Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atabank” ASC, “Amrahbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin 17,9 min əmanətçisinə qorunan əmanətlər üzrə 6 avqust 2020-ci il tarixinə “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 402,3 milyon manat kompensasiya ödəyib.
Fonddan Modern.az-a verilən məlumata görə, ləğv prosesində olan “Atabank” ASC-nin 7,6 min əmanətçisinə 170,8 milyon manat, “Amrahbank” ASC-nin 5,1 min əmanətçisinə 121,7 milyon manat kompensasiya ödənilib:
“Qeyd edilən banklar üzrə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixdən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.
Ləğv prosesində olan “AG Bank” ASC-nin 2,3 min əmanətçisinə 29,8 milyon manat, “NBC Bank” ASC-nin 2,9 min əmanətçisinə 80 milyon manat kompensasiya ödənilib. Adı çəkilən banklar üzrə kompensasiyaların ödənilməsinə 16 iyun 2020-ci il tarixdən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir”.
Həmçinin qeyd edilib ki, “Əmanətlərin sığoratalanması haqqında” Qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edəcək:
“Həmçinin, “Atabank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-də təshih tədbirlərinin tətbiq edildiyi müddət ərzində qəbul edilmiş əmanətlərin ödənişi qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin müvafiq şərhinə uyğun olaraq həll ediləcək”.