Rio-2016 Yay Paralimpiya Oyunlarında Azərbaycan yığması daha bir medal qazanıb. Modern.az saytı xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən cüdoçu Rövşən Səfərov bürünc medal qazanıb.
Qeyd edək ki, təmsilçimiz yarışa 1/8 final mərhələsindən start verib. İlk olaraq belaruslu Aleksandr Kazlounu yolundan kənarlaşdıran Səfərov 1/4 finalda ukraynalı Aleksandr Kosinova uduzub. Buna baxmayaraq, Kosinovun finala yüksəlməsi idmançımızın “bürünc” medal uğrunda mübarizə aparmasına imkan yaradıb.
Şansı əldən verməyən idmançımız əvvəlcə argentinalı Xose Effronu, daha sonra isə Böyük Britaniya təmsilçisi Conatan Dreyni məğlub edərək Braziliyadan medal qayıtmağı bacarıb.
Qeyd edək ki, yarışın ilk günündə cüdoçu Bayram Mustafayev gümüş, bu gün isə Ramil Qasımov (73 kq) qızıl medal qazanıb.
Modern.az