Modern.az

Xalq yazıçısı Anar: “Qabili çox istəyirəm” - FOTOLAR

Xalq yazıçısı Anar: “Qabili çox istəyirəm” - FOTOLAR

Mədəni̇yyət

3 Aprel 2014, 21:21


Qabili çox istəyirəm. Təpədən-dırnağa şair olduğuna görə. Dilimizin doğru-düzgün işlənməsinin sayıq keşikçisi olduğuna görə. “Nəsimi” poemasında, “Ömür həbləri” romanında, bir çox şeirlərində, özəlliklə son illərdə yazdığı şeirlərdə fəal vətəndaşlıq mövqeyinə görə. Bilirəm ki, “özəlliklə” əvəzinə “xüsusilə” yazsaydım, Qabilin daha çox xoşuna gələrdi. Neyləməli, bəzi ədəbi meyllərimizdə müəyyən fərqli məqamlar da var.

Qabili çox istəyirəm. Bənzərsiz yumoruna görə, dadlı-duzlu zarafatlarına, lətifələrinə görə, çoxlarını çaş-baş salan paradoksal suallarına görə, gercəkdən də uşaq kimi sadədil olduğuna görə və bəzən də bu sadəliyi məharətlə oynadığına görə.

Qabili çox istəyirəm. Çünki Yazıçılar Birliyinə münasibəti yalnız ummaqdan və küsməkdən ibarət olan bəzilərindən fərqli Qabil bu təşkilatı doğma evi bilir, onun qayğılarıyla və sevincləriylə yaşayır, bütün tədbirlərimizdə cani-dildən iştirak edir. Çünki indi Yazıçılar Birliyinə rəhbərlik edənlərə ondan on, ya otuz beş yaş cavan olmasına baxmayaraq, eyni hörmətlə yanaşır və qarşılıqlı hörmət görür. Çünki cahillərə cavab vermək lazım gələndə yaxasını kənara çəkmir.

Ara-sıra hirsli cavanlarımız, cavanlıqları xatirələrdə qalmış əzvaylar bütün keçmiş ədəbiyyatımızı “sovet” damğasıyla inkar edirlər. Bir şeyi bilmir, ya bilmək istəmirlər ki, sovet dövründə yaranan hər əsər hələ sovet ədəbiyyatı demək deyildi. Sovet sisteminin sapbasağ çağında Qabilin yaratdığı “Məhəbbət deyil”, “Küləkli havalarda, yağışlı havalarda”, “Tramvay parka gedir”, “Yarpaqlar tökülür” və neçə-neçə başqa həzin şeiri sosialist realizmi deyilən metoda heç bir dəxli olmayan həqiqi sənət nümunələri idi. O illər (elə bəzən indinin özündə də) Qabil ənənəvi üslubda yazmayan gənc şairlərə həddən artıq sərt münasibət bəsləsə də, özünün bu şeirləri məhz yeni ədəbiyyatın parlaq nümunələri idi və o dövr şeirimizdəki dönüş nöqtəsinin bariz nişanəsi idi.

Amma Qabil onu da sübut edənlərdəndir ki, bir çox məqamlarda ənənəvi formalar ifadə etmək istədiyin fikirlərə, hisslərə ən çox uyğun gələn biçimlərdir. Buna ən gözəl misal Qabilin 1990-cı ilin Qara Yanvar faciəsinə həsr etdiyi “Mərsiyə”dir. Mərsiyə kimi Yaxın Şərq ədəbiyyatının ən qədim janrlarının birində Qabil müasir azərbaycanlının o günlər keçirdiyi hiss-həyəcanları, ağrıları-acıları təsirli şəkildə ifadə edə bilmişdi.

Qabil klassik poeziyanın başqa formalarında, məsələn rübai janrında da kamil nümunələr yaradır. Rübailərindən birini mənə həsr etdiyinə görə minnətdaram:

Valideynə oğulsansa – Anar ol!
Sən əbədi məşəl kimi yanar ol!
Ata-ana məzarının üstündə
Bir gül olma, gülüstan ol, gülzar ol!

Mən də şair dostum haqqındakı bu kiçik yazımı ona həsr etdiyim cavab rübaisiylə bildirmək istəyirəm:

Hər sənətdə, hər peşədə kamil ol!
Tarda Bəhram, kamançada Habil ol!
Ömər Xəyyam çox şairə söylədi:
Hünərin var rübaidə Qabil ol!

Qabili çox istəyirəm.

09.04.2000















Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü