Modern.az

Hədiyyə qutusunun düşər-düşməzliyi

Hədiyyə qutusunun düşər-düşməzliyi

Mədəni̇yyət

19 Noyabr 2014, 12:43

jurnalist, Prezident təqaüdçüsü

Tanınmış şəxsiyyətlərlə bağlı qəribə, məzəli, bir az da kövrək hisslər oyadan əhvalatlar

Qazancım yaladığım bal oldu
(1-ci əhvalat)

Ailədə yeddi uşaq idik. Böyük Vətən Müharibəsi vaxtı qardaşım hərbi xidmətdə idi. Taqanroq diviziyasında döyüşlərdən birində sağlamlığını itirmişdi. Bakıya qaytarmışdılar, hərbi xəstəxanada müalicə olunurdu. Qalan bacılarım, qardaşım orta məktəbdə oxuyurdular. Mənim isə 4 yaşım vardı, evdə idim, bəzən tək qalanda başqa uşaqlar kimi mətbəxi, şkafları qurdalayıb yeməyə bir şey axtarardım. Bilirdim ki, evdə konfet  qutusu (“korobka”) olanda anam bufetin (indi “stenka” adlanan mebelin) üstünə qoyurdu. Heç kimin ona əl vurmağa ixtiyarı yox idi. Qonaq gələndən-gələnə anam korobkanı çay süfrəsinə qoyardı. Biz – uşaqlar gözümüzü qonağa zilləyərdik. Qonaq əlini uzadıb korobkadan bircə konfet götürsəydi, qalanı bizim idi: qonaq gedən kimi düşərdik korobkanın üstünə. Vay o gündən ki, qonaq korobkaya əl uzatmadı: qonaq gedən kimi anam korobkanın ağzını bağlayıb bufetin üstünə qoyardı.

Evdə tək qalmağımdan istifadə edib, ayağımım altına taburetka qoyub əlimi bufetin üstünə uzatdım. Bu vaxt böyük bacım içəri girdi. Qorxudan ayağım əsdi, taburetka ayağımın altından qaçdı, üzü aşağı – başı üstə yerə yıxılanda başım bufetin açıq qalmış alt çəkməsinin küncünə ilişdi (indi də ay şəkilli çapıq izi başımda qalıb).

Qonşuların köməyi ilə məni təcili türkəçarə “həkim”in yanına apardılar. Yaralı yerə çoxlu bal tökdülər. Qan kəsilənədək bal yaralı yerdən sızıb yanağıma axırdı. Sevincim bunda idi ki, mən dilimlə onu yalayırdım. Bundan sonra mən “korobka”ya elə nifrət edirdim ki, evə bir adam hədiyyə gətirəndə az qalırdım evdən qaçım.

Bu sonuncu olmadı
(2-ci əhvalat)

Təzəcə ailə qurmuşduq. Qohumlar bizi tez-tez qonaq çağırırdılar. Evdə konyakdan, konfetdən nə vardı hamısını qonaq gedəndə (əliboş getmək ayıb idi) tükətmişdik. Yoldaşımla evi ələk-vələk etdik, nəhayət, Leninqrad (o vaxt  Sankt-Peterburq belə adlanırdı) istehsalı olan bir konfet qutusunu tapdıq. Sevincimiz uzun çəkmədi: qutunun üstündəki mürəkkəb möhürlü istehsal tarixinə baxdım. Vaxtı altı ay ötmüşdü. Yaxın qohumlarımgilə gedirdik. Şəhadət barmağımı dilimlə yaşladım, barmağımı qutunun arxasındakı tarix yerinə sürtdüm. Mürəkkəb necə dağıldısa tarix yazısı bilinməz oldu. Beləcə qutunu səliqə ilə kağıza büküb hədiyyə apardıq.

Çox sevindik ki, “korobka” evdən çıxdı. Sən demə bu müvəqqəti imiş. Getdiyi yerdən daha beş ünvana – qohum evlərinə hədiyyə səyahətindən sonra “gözəlçə” – tarixini barmağımla pozub eybəcər hala saldığım “korobka”  yenidən bizə gətirilməsinmi?

Uşaqların boğazından kəsib aldığım “korobka”
(3-cü əhvalat)

Tələbəlik illərində beş il birgə günlər keçirdiyimiz Tofiq Məlikli ilə dostluğumuz sonradan ailəliklə sıx münasibətə keçmişdi. Moskvada olurdular. Tofiq Məlikli tanınmış, mahir türkoloq idi. Türk ədəbiyyatının, xüsusilə poeziyasının fəal təbliğatçısı olmuşdu. Filologiya elmləri doktoru rütbəsinə çatmışdı. Onun professor vəzifəsinə təyin olunmasına hədsiz sevinirdim. İctimai xadim kimi çox iş görürdü, çoxlu tərcümələrin, şeir kitablarının müəllifi idi. Bir sözlə, o qədər üstün cəhətləri vardı ki, bunlardan qürur hissi duyurdum. Həyat yoldaşı Elmira xanım da nəcib azərbaycanlı xanım-xatın bir qadın idi. Mehriban, səmimi, hörmətcil. Bir həkim kimi Moskvada adı hörmətlə çəkilir. Tofiq Gəncəli, Elmira xanım isə Naxçıvandan idilər. Onlar haqqında həyat yoldaşıma çox danışmışdım.

Biz toy səyahətini Leninqradda keçirməyi qərara almışdıq. Yolüstü Moskvada (beş-altı saat vaxtımız vardı) dayanmalı olduq. Tofiqgilə getdik Çox səmimi qarşılandıq. Elə təzəcə oturmuşduq ki, Tofiq “Mülatif, aclığınız varmı?” – deyə soruşdu. “Yox” dedim.

Oturduğumuz stolun üstünə böyük bir qalaq şəkillər tökdülər. Yoldan gəlmişdik, özü də ac. Belə halda şəkillərə nə maraq oyanardı? Bir-iki dəqiqənin içində “hamısına” baxdım. Bir də gördüm ki, ər – arvad əllərini salfetlə silə-silə mətbəxdən çıxdılar. Möhkəm şam yeməyi yemişdilər.

- Tofiq, - dedim, - bəs biz? Acından ...

- Mən soruşdum “aclığınız var”?, dedin “yox”.

- Ay qardaş, qonaqdan bircə dəfə soruşarlar?

Gülüşdülər. Sonra ləziz süfrə açıldı.

Hə, deyəsən moskvalı xasiyyəti onlara da sirayət eləmişdi. Gəncəli olasan, Naxçıvan mahalı ilə bağlı olasan qonağın yeyib-yeməyəcəyini bircə kəlmə ilə, bircə dəfə soruşasan ...

Tofiq Məlikli Bakıya tez-tez gələrdi. O həm də AYB-nin Moskva şöbəsinə rəhbərlik edirdi. Beynəlxalq tədbirlərə, Azərbaycan Yazıçılar İttifaqının üzvü kimi, konfranslara. Qızı Bakıda olurdu. (onu da deyim ki, Moskvada böyüyüb boya-başa çatsa da, valideynləri ona elə tərbiyə vermişdilər ki, yalnız azərbaycanlı ilə həyat qurmuşdu. Afərin!) Adamın dili də gəlmir deməyə, amma nə edəsən ki, onlar nənə-baba olmuşdular. Bir gün Bakıya gələndə mənə zəng vurdu ki, axşam bizə gəl, oturub söhbət edək. Qızının evinə ilk dəfə getdiyim üçün əliboşluqdan qaçdım, bir konfet qutusu (“korobka”) alıb getdim. Qapını Tofiq açdı, evdə tək idi. Xeyli söhbətləşdik. Evdən çıxanda dəhlizdə taxçanın üstünə qoyduğum “gözəlçə”ni görüb soruşdu:

- Bu nədir belə?

- Konfet “korobkasıdır. Zarafatla: - Uşaqların boğazından kəsib gətirmişəm, - dedim.

- Yox, yox, elə şey eləmə, götür korobkanı.

Az qaldı ki, qutunu zorla qoltuğuma verib yola salsın.

Xeyli mübahisədən sonra ... Bu da bir moskvalı xarakteri idi onda qalmışdı.

Professor “Saxla!” – dedi, - dəydi

Orta məktəbi Bərdədə bitirib Bakıya köçmüşdük. Həmin il ali məktəbə qəbul ola bilməmişdim. Növbəti dəfə qəbul imtahanına beş-altı ay qalmışdı. Günlərin birində “Nəzər dayı” dediyimiz qohum bizə gəlmişdi. Onu da deyim ki, o vaxtkı Azərbaycan Pedaqoji İnstitutunda professor işləyən Nəzər Paşayev bütün qohumlara qayğı göstərərdi. Mənə də söz vermişdi ki, ali məktəbə qəbul olunmağıma kömək edəcək. Bir şərtlə: qəbul imtahanlarınadək ona sürücülük edim.  Professor olduğu üçün ona təzə Qaz-21 – “Volqa” avtomobili vermişdilər. Mən məmnuniyyətlə razı oldum. Sevinirdim: təp-təzə “Volqa”. Qəribə spidometri vardı ...

Nə isə, sövdələşdik. Amma mən dedim ki, ali məktəb məsələsində onun köməyinə ehtiyacım olmayacaq.

Nəzər Paşayev müxtəlif məktəb binalarında tələbələr üçün mühazirə oxumağa gedərdi. Gündə bir-neçə ünvanda olurdu. Belə məktəblərdən biri də o vaxtlar “26-lar bağı” adlanan yerdən bir qədər aralıda uşaq idman məktəbi binası idi. Məktəbin qırmızı rəngli dar bir darvazası vardı. Həyətə maşın salmaq çətin idi. Bir dəfə mən Nəzər dayıdan xahiş etdim ki, maşının sağ tərəfinə baxsın, darvazaya sürtülməsin, dəyəndə desin. Mən isə yan şüşəni açıb sol tərəfə baxırdım. Darvazanı yarıya qədər keçmişdim ki, sağ qapıların xışıltı ilə əzildiyini eşitdim. Maşını saxlayıb yerə düşdüm.  Nəzər dayıya baxıb dedim ki, “bəs niyə xəbər eləmədiniz?”. Professor heç tövrünü pozmadı. Sakitcə:

- Sən mənə dedin ki, bax, maşın darvazaya sürtülsə, xəbər elə. Mən də gördüm ki, dəydi, əlimi qaldırıb “saxla” dedim, dəydi!

İnsafən, bundan sonra professor mənə bir söz demədi, pərtliyimi görüb: “Dəmirdir də, əzilər də, düzələr də!” – dedi.

O bunu deyib mühazirə oxumağa getdi. Mən isə əlimə çəkic –montirovka götürüb düşdüm əzilən qapıların üstünə. Onları bir günə qoydum ki, sonradan hansı ustaya apardımsa, dedilər “təzə qapılar alınmalıdır”...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü