Modern.az

Elçin Cahangirli: “Mən əvvəllər oğru olmuşam” - MÜSAHİBƏ

Elçin Cahangirli: “Mən əvvəllər oğru olmuşam” - MÜSAHİBƏ

Mədəni̇yyət

22 Oktyabr 2013, 14:05

Modern.az-ın müsahibi Azərbaycan televiziya sektorunda “Yanmış körpülər”, “İynə-sap”,  “Şans”, “Məqamlar”, “Bir bazar günü”, “Oyunçu”, “Susmuş vicdan”, “Sevginin göz yaşları” proqram və seriallarının rejissoru kimi tanınan Elçin Cahangirlidir.

– Sizi bir aktyor, rejissor və qiraətçi kimi hamı tanıyır. Bəs özünüz öz portretinizi necə yaradardınız?

– Qısa bir cümlə ilə bu cür: özümdən asılı olmayaraq öz yolumu dəyişməyən bir adam. Kiçik bir misal: mənimlə oxuyan adamlarla bu gün də zəngləşirəm, görüşürəm. Aralarında bu sənətdə çox az adam qaldı. Çoxu dözə bilmədi. Çəkildilər, getdilər. Allahın xoşbəxtliyidir ki, bu yaşa qədər bu günə kimi yolumu dəyişmədən gəlib çıxdım.

– “Yolunu dəyişməyən adam” kimi formalaşmanıza nə təsir etdi?

– Lap uşaqlıqdan ədəbiyyata həvəsim var. Evimiz Masallıda çayın qırağında idi. Mən çayın kənarına gedib, ağ dəsmalı başıma bağlayıb özümü Nəsimiyə bənzədirdim. Avazla “Nəsiminin “Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır” qəzəlini deyirdim. Rəhmətlik dayım da gitara çalırdı, elə o qəzəli oxuyarkən gitarasını sinəsinə basıb məni müşahidə edirdi. Amma bu həvəs mənə hardan gəlib onu bilmirəm. Ata-babada təbii ki, incəsənətlə məşğul olan yox idi. Mənə də hardan gəlib bunu deyə bilmərəm. Hələ məktəbə getməmişdən qabaq xeyli şeir və hekayə bilirdim. Təhsilə marağın güclü olan vaxtı atam məktəb direktoru idi. Həmin vaxt atam məktəbdə olmayanda mən kitabxanalara girirdim, bir-bir oraları gəzirdim. Toz qoxulu rəflər xoşuma gəlirdi. Şekspir, Səməd Vurğun, Mopassan, Remark, hamısını oxuyurdum. Mən indi də o günlərə borcluyam. Çəkiliş vaxtı nəsə  problem olursa heç vaxt əlimyandıda qalmıram. Çünki baza var. Dünyada təzə heç nə yoxdur. Hamısı bir-birinin təkrarıdır. Sadəcə, həmin təkrarı gözəl bir dona bürüyüb, özününküləşdirib tamaşaçıya vermək lazımdır. Çox təəssüf edirəm ki, indiki yaradıcı insanlarda nəinki mütaliə zəifdir, deyərdim ki, ümumiyyətlə yoxdur. Cavan rejissorlarla oturub söhbət edəndə sual verirəm, filankəsin əsəri- zad, heç nədən xəbərləri yoxdur. Bunlar nə çəkəcək?

– Ümumiyyətlə, mütaliə rejissor üçün nə deməkdir?

–  Mütaliə rejissor üçün hər şey deməkdi. Mütaliəsi olmayan rejissor kordur. “Bir qalanın sirri” filmində kitablar Elşənə deyir ki, məni oxu. O da cavab verir ki, sizsiz də bacararam. Çox ibrətamiz səhnədir. Mütaliəsi olmayan rejissorun çəkdiyi sabun köpüyündən başqa bir şey olmayacaq.

– Sizin rejissor və aktyor kimi orijinallığınız mütaliədən yaranıb?

– Napoleonun da üzüyündə nə yazılıb? Yazılıb ki, mən həmişə şagirdəm və həyatda da hər zaman müəllim axtarıram. Çox təəssüf ki, bizdə indi heç kim, heç kimdən öyrənmək istəmir. Deyir, sən kimsən ki? Mənim az-çox uğurum varsa, bunu nəyisə öyrənmək istəyimə borcluyam.

Mən əvvəllər oğru olmuşam. Həqiqi mənada yox, məcazi mənada. Kitab oğurlamışam. Balaca idim, ikinci sinifdə oxuyurdum. Düşərgədə idik, “Azərbaycan xalq nağılları” kitabı var idi uşaqlarda. İstədim vermədilər. Fikirləşdim ki, nahara getməyib onlar gedəndən sonra kitabı götürüm. Təbii ki, yaxşı hal deyildi. Amma çantada pul və digər əşyalar olmasına baxmayaraq, onların heç birinə əl dəymədim. Ancaq kitabı götürdüm.

– Bəs sənət eşqini kimdən və necə oğurladınız?

– Rəhmətlik Məmmədrza Şeyxzamanova minnətdaram. Atam məni hüquqşünas görmək istəyirdi. Mən evdəkiləri aldadırdım ki, guya hüquqa hazırlaşıram. Amma gizlin-gizlin rejissor yanına gedirdim. Bir yaşlı rejissor var idi, Moskvada təhsil almışdı. Atam isə bu barədə heç danışmaq belə istəmirdi. O, ziyalı insan idi, bütün atalar kimi övladının yaxşı bir mənsəbə yiyələnməyini istəyirdi. Mən də onu deyim ki, savadıma inanırdım, hüquq yaxud digər ixtisasa asanlıqla daxil ola bilərdim. Ancaq günlərin bir günü atam məktəb direktoru olan müddətdə Məmmədrza Şeyxzamanov rayona dəvət edilmişdi. Ona yaxınlaşıb dedim ki, aktyorluğa böyük həvəsim var, amma atam məni qoymur. Mümkünsə ona deyin ki, bu uşağın yaxşı istedadı var. O da təbii ki, məni başa düşdü. Astaca gülümsədi. Çox nurani bir siması var idi. Mən də həmin vaxt 10-cu sinfi bitirirdim. Görüşdən sonra atamla danışdı. İncəsənət Universitetində qəbul imtahanları o birilərindən tez başlayırdı. Atam da imtahana getməyimə razılıq verdi. Yəqin, fikirləşirdi ki,  kəsilərəm. Amma elə oldu ki, elə ixtisasdan dalbadal “beş”lər aldım. Digər imtahanlardan da “4” və “5”. Aslan Aslanov və Temuçin Əfəndiyevə çox minnətdaram. Onlar mənim şeir, hekayə və monoloq deməyimi çox bəyəndilər.

– Bəs siz özünüz kimlərinsə sənətə gəlməsinə yardımçı olmusunuz?

– “Susmuş vicdan” serialında bir qız var idi. “Sədərək” Ticarət Mərkəzində işləyirdi. Onu dəvət edib seriala çəkdim. Tamaşaçılar da onu sevdi və qəbul etdi. İndi başqa filmə dəvət olunub və baş rolda çəkilir. Yəni məndən oğurladılar onu. Özüm rahatam, çünki onu kinoya mən gətirmişəm. Bura “Hollivud” deyil ki, milyon dollar civarında müqavilə imzalayıb yanımda saxlayım. Bilirəm ki, bu gün mən çəkdimsə, sabah uçub başqa yerə gedəcək.  

– Bəs populyarlardan kimə yardımçı olmusuz?

–  Son çəkilişlərimdə Həmidə Ömərova iştirak etdi. Çoxdandı heç yerdə çəkilmirdi. Məmnuniyyətlə əməkdaşlıq etdik. Sevda Kazımova heç vaxt heç bir serialda çəkilməmişdi. İndi “Sevginin göz yaşları” serialında baş rollardan birini ifa edir. “Yanmış körpülər”də xatirənizdədirsə, Nüşabə Ələsgərova ilk dəfə kamera qarşısında durdu. Baş rolda çıxış etdi və normal da rolunu ifa etdi. “Sevginin göz yaşları”nda isə Elza Seyidcahan.

– AzTV-də hər bazar günü efirə gedən və zamanında çox məşhur olan “Bir bazar günü” proqramında da çoxlarına yer verdiniz...

– Ədalət Şükürov Bakıya yeni gəlmişdi. İlk dəfə mahnılarını orda oxudu. Əlikram Bayramov da Bakıya gələndə ona çayçı rolunu verdim və mahnılarını ilk olaraq o proqramda ifa etdi. Ruhəngiz Musəvi, Ruhəngiz Allahverdiyeva, Faiq Ağayevin ilk rollarını məhz, həmin proqramında oynayıblar.

– Necə oldu ki, AzTV kimi bir kanalda sponsor yığan proqram yarada bildiniz?

–Nizami Gəncəvinin “Fitnə”sini yəqin ki, oxumusunuz. Təəccüb edirlər ki, qız o boyda öküzü necə qaldırır. Cavab verilir ki, o artıq öyrəşib. Ta balacalıqdan onu boynuna götürüb, 40 pilləkəni düşüb qalxırdı. Get-gedə buzov böyüsə də, o qız artıq öyrəşmişdi. Mən də artıq buna öyrəşmişəm. Rahat bir şey mənə çatmır. Bununla yanaşı, mənim işimi həmişə qiymətləndiriblər. Başqası düşüb sponsor axtaranda mənim artıq dövlət televiziyasında işləməyimə baxmayaraq sponsorum var idi. Mənə dəstək olan insanlar həmişə tapılıb. Onların mənə etdiyi köməyi həmişə dəyərləndirirəm.

– Buna səbəb yəqin ki, serialdakı mövzuların aktuallığıdır...

– Bəli. “Cənnət bağı” şirkətlər qrupu var. Onlar həmişə mənə kömək olub.

– Bu gün çəkilən seriallarda sizi qane etməyən cəhətlər hansılardır?

– Şikayət etməkdən xoşum gəlmir. Şikayət etsəydim indiyə kimi gördüyüm işləri görə bilməzdim. O ki qaldı digər seriallara, hamıya uğurlar arzulayıram. Televiziyaların birində müsahibə verəndə dedim ki, seriallar artacaq. Dedilər ki, bu sizi narahat etmir ki? Dedim, əsla, niyə narahat etsin ki?! Əksinə, sevindirir. Çünki mənim bir prinsipim var: İstəyərəm ki, zəiflərin arasında güclü görsənməyim. Bunu etməyə nə var ki. Dedim ki, qoy güclülər gəlsin ki, güclülərin içində məcbur olub silkələnib durduğumuz yerdə durmayaq.

– Bu gün serial bazarında çatışmayan nədir: mövzunun qoyuluşu, aktyor keyfiyyəti, yoxsa uğurlu ssenari?

– Hər şey ssenaridən başlayır. Ssenari filmin canıdır. Özüm tələbəlik illərindən Firidun Məhərrəmovla işləmişəm. “İynə-sap” tamaşasından tutmuş, ta son günlərədək. Hazırda ssenarist Vüsal Nuru ilə “Sevginin göz yaşlar”ı serialını işləyirik. Qarşıda yaxşı planlarımız var. Özünə görə tamaşaçı auditoriyası formalaşdırmışıq. Şadam ki, bu tamaşaçı qrupu ağıllı, intellektual qrupdur.  

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü