Modern.az

Rejissorunu öldürmüş 20 yaşlı “Fəryad”: Polis işçisi “erməni” Məlik Dadaşovdan sənəd tələb edib

Rejissorunu öldürmüş 20 yaşlı “Fəryad”: Polis işçisi “erməni” Məlik Dadaşovdan sənəd tələb edib

Mədəni̇yyət

1 Mart 2014, 10:39


Adətən, matəm günlərində Azərbaycan telekanalları bir neçə filmi nümayiş etdirir. Amma “Fəryad”ı daha çox Xocalı soyqırımı günü göstərirlər. Modern.az kinomuzun “Qarabağ səlnaməsi” olan “Fəryad” filmi haqqında danışacaq.

“Fəryad”ın qətlə yetirdiyi rejissor

Film həqiqətən də ayrı-ayrı sifətli faciələrin bir yerə yığışdığı antologiyanı xatırladır. Bu faciə toplusunda nələr yoxdu ki?! “Fəryad”ın rejissoru və baş rolun (İsmayıl) ifaçısı mərhum Ceyhun Mirzəyev 1993-cü ilin martın 5-də çəkilişdən sonrakı hazırlıq dönəmində dünyasını dəyişdi. Həmin gün Ceyhun Mirzəyev “Fəryad”  filmi haqqında hazırlanacaq televiziya proqramında iştirak etməli idi. Amma  ikinci dəfə keçirdiyi insult onun ölümünə səbəb olur. Nə filmin sonunu, nə də 47 yaşını görə bilməyən aktyor öz qalibiyyətini “Fəryad”ın timsalında seyr edə bilmədi. Onun ölümündən sonra rejissor dostu və filmin ssenari müəllifi Vaqif Mustafayev montaj və səsləndirməni öz öhdəsinə götürür. Bu çox ağrılı bir proses idi. Belə ki, Vaqif Mustafayev yenicə ölmüş dostunu başqasının diliylə danışdırmalı idi.

O, zatən “Fəryad”ın çəkilişləri zamanı hər gün “ölürdü.” Bir anlıq  1993-cü ilin Azərbaycanını təsəvvür edin. C. Mirzəyev də həmin Azərbaycanı bir filmdə əks etdirməli idi. Amma bu gərgin iş onun bütün səhhətini məhv etdi. O, hətta filmin çəkilişlərindən sonra da özünə gələ bilmir. Aramsız siqaret və ermənilərə ünvanlanan söyüşlər, əldə çıxmış Qarabağ ağrısı onun içini yeyirdi. 1993-ün yanvarında çəkilən natura çəkilişlər və bu çəlişlərin şaxtasından daha təsirli olan  mənəvi işgəncəsi  Ceyhun Mirzəyevin “Fəryad”ı görməsinə imkan vermədi. Filmdə şəxsən onun özü bir çox əziyyətlərə uğrayır. Şaxtalı havada müəyyən maneələri keçərək meşənin içindən qaçmalı olur. Yəqin o səhnə  yadınıza gəlir. Azəri qızını zorlayaraq öldürən erməninin adını benzin hesabına öyrənəndən sonra onun arxasıyca qaçır. Bu zaman onun ötüb keçdiyi yerlər arasında soyuq çay və tikanlı məftillər də var idi. Xəstəhal olmasına baxmayaraq bu işləri şəxsən rejissorun  özü görür. Natura çəkilişləri bitir.

Deyilənə görə, C. Mirzəyev filmin bütün çəkiliş qrupunu tələsdirirmiş. Bir ara mini insult da keçirir. Amma yenidən film üzərində işləməyə başlayır. İkinci insultdan sonra isə dünyayla vidalaşır və özündən son əmanət kimi “Fəryad”ı bu həyata saxlayır.

Filmə görə kim şillə “yeyib”

Ölümündən sonra aktyor-rejissora bu filmə görə həm “Humay” mükafatı, həm də digər diplomlar verilir. Mükafat alanların arasında uğurlu ssenariyə görə Vaqif Mustafayev də olur. Filmdə ümumiyyətlə, peşəkar və tanınan aktyorlardan az istifadə olunub.  Həm ümumi fon və bir-biriylə  konfliktdə olan obrazları ifa edən iki aktyorun əvəzolunmaz ifası burada digər epizodik aktyorlara demək olar ki,  yer qoymur. Həmin aktyorlar - erməni Armen Xaçaturyants rolunu ifa edən Məlik Dadaşov və kinoya İsmayılla gəlib-İsmayılla gedən Ceyhun Mirzəyev idi. Peşəkar aktyor ifası filmə çox böyük dəstək olur.

“Fəryad”dakı Məlik Dadaşova qədər heç kəs erməniyə o cürə nifrət oyada bilmir. Hətta aktyor həyatda da bu obraza görə təqiblərə məruz qalıb. Bir məcburi köçkün onu görər-görməz üzünə  möhkəm şillə vurur. Digər məcburi köçkün isə onu görən kimi haray-həşir salıb üzərinə qışqırır. Yaxınlarda olan polis işçisi də Məlik Dadaşovu tanımadığından sənədləri tələb edib.

“Fəryad” kimə ilk dəfə hərbi forma geyindirib?

Filmdə İsmayılın dostu Rövşən rolunu ifa edən xalq artisti Hacı İsmayılov: “Ceyhun Mirzəyevlə uşaqlıq dostu olmuşuq və bir məktəbi bitirmişik. İlk dəfə məni “İşarəni dənizdən gözləyin” adlı filminə dəvət etdi, sonra da “Bəyin oğurlanması”na. Nəhayət, “Fəryad” filmi meydana gəldi və Ceyhun Mirzəyev də məni o filmə dəvət etdi. Filmin çəkildiyi dövr çox gərgin bir dövr idi. Çəkilişləri Goranboy rayonunun Qaraçinar kəndinə olub. O dövrdə özünümüdafiə dəstələri var idi. Onların döyüşçüləri bu filmi çəkməkdə çox kömək etdilər. Onu deyim ki, mən özüm hərbi xidmətdə olmamışam. Amma istəyirdim ki,  Qarabağ döyüşlərində mənim də bir vətəndaş kimi hansısa xidmətim olsun. Belə bir fürsət “Fəryad” filmində yarandı. İlk dəfə orada  əynimə əsgər forması geyindim, əlimə avtomat aldım, güllə atmağı öyrəndim. Əlbəttə, buna görə Ceyhun Mirzəyevə çox minnətdaram, ruhu şad olsun. Sevinirəm ki, o filmə baxanların çoxu mənim Rövşən rolum barədə yüksək fikirdədirlər.

Xocalı səhnələrinin çəkilişləri də çox ağır idi. Bilirsiz ki, orada cəsədləri gətirib vertolyota yerləşdirməli idik. Bir qız var idi. Mən də onu qucağıma alıb vertolyota çatdırmalı idim. Çəkiliş vaxtı helikopterin mühərriki söndürmürdü. İstənilən vaxt atəş açıla bilərdi. Mən də hər dəfə o qızı götürüb vertolyota tərəfə gəlirdim. O da çox ağır bir qız idi. Axırda əllərim qurudu. Üzümü yuya bilmirdim. Amma bu qədər əziyyətə, gərginliyə baxmayaraq o filmdə çəkilmək mənim üçün çox xoş idi.

Təəssüf ki,  Ceyhun Mirzəyevin özünə bu filmi görmək qismət olmadı”.


Filmin hansı qüsurları var?

Kinoşünas Aydın Dadaşov: “St­ruk­tu­run­da sə­nəd­li ha­di­sə­lə­rin və faktların bər­pa­sın­dan ge­niş is­ti­fa­də olu­nan fil­min ilk epi­zod­lar­dan er­mə­ni mil­lət­çi­lə­ri­nin tö­rət­dik­lə­ri vəh­şi­lik­lər ha­di­sə­lə­rə tə­kan ve­rir. Be­lə ki, haq­qı ben­zin­lə ödə­nil­mək­lə iş­ğal zo­na­sın­da az­yaş­lı qı­zı zor­la­ya­raq öl­dür­müş er­mə­ni­nin adı­nı öy­rə­nə­rək, qa­ça-qa­ça düş­mən sən­gə­ri­nin üzə­rin­dən keç­mək­lə gü­nah­ka­rı qət­lə ye­ti­rən İs­ma­yı­lın əsir düş­mə­si möv­zu is­ti­qa­mə­ti­ni qa­bar­dır. Er­mə­ni­lər tə­rə­fin­dən da­vam­lı ola­raq vəh­şi­cə­si­nə dö­yü­lən, ayaq­qa­bı­la­rı be­lə ya­ra­lı ayaq­la­rın­dan çı­xa­rı­lıb mə­nim­sə­ni­lən  İs­ma­yı­lın  sər­həd­siz hə­kim­lər bir­li­yi­nin xa­ric­dən gəl­miş üz­vü­nün mü­da­xi­lə­si ilə ölüm­dən qur­tar­ma­sı, də­yiş­di­ril­mək üçün Xo­ren ad­lı er­mə­ni əsi­ri­nin ai­lə­sin­də,  zir­zə­mi­də sax­la­nıl­ma­sı əsas mə­ka­nı təq­dim edir. Ha­di­sə­lə­ri ida­rə edən er­mə­ni ko­man­di­ri Ar­men Xaçaturyantsın (Mə­lik Da­da­şov) daim gə­lib-get­di­yi, top mər­mi­lə­rin­dən ət­raf­da­kı ti­ki­li­lər da­ğıl­sa da, yal­nız bu evin sa­la­mat qal­ma­sı­nın vur­ğu­lan­ma­sı, san­ki qə­rar­ga­ha çev­ri­lən bu mə­ka­nı diq­qət mər­kə­zin­də sax­la­yır. Ya­ra­lı İs­ma­yı­lın ekskursiyaya gə­lən mək­təb­li­lə­rə düş­mən ki­mi təq­dim olun­ma­sı, Xo­ca­lı­nın, Şu­şa­nın, La­çı­nın iş­ğa­lı­nın bay­ram edil­mə­si iş­ğal­çı er­mə­ni mil­lət­çi­li­yi­nin mən­fur niy­yə­ti­nin açıl­ma­sı­na yö­nəl­sə də, Xo­re­nin ar­va­dı­nın da­nış­dı­ğı yu­xu­la­rın­da gün­bə­gün əri­nin ba­şı­nı və nə­ha­yət «ən va­cib bə­dən üz­vü­nü» itir­mə­si ba­rə­də söh­bət­lə­rin sa­də­cə gü­lüş do­ğur­ma­ğa yö­nəl­mə­si əsas­sız gö­rü­nür. Er­mə­ni Var­dan Ma­mi­kon­ya­nın türk at­lı­la­rı ilə dö­yüş­lər­dən qa­lib çıx­ma­sı ilə bağ­lı möv­zu fan­ta­zi­ya, Xa­ça­tur Abov­ya­nın, Sil­va Ka­pu­tik­ya­nın əsər­lə­rin­dən sə­hi­fə­lə­rin təq­di­ma­tı zid­diy­yə­tin bir tə­rə­fi­ni can­lan­dır­sa da, atı­lan mər­mi­lər­dən qa­ça­raq ha­mı­nın zir­zə­mi­də giz­lən­di­yi bir mə­qam­da ölüm­lə əl­lə­şən ya­ra­lı İs­ma­yı­lın onun üzə­ri­nə əyi­lən Ar­men Xaçaturyantsın ci­bin­dən gö­tü­rə bil­di­yi kib­rit­lə evə od vur­ma­sı və kör­pə er­mə­ni uşa­ğı­nı məhv ol­maq­dan xi­las et­mək na­mi­nə hə­ya­tı­nı təh­lü­kə­yə at­ma­sı epi­zo­du az­lıq edir.”

Rejissor Rövşən Almuradlı: “Sənət əsərini bu cür konkretləşdirmək olmaz. Qarabağ haqqında “Fəryad”dan əvvəl də, “Fəryad”dan sonra da filmlər çəkilib. Hərəsinin öz yeri var. Onları müqayisə etmək bəlkə də,  düzgün deyil. “Fəryad” çox dəyərli, ürək ağrısı ilə çəkilmiş filmdir. Bu o demək deyil ki, o biri filmlərin heç bir təsiri yoxdur. “Dolu”, “Bəsdir, ağlama”, “Qayalarda qalan səs” var. Bu filmlərə çoxu bəlkə də heç baxmayıb. Sizcə, bunlar dəyərsiz filmdir? Sadəcə bizim bəlamız ondadır ki, ancaq matəm günlərində, Xocalı faciəsi vaxtı bu filmləri veririk“.

Prodüser : Nazim Abdullayev
Texniki Prodüser :
 Faiq Əliyev
Ssenari müəllifi :
 Vaqif Mustafayev
Quruluşçu rejissor :
 Ceyhun Mirzəyev
Quruluşçu operator :
 Kənan Məmmədov 
Quruluşçu rəssam :
 Rafiz İsmayılov
Bəstəkar : Cavanşir Quliyev
Səs operatoru : Əsəd Əsədov
Montaj edən :
 Nailə Dadaşova
Filmin direktoru :
 Qasım Səfəroğlu
Rejissor :
 Süleyman Əhmədov
Operator :
 Tərlan Bağırov
Baş Məsləhətçi :
 Rüfət Əmirov (polkovnik)
Məsləhətçi :
 Nizami Musayev (polis podpolkovniki)
Qrim rəssamı :
 Elbrus Vahidov, Çingiz Paşayev
Dekor rəssamı : Rafiq Nəsirov
Fotoqraf-Rəssam :
 Pərviz Quliyev
Rəng Araşdırıcısı : Əminə Cəfərova
Quraşdırılmış səhnələrin operatoru :
 Ramiz Babayev

Rollarda: Ceyhun Mirzəyev -İsmayıl
Məlik Dadaşov -Xaçaturyans
Hacı İsmayılov -Rövşən
Şamil Mahmudbəyov-Samvel
Nəcibə Behbudova-Erməni qadın
Lalə Bağırova-Erməni müəllimə
Elmira Şabanova-İsmayılın anası
Fərəc Fərəcov-Xoren
Yuri Qorobets
Şahmar Qəribli - erməni
Sənubər İsgəndərli-İsmayılın arvadı  

(Sonluq)

P.S. Heç nəyə baxmayaraq “Fəryad” yaşayacaq. Çünki bu filmi yaradanların hisləri də həmin vaxt müharibədən çıxmışdı və o müharibədən çıxan duyğuları “Fəryad” lentə alıb. Kadr-kadr ölürdü rejissor... Hər kadr hazırlandıqca bir duyğu ölürdü və bunun özü də bir qələbə idi. Beləcə, filmi görməmiş Ceyhun Mirzəyev də kadr –kadr öldü... Yəni, möhtəşəm qələbə qazandı. “Fəryad” Ceyhun Mirzəyev üçün “Fəryad” olduğu qədər də qələbənin özü idi... Fəryaddan doğacaq qələbənin..  

P.S.S..
Və o qələbəyə çox qalmayıb...


Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü