Modern.az

İkili standartlardan pandemiyaya qədər - İlanın ağına da lənət, qarasına da...

İkili standartlardan pandemiyaya qədər - İlanın ağına da lənət, qarasına da...

Aktual

20 Avqust 2020, 12:25

Covid-19-un pandemiya səviyyəsi rəsmən elan edildikdən sonra  dünyanın ciddi maliyyə institutları və nüfuzlu beyin mərkəzləri ilk proqnozlarını verdilər. Əvvəl-əvvəl  istər  pandemiyaya münasibətdə, istərsə də verilən proqnozlara yanaşmada hətta  dünyanın ən aparıcı dövlətləri və onların liderləri fərqli, bəzən biri-biri ilə ziddiyyət  təşkil edən mövqe sərgiləyirdilər. Karantin qaydaları tətbiqinin zəruriliyini, qoruyucu və dezinfeksiyaedici məmulatlardan istifadənin vacibliyini şübhə altına alan ölkələr, bəzən onlardan imtina edənlər də oldu. Bəzi ölkələr isə Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətini tənqid edir,tövsiyyələrinə skeptik yanaşırdılar. Bu günün özündə də belə tənqidlər ara-sıra,haqlı-haqsız  səslənməkdədir. Maraqlısı isə odur ki, bu tənqidlərin müəllifi kiçik yaxud orta səviyyədə inkişaf etmiş ölkələr deyil,dünyanın güc mərkəzləridir.

 

Bununla belə, beynəlxalq maliyyə institutlarının verdikləri proqnozlar artıq özünü doğrultmaqdadır. Ən qabaqcıl Avropa ölkələrinin iqtisadiyyatında geriləmənin  həcmi 5-9%-dir,bir sıra ölkələrdə isə  daha yuxarı həddədir. İlin sonunda bu göstəricinin konkret hansı həddə olacağını indidən dəqiqliklə proqnozlaşdırmaq mümkün olmasa da,əminliklə onu deyə bilərik ki,dünya iqtisadiyyatı uğradığı tənəzzülü dəf edə bilməyəcək,buna daha uzun zaman tələb olunacaq.

 

Nüfuzlu araşdırma mərkəzlərinin proqnozu bir  də ondan ibarət idi ki,pandemiya yalnız dünya iqtisadiyyatına deyil, həm də geosiyasi mənzərəsinə,nüfuz dairələrinin yenidən bölüşdürülməsinə   təsirsiz ötüşməyəcək. Bu proqnoz da özünü doğrultmaqdadır. Honq Konq ətrafında cərəyan edənlər  bu dəyişimin ilk simptomu idi. Belarusda baş verən son hadisələr, Rusiyanın o cümlədən hərbi müdaxiləsi ilə bağlı müraciətlər geopolitik məkanda baş verən mürəkkəb oyunların, maraq toqquşmalarının təzahürüdür.

 

Türkiyənin Yaxın Şərqdə yerinə yetirdiyi sülhməramlı və təhlükəsizlik missiyasına qısqanc yanaşma da pandemiya fonunun müşaiyəti cərçivəsində baş verən  qlobal siyasi oyunların tərkib hissəsidir. Aralıq dənizi bölgəsinin inkişafı və tərəqqisində,bölgədə sülhün və sabitliyin təmin olunmasında qardaş Türkiyənin  yerinə yetirməkdə olduğu,beynəlxalq hüquqa söykənən fəaliyyətinə işğalçı Ermənistanın kölgə salmaq cəhdi də geosiyasi  oyunların üzdə olan kiçik  hissəsidir. Lakin Ermənistan Azərbaycana qarşı yürütdüyü işğalçı və təcavüzkar siyasətində olduğu kimi,bu oyunda da kiminsə istifadə etdiyi bir alətdir. Amma çox  kəsərsiz alətdir, çünki ondan bir daha məkrli və ədalətsiz işdə  istifadə edilməkdədir.

 

Bütün bunlar bir neçə nəticəyə gəlməyə əsas verir. Onlardan birincisi odur ki,dünyanın güc mərkəzləri uzun illər öz siyasi maraqlarını təmin etmək məqsədi ilə ikili yanaşma standartlarını formalaşdırıblar. İşğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının 822,853,874,884 nömrəli Qətnamələrini icra etməməsi məhz ikili yanaşmanın, cinayətkarın cəzalandırılmamasının və ya işğalçının  hüquq müstəvisinə qaytarılması üçün göstərilən  əməli beynəlxalq  səylərin zəifliyinin nəticəsidir. Gələ biləcəyimiz növbəti nəticə isə  odur ki,oynanılmaqda olan qlobal  siyasi oyunda dövlət müstəqilliyimizin qorunması,ərazi bütövlüyümüzün bərpası,  çıxarlarımız nəzərə alınmadan, qardaş Türkiyə ilə bir yerdə,onun yanında olmağımızdadır. Çünki bizləri birləşdirən yalnız tarixi əlaqələrimiz və soyköklərimiz deyil. Bizləri birləşdirən həm də beynəlxalq hüququn dövlətlərimizə tanıdığı haqq,tarixi ədalətdir. Beynəlxalq hüququ tanıyan,ona hörmət və əməl edən hər kəs  və hər bir dövlətlə bir yerdə olmağa hazırıq. Pandemiyanın ağır sınağından dünya dövlətlərini və xalqlarını  yalnız səhiyyə sistemlərinin mükəmməlliyi  deyil,həm də beynəlxalq hüququn aliliyinə hamılıqla göstərilən hörmət və sayğı  çıxara bilər.Burada ikili yanaşmaya və ikili mövqeyə yer olmamalıdır.

 

P.S. Yazını bitirəndə məlumat yayıldı ki, Ermənistanın keçmiş prezidenti S.Sarqsyan müsahibə verir. O bildirdi ki, Paşinyana qədər, özünün hakimiyyətdə olduğu dövrdə Rusiya Ermənistana 50 min ton həcmində pulsuz-parasız  hərbi-texniki yük göndərib. Bu günlərdə isə məlum olmuşdu ki, ermənilərin Tovuz rayonu istiqamətindəki təxribatından sonra -iyulun 17-dən  avqustun 4-dək Rusiyadan Ermənistana 400 ton həcmində hərbi yük daxil olub,havayı yaxud qeyri-havayı olduğu bilinmir. Belə çıxır ki, Sarqsyanla Paşinyan hakimiyyəti arasındakı fərq iki məsələdədir. Birincisi göndərilən hərbi yükün həcmindədir. İkincisi isə odur ki, Sarqsyan birbaşa Rusiyanın adamı idi, Paşinyan isə Sorosun nümayəndəsidir. Bir daha təsdiqini tapan odur ki, siyasi oriyentasiyadakı bu fərqin də Rusiya-ATƏT-in Minsk Qrupu çərçivəsində tərəfsiz  vasitəçilik öhdəliyini üzərinə götürmüş ölkə üçün elə bir ciddi əhəmiyyəti yoxdur. Fərq yalnız Sarqsyana və Paşinyana göndərdiyi hərbi yükün həcmindədir. Bax, burda deyirlər ki, ilanın ağına da lənət,qarasına da, ona zəhər verənə də...

 

Ülvi Quliyev Milli Məclisin deputatı 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et