1992-ci ilin fevral ayında Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində təsis edilən və 18 ölkədən 36 türkdilli xalqın 40-dan çox təşkilatını birləşdirən, fəaliyyətinin əsas məqsədi türkdilli xalqlara mənsub gənclər arasında həmrəylik və əməkdaşlıq bağlarının yaradılması və gücləndirilməsi, onlara mənəvi köməklik göstərilməsi, ümumtürk mədəniyyətini dirçəltmək və tanıtmaq, bütün türkdilli xalqların yaşadıqları bölgələrin problemlərini dünya ictimaiyyətinə tanıtmaq və onların həlli yollarını tapmağa çalışmaqdan ibarət olan, bu günə qədər ondörd Türk Dünyası Gənclik Günləri və Qurultayları, on bir Türk Dünyası Gənc Liderlər Toplantısı, bir Türk Dünyası İdman Oyunları Olimpiadası, onbir Türk Dünyası Gənclik Musiqi Festivalı, onlarla beynəlxalq konfrans, seminar və sərgi təşkil etmiş, “Bengü” (“Əbədiyyət”) qəzetini nəşr edən Dünya Türk Gəncləri Birliyi (DTGB) bu gün də türkdilli xalqların, o cümlədən Azərbaycan xalqının mənafeyinə uyğun tədbirləri həyata keçirməyə, onların haqq və hüququnu müxtəlif beynəlxalq səviyyələrdə qorumağa davam edir.
Hazırda isə Bakıda ilk Gənclər Evi layihəsini hıyata keçirir. Türkdilli ölkələrin, o cümlədən Azərbaycanın gənclik təşkilatlarının əməkdaşlığı çərçivəsində görülən işlərin mütəmadiliyinin vacibliyi ən aktual məsələdir və bu məsələ daim birliyin diqqəti mərkəzində olub. Bu fəaliyyətlərin tərkib hissəsi müxtəlif ölkələrdə təşkil olunan Türk Dünyası Gənclik Günləri və Qurultaylarıdır.