2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti postuna VIII seçki keçiriləcək.
Maraqlıdır, siyasi partiyalardan seçkilərə namizədlər kimlər olacaq?
Modern.az saytı bu sualla partiyalara mürtaciət edib.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib ki, 2018-ci ildə keçiriləcək prezident seçkilərində Azərbaycan Respublikasının hazırkı Prezidenti İlham Əliyevin namizədliyi yenidən irəli sürüləcək.
“Hakim partiya 2018-ci ildə keçirləcək Prezident seçkilərində İlham Əliyevi vahid namizəd olaraq görür. Biz inanırıq ki, cənab İlham Əliyev gələn il keçiriləcək seçkilərdə yenidən Prezident seçiləcək”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 2018-ci ildə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürəcək.
“2018-ci ildə keçiriləcək prezident seçkilərinə namizədliyimi irəli sürəcəyəm. Bu barədə Siyasi Şuranın qəti qərarı var. Hazırda bu yöndə ciddi işlərə başlamışıq. Artıq rayonlarda təlim-təbliğat işləri başlayıb. İndi Azərbaycanın bütün təbəqələri ilə əlaqələr gücləndirilir və partiyanın nəzdində gənclər komitəsinin yaradılması nəzərdə tutulur. Ölkəmizdəki vəziyyəti insanlarla müzakirə edirik. Eyni zamanda, partiya üzvlərindən əldə etdiyimiz məbləğlə təbliğat-təşkilat qruplarımızın sayını çoxaldırıq. Ölkədəki və regiondakı vəziyyəti müəyyənləşdirib, seçkilərdə mövqeyimizi ortaya qoyacağıq. Mən də bir neçə gün öncə təbliğat-təşkilat işlərinə başlamışam. Düşünürəm ki, 2018-ci ildə normal demokratik seçki keçirilsə, orada qalib gələcəyik”.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də 2018-ci ildə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürəcək.
“Partiyada hazırda Prezident seçkilərinə hazırlıq işi görülür. Partiyanın təşviqatçı korpusu, seçki günü işlərini həyata keçirəcək heyəti, imzatoplama kampaniyasının rəvan keçməsi üçün daxili resursların sistemləşdirilməsi və digər mexanizmləri işə salmaq niyyətindəyik”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki,seçkilərəhələlik heç bir hazırlıq görmürlər.
“Çünki hələ ki ölkədəki vəziyyət qeyri-müəyyəndir. Bir az aydınlıq olsun, bununla bağlı qərar qəbul edəcəyik. Seçkilərin keçirilməsinə 5-6 ay qalmış namizədlik və s. məsələlərə partiyada aydınlıq gətiriləcək”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov bildirib ki, hələ prezident seçkilərinə xeyli müddət var.
“İlk növbədə seçki mühitinin yaxşılaşdırılması və seçkiyə münasibətin dəyişdirilməsi vacibdir. Bu həm iqtidar, həm də müxalifət tərəfindən olmalıdır. Qarşılıqlı inam vacibdir. Hesab edirəm ki, əsas vəzifə seçki mühitinin yaxşılaşdırılması, münbit şərait yaradılması, seçkilərə güvənin formalaşdırılmasıdır. Partiyamızın rayon təşkilatının fəaliyyəti həmişə işlək vəziyyətdə olub. Ona görə də bizim üçün seçki prosesində hər hansı problemin çıxması gözlənilən olmur. Müəyyən inzibati problemlərin də qarşısı başqa variantlarla alınır. Əsas odur ki, partiya strukturları var, istənilən halda o işin öhdəsindən gəlməyi bacarır. Bunu isə bir neçə dəfə sübut etmişik”.
Müsavat başqanının müavini Yadigar Sadıqov deyib ki,2018-ci ildə keçiriləcək prezident seçkilərində İsa Qəmbərin namizədliyini irəli sürəcəklər.
“Partiyanın son qurultayında İsa Qəmbərin namizədliyi irəli sürülüb. İsa bəy rəsmən Müsavat Partiyasından prezidentliyə namizəddir. Amma seçkilərə az qalmış Müsavatın prosesdə iştirak edib-etməyəcəyinə qərar veriləcək”.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Nurəddin Məmmədli bildirib ki, hazırda bu istiqamətdə partiyada heç bir iş görülmür. O, bunu seçkilərin şəffaf keçiriləcəyinə şübhə etməkləri ilə əlaqələndirib.
Mirmahmud KAZIMOĞLU