“Rəsul Quliyevin tərəfinə heç kim keçməyib”
Hakim Yeni Azərbaycan Partiyası bir qrup üzvünün eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasına keçməsi haqda yayılan xəbərlərə sərt reaksiya verib. Partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Modern.az-a açıqlamasında ACP sədri Sülhəddin Əkbəri tənqid edərək onun səsləndirdiyi fikirləri cəfəngiyyat adlandırıb.
“Biz belə bəyanatları tez-tez eşidirik. Maraqlıdır nə üçün belə çıxış edirlər, amma həmin şəxslərin adlarını açıqlamırlar. Bu sadəcə bir cəfəngiyyatdır. Bizim partiyadan ACP-yə belə bir keçid olmayıb. Özünü partiya sədri adlandıran şəxs əlində faktı olduğunu deyirsə, buyursun onların adlarını açıqlasın. Onlar sadəcə bizim adımızdan istifadə etməyə çalışırlar”, - deyə YAP rəsmisi münasibət bildirib.
Qeyd edək ki, ACP sədri Sülhəddin Əkbər Modern.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası başda olmaqla ölkənin bir sıra aparıcı siyasi partiyalarının bəzi üzvlərinin onun rəhbərlik etdiyi partiyaya keçdiyini bildirib.
Anar RÜSTƏMOV