19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raundunda mübarizəyə başlayır.
Modern.az-ın "Report"a istinadən məlumatına görə, Vüqar Məmmədin baş məşqçi olduğu kollektiv Rusiyada təşkil olunan turnirdə bu gün ilk oyununu keçirəcək. I qrupda mübarizə aparan komanda ilk sınağında meydan sahibləri ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
U-19 elit-raunda vəsiqəni 2018-ci ilin noyabrında Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunmuş seçmə mərhələdə əldə edib. Daha sonra kollektiv Türkiyə və İspaniyada təlim-məşq toplanışlarında olub, çoxlu yoxlama oyunu keçirib.
Qeyd edək ki, I qrupda Rusiya ilə yanaşı, İrlandiya və Rumıniya da yer alıb. 14 - 27 iyulda Ermənistanda keçiriləcək final mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaqlar.
AVRO-2019-un elit-raundu, I qrup
20 mart
18:00. Rusiya - Azərbaycan
Hakimlər: Adrian Jakotte, Vital Jobin (hər ikisi İsveçrə), Balaj Şert, Adam Farkaş (hər ikisi Macarıstan)
Krasnodar Akademiyasının stadionu