Binəqədi rayon sakini olan Xalid Əmirxanov Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək oğlu 12 yaşlı Əmirxanın itkin düşməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, o, izahatında oğlunun 20 günə yaxındır ki, evdən çıxdığını və geri qayıtmadığını bildirib:
“Məlumat daxil olan kimi dərhal azyaşlının axtarışlarına başlanılıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri axtarışlar nəticəsində 12 yaşlı uşaq tapılaraq ailəsinə təhvil verilib. Araşdırma zamanı müəyyən edilib ki, o evdə olmadığı müddətdə paytaxt ərazisində müxtəlif məkanlarda, əsasən də avtomobil dayanacaqlarında küçə ticarəti ilə məşğul olub. Polis Bölməsində azyaşlının valideyni ilə profilaktik söhbətlər aparılıb. Ona övladının təlim-tərbiyəsi ilə ciddi məşğul olması tövsiyyə edilib”.
DİN bir daha valideynlərə müraciət edərək, övladlarını daim nəzarətdə saxlamaqla baş verə biləcək belə halların qarşısını vaxtında almalarını xahiş edib.