüquqşünaslığa idi. İndiyə kimi də bu sahəyə həvəsliyəm. Amma bəlkə indiki zamanda hüquqşünas da ola bilməzdim.

– 500 manata oxuduğunuz toyda hansısa təzə çıxan müğənninin gəlib bir saata 2-3 min manat qonorar alması sizə pis təsir etmir ki?

– Hər kəsin öz qisməti var. Rayonlarda oxuyanlar var ki, ideal səviyyədədir, amma qıraqdadır.

– Niyə “Toylar kralı” və bu kimi digər müsabiqələrə qatılmırsınız?


– Mən bu yaşda çıxıb SMS istəyə bilmərəm.

– Yaş deyəndə ki, Manaf Ağayev sizdən 3 yaş da böyükdür.

– Mən belə şeyi qəbul edə bilmərəm. 1981-ci ildə “Oxu tar” müsabiqəsində qalib olmuşam. O vaxt seçim turu Ağdamda oldu. Bakıda Maestro Niyazi, Süleyman Ələsgərov, Şövkət Ələkbərova bizə qiymət verirdilər. İndiyə kimi öz sənətimə tənqidi yanaşmışam.

– Kimdənsə dərs almısınız?

– Hacıbaba Hüseynovun dərslərində oturmuşam. Bilirsinizmi ki, Üzeyir Hacıbəyovun tam musiqi təhsili yoxdur. Niyazi səhhətinə görə Leninqradda aldığı musiqi təhsilini yarımçıq qoyub. Rayondakı xanəndələrdən “Şur” dəstgahını öyrənmişdim. Hacıbaba Hüseynovun sinfində “Şur” dəstgahına qulaq asanda gördüm ki, rayonda öyrəndiyim daha mükəmməldir. Çünki daha qədim idi.


– Tələbiniz var?

– Müraciətlər olub, amma hövsələm yoxdur.

–Oxuduğunuz dəstgahlar var?

– Yox, ancaq məclislərdə oxumuşam. Heç fikrim də yoxdur.

– Sanki özünüzə biganəsiniz.

– Bu gün də sənətdən uzaqlaşmaq istəyirəm. Hətta gedib bizneslə məşğul olmuşam ki, uzaqlaşım. Amma biznes də alınmayıb məndə.

– Toya neçəyə gedirsiniz?


– Qiymət demirəm. Adətən xanım müğənnilər qiyməti deyib, “enmirlər”. Çünki hansısa yerdən təminatları olur. Qiymət desəm, mən də olaram sənəti bazara çevirənlərin biri.

Adətən məclisə getmək istəməyəndə artıq qiymət deyirəm ki, desinlər lazım deyil (gülür).

– Son zamanlar Facebook-da çox fəalsınız.

– Dostlarımla danışıram orda. 2-3 aydır qeydiyyatdan keçmişəm.

– Övladlarınızdan sənətinizi davam etdirəni varmı?

– İki oğlum var: biri 22, o biri 21 yaşında. Böyük oğlum Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Digəri isə Bakı Dövlət Universitetinin amerikaşünaslığında oxuyur.

Bu sənətə heç bir aidiyyatları yoxdur.

 

İntiqam VALEHOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü