Modern.az

Prezidentin qətiyyətli mövqeyi qalibiyyətin rəhnidir

Prezidentin qətiyyətli mövqeyi qalibiyyətin rəhnidir

Aktual

21 Avqust 2020, 12:20

Neçə gündür , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son hadisələrlə bağlı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığı gündəmdədir. Təkcə dövlət və ictimai xadimlər, millət vəkilləri, politoloqlar, siyasi şərhçilər deyil, eləcə də ayrı-ayrı qələm sahibləri və sadə vətəndaşlar da bu telefon danışığında dövlətimizin başçısının Ermənistana 400 ton silah verilməsi ilə bağlı Rusiya Prezidentindən kəskin formada aydınlıq gətirilməsini tələb etməsi önə çıxarılıb siyasi qətiyyət nümunəsi kimi qiymətləndirilir.

 

Bəli, artıq bıçaq sümüyə dirənib. Ermənistan və onun xarici havadarları  bilməlidirlər ki Azərbaycanın səbri tükənməz deyildir.

 

1988-ci ildən başlayaraq, Ermənistan onun xaricdəki havadarlarının köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ilhaq etmək məqsədilə ölkəmizin torpaqlarının 20 faizini işğal edib, dinc yerli əhalini öz dədə-baba yurdlarından qovub, minlərlə insanı qətlə yetirib, yaralayıb, əsir və girov götürüb, bütün tarixi və mədəni abidələrimizi məhv edib, yeraltı və yerüstü təbii sərvətlərimizi talayıb.

 

BMT-nin bu münaqişə ilə bağlı qəbul etdiyi 822, 853,874,884 nömrəli 4 qətnamə və digər beynəlxalq təşkilatların müvafiq qərarları Ermənistanın tərəfindən icra olunmur və biganəliklə qarşılanır. Öz havadarlarının dəstəyini görən, işlətdiyi cinayətlərə görə cəza almayan Ermənistan respublikası yaratdığı çinayətkar separatçı rejimlə  birgə Beynəlxalq aləmə bir növ meydan oxuyur, özünü “ərköyün uşaq” kimi aparır.

 

30 ilə yaxın bir müddətdə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq üçün yaradılmış ATƏT-in Minsk qrupu və onun həmsədrlik institutu münaqişənin həllindən çox, onun    dondurulmasına, dolayısı ilə Ermənistanın xeyrinə həll olunmasına çalışır. ABŞ Fransa və Rusiya Federasiyası açıq və gizli tərzdə Ermənistanın mövqeyini müdafiə edir. Həmsədrlərdən olan Rusiya Federasiyası neçə ildir, Ermiənistanı həm təmənnasız, həm də kredit və ya güzəştli kreditlər hesabına silahla təmin edir. Bizə isə silahları bazar qiymətinə satır. Illərdir Azərbaycan xalqı, ictimaiyyəti bu hallara qarşı etirazını bildirirlər. Rusiyanın həmsədr ölkə kimi Ermənistana birbaşa hərbi yardım göstərməsinin isə yolverilməz olduğunu hər zaman rəsmi Bakı ifadə edib.

 

Əsrlərdir özgə torpaqlarına göz dikən, o torpaqlarda özünün bədnam “o dənizdən bu dənizə Böyük Ermənistan” yaratmaq xülyası yüz minlərlə günahsız insanın məhvinə səbəb olub.

 

Bütün mötəbər beynəlxalq qurumlarda Azərbaycan Respublikasının Prezidenti ilham Əliyev Ermənistanı konstruktiv danışığa dəvət edib, münaqişənin dinc sülh yolu ilə həllinə çalışıb. Lakin, Ermənistan buna müsbət reaksiya verməyib. Cənab Prezidentin bu məsələdə sərt, tarixi sənədlərə, Beynəlxalq hüquqa əsaslanan çıxışları Ermənistanın işğalçılıq siyasətini dünya birliyinə çatdırması, müxtəlif görüşlərdə, teledebatlarda ölkə başçımızın Ermənistanın baş naziri Nikol Paşinyana sözün əsl mənasında dərs verməsi öz müsbət nəticəsini verməkdədir.

 

Bütün çıxışlarında cənab Prezident Azərbaycanın öz torpaqlarından bir qarış da olsa düşmənə verməyəcəyini, öz torpaqlarımızda ikinci Ermənistan dövlətinin yaradılmasına yol verilməyəcəyini sərt və qətiyyətlə vurğulaması təkcə Ermənistana deyil, həmçinin, düşmən ölkənin havadarlarına da açıq mesajdır.

 

2003-cü ildən etibarən cənab İlham Əliyev  Respublikanın hərb sənayesinin, iqtisadiyyatının inkişafına xüsusi diqqət yetirir. Bu gün Azərbaycan ordusu müasir silahlarla təchiz olunub, savadlı, bacarıqlı, peşəkar hərbçi kadrlarla formalaşdırılıb. Əhalidə hərbi-vətənpərvərlik ruhu yüksək səviyyədədir.

 

İyulun 12-də Tovuz rayonu bölgəsindəki sərhəddə Ermənistan tərəfindən törədilən təxribat nəticəsində zabit və əsgərlərimiz şəhid oldu. Məhz bu günlərdə xalqın birmənalı olaraq dövlət başçısının, ali baş komandanın və ordunun yanında olması, onu dəstəkləməsi cənab Prezidentin iradəsini, qətiyyətini bir daha ortaya qoydu. Ölkə başçısı çəkinmədən Ermənistana və onun havadarlarina açıq meydan oxudu.

 

Bu çətin günlərdə isə kimin kim olduğu bəlli oldu, özünü qabarıq şəkildə göstərdi. İlk olaraq, qardaş Turkiyə, Pakistan Azərbaycanın yanında yer aldı, sonadək Azərbaycanı müdafiə edəcəklərini bildirdilər. Ermənistana xüsusi rəğbət, simpatiya bəsləyən dövlətlər, beynəlxalq qurumlar isə Azərbaycanı silahlı əməliyyatları dayandırmağa və danışıqlar prosesini davam etdirməyə səslədilər. Səslənmiş boyat bayatılardır, deyilmi?

 

Bəzi beynəlxalq qurumlarla dövlətlər Ermənistanı qınamadı, təcavüzü pisləmədi. Hərçənd, Ermənistan bu dəfə Qarabağ bölgəsindən çox uzaqda, Azərbaycan-Ermənistan sərhəddində təxribat törətdi. Lakin, şanlı, məğrur, cəsur ordumuz düşmənə ağır sarsıdıcı zərbələr vuraraq, itkilərlə onları geri çəkilməyə məcbur etdi. Neçə-neçə hərbi obyektləri, nəqliyyat və sursatları, hərbiçiləri məhv edildi.

 

Bu hadisələrdən sonra ABŞ, AB tərəfindən Ermənistanın işğalçılıq siyasəti pislənildi, o təcavüzkar dövlət adlandırıldı, müvafiq qərarlar qəbul edildi.

 

Lakin yaxın qonşumuz, illərdir ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan, əslində daim Ermənistanı açıq və gizli şəkildə dəstəkləyən Rusiya Federasiyası nə etdi? Rostovdan başlayaraq, Qazaxıstan, Türkmənistan, İranİslam Respublikasının hava məkanından istifadə edərək 7 təyyarə ilə 400 ton müasir silah və avadanlıqları Ermənistana çatdırdı. Bu isə açıq-açığına işğalçı ölkəyə dəstəyin bariz nümunəsidir.

 

Əslində, Rusiyanın ATƏT-in Minks qrupunun həmsədrlərindən biri kimi buna mənəvi haqqı çatmır. Odur ki,haqlı olaraq, Rusiyanın bu davranışı Azərbaycan xalqının, ictimaiyyətinin kəskin etirazina, qəzəbinə, hiddətinə səbəb olub. Rusiya unutmamalıdır ki,qarşısında 1992-ci ilin Azərərbaycanı deyil, müasir silahlarla təchiz olunmuş, güclü iqtisadiyyata və hərb sənayesinə, çevik diplomatiyaya malik Azərbaycandır ki, onun vətənpərvər xalqı dövlət başçısının ətrafında sıx, monolit kimi birləşərək rəhbərini dəstəkləyir.

 

Elə xalqın bu dəstəyinə arxalanaraq cənab Prezident soydaşlarının hiddət və  etirazini Putinlə telefon danışığında bildirdi. Ölkə başçısı Tovuz rayonu istiqamətində Ermənistanin törətdiyi təxribat barədə müfəssəl məlumat vermiş,onların məkrli məqsədlərini ifşa edərək, münaqişəyə üçüncü tərəfləri cəlb etmək, bölgədə geniş miqyaslı müharibəyə rəvac vermək istəklərini Rusiya Federasiyasi Prezidentinin nəzərinə çatdırmışdır.

 

Ölkə başçısı daha sonra Azərbaycan xalqını və ictimaiyyətini rahatsız edən, hiddətləndirən bir məsaləyə də diqqət çəkib. Belə ki, o, İyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatli yüklərin daşınmasının intensiv xarakter almasını gündəmə gətirdi. Bu çox vacib siyasi təşəbbüs anlamına gələn məsələdir.

 

Zənnimcə, yol verdiyi bağışlanılmaz hərəkətindən sonra Serbiya Respublikasının yüksək səviyyədə üzr istəməyi Qazaxıstan,Tükmənistan, İran İslam Respublikası da öz təhlükəli əməllərinə görə ortaya mövqe qoymalıdırlar. Özlərini bizə dost kimi tanıdan məmləkətlər belə ciddi səhvlərə yol verməməli idilər, necə ki ,Gürcüstan bunu etdi.

 

Tam məsuliyyətlə demək olar ki, cənab Prezidentin apardığı səlis siyasətin nəticəsidir ki, bizə sözün əsl mənasında dost,qardaş ölkələr olan Türkiyə və Pakistan həm sözdə, həm də əməldə Azərbaycanın yanında oldular, onu sona kimi dəstəklədilər. Elə Türkiyə-Azərbaycan birgə hərbi təlimləri, Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Təyyub Ərdoğanin dəstək xarakterli kəskin bəyanatları, onun Azərbaycan Respublikasının Xarici və Müdafiə Nazirlərini birgə qəbul etməsi, Türkiyənin yüksək rütbəli məmurlarının Azərbaycana rəsmi səfərləri və.s buna əyani misaldır və cəmiyyətimizin xususi marağına, rəğbətinə,təqdirinə səbəb olub.

 

Son hadisələr göstərir ki, Ermənistan ağıllanmır, konstruktiv mövqedən uzaqlaşaraq danışıqlar prosesini pozmağa yönələn siyasət aparır. Elə Ermənistanın baş naziri N. Paşinyanın avqustun 14-də BBC telekanalının “HARD talk”verilişinin aparıcısı, peşəkar jurnalist  Stefen Sakurun kəskin, lakin obyektiv sualları qarşısında aciz duruma düşməsi, cavablarında Ermənistanın sözün əsl mənasında təcavüzkar olmasını nümayiş etdirməsi və digər sərsəm hərəkətləri bir daha göstərir ki, Ermənistanla yalnız güc dilində danışmaq lazımdır.

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev öz qətiyyəti ilə, apardığı konstruktiv daxili və xarici siyasəti ilə, diplomatik addımları və güclü müasir ordusu ilə ədaləti bərpa edəcək, tezliklə, torpaqlarımızın işğaldan azad olmasınıtəmin edəcəkdir. Çünki, bunun üçün dövlət başçısında iradə, qətiyyət, xalqın inamı, ordunun gücü mövcuddur. Qalibiyyətimiz isə lap yaxındır. Ali baş komandandan yalnız biz əmr gözləyirik: “Marş irəli, marş irəli, Azərbaycan əsgəri”.

 

Uca yaradan dövlətimizi,xalqımızı, Prezidentimizi qorusun!

 

 

Qafar Əsgərzadə

Əməkdar jurnalist, pedaqogika üzrə

fəlsəfə doktoru, dosent

Whatsapp
Bizə yazın!
Keçid et