Modern.az
Qəzənfər Həmidoğlu Tayqada sidr davası: Moskva Tuba türklərini nədən “xarici agent” saydı?

Qəzənfər Həmidoğlu

Tayqada sidr davası: Moskva Tuba türklərini nədən “xarici agent” saydı?

Aktual

18 Fevral 2022, 22:04

Qəzənfər Həmidoğlu

Tuba (tubalar) xalqı azsalı, kökü az qala kəsilməkdə olan türk soyudur. Altay dağlarında, tayqada yaşayan, özlərini “yış kiji” ( meşə kişisi, insanı”) adlandıran tubaların sayı vur-tut 2 min nəfərdir. Bəlkə də Rusiyada onlar qədər zülmə, ayrı-seçkiliyə məruz qalan ikinci bir xalq yoxdur.

Tuba mənşəyi və tarixi hələ də tam öyrənilməmiş türk xalqıdır. Sovet dönəmində tuba xalqını altaylıların tərkibində göstərirdilər. 2000-ci ildə onları ayrıca xalq kimi qeyd etsələr də, sonradan tubalar yenidən “altaylı” sayıldılar- Rusiya hökuməti tubaları müstəqil xalq kimi qavramamaqda inad göstərir.

Bu günlərdə Rusiyanın Ədliyyə Nazirliyi Tubaların yeganə regional milli-mədəni təşkilatı olan “Tuba kalık”ı (“Tuba xalqı”) “inoagent” (“иностра́нный аге́нт”) elan edib, yəni, Tubaların ənənə, dil və mədəniyyətini qorumağa çalışan, siyasi hədəfləri olmayan bir qurumu “xarici agent olan QHT-lər” reyestrinə salıb. Bu, tuba xalqını az qala şoka salıb və səbəblərini, hansı “siyasi fəaliyyətlə” məşğul olduqlarını anlamaqda çətinlik çəkirlər.

Təbii ki, kiçik xalqa belə ögey münasibət səbəbsiz deyil. Əvvəla, öz slavyanı ilə yola getməyən rus hökumətindən tayqadakı “yad”a sevgi gözləmək əbəs işdir. Digər tərəfdən, Rusiya hökuməti üçün tayqa taxta-şalban deməkdir. Tubalar üçünsə tayqadakı sidr və şamlar müqəddəs ağaclardır. Sidrə az qala sitayiş edirlər ki, bu da şamanlıqdan qalan gələnəkdir.

Tuba xalqı tayqanın qırılmasına əngəl olur, etiraz aksiyaları keçirir. Üstəlik, Dünya Vəhşi Təbiət Fondunun (WWF) bu iş üçün “Tuba kalık”a qrant ayırması Moskvaya xoş getmədi. BMT-nin isə tuba tarixinin öyrənilməsi, dil və mədəniyyətinin qorunması üçün qrant verməsi Kremli ayrıca özündən çıxarıb.

“Tuba kalık” rus-tubalar lüğəti nəşr edib, tuba əlifbası yaradıb, tubaların ənənəvi nəğmələrinin bir neçə diskini buraxıb. Başqa sözlə, “Tuba kalık” tubaların ayrıca xalq, tayqanın sahibi olması uğrunda mücadilə aparır. Moskva isə tubalar üçün heç bir şərait yaratmır, əksinə onlara kömək edənlərə əngəl olur və üstəlik, qədim keçmişi olan bu kiçik türk ulusuna Altay Respublikasının hüquqi statusu olan xalqı kimi baxmır. Yerli xalq etnik kimliyi göstərməyən “altaylı”, bunun açmasında “o cümlədən tubalar” kimi təqdim edilir. Əcaib işdir: xalq mövcuddur, amma hüquqi baxımdan yoxdur. Belə məkrli münasibətin, tubaların hüquqlarının pozulmasının ən başlıca səbəbi olduqca primitiv, böyük dövlətə yaraşmayan davranışdır. Rusiya Federasiyasının “Azsaylı yerli xalqların hüquqlarına zəmanət haqqında” qanununa əsasən, yaşadıqları və ya çalışdıqları ənənəvi təbii əraziləri, məsələn maral örüşləri, ovlama və balıqtutma yerləri kiçik xalqların istifadəsinə pulsuz verilməlidir. Tubalara isə heç nə vermək istəmirlər, amerikanlar rezervasiyalara qovduqları hindulara heç belə münasibət göstərmirdilər.

Həmin qanun Tubalara şamil edilmədiyi üçün onlar federal proqramlardan kənarda qalırlar. “Tuba kalık”ın “xarici agent” edilməsi ilə “tayqa mafiyası”nın əl-qolu açılacaq, yeni sidr qırğını başlayacaq.

“Tuba kalık”ın nümayəndəsi Tahir Bodraşev “Sibir. Realii” radiosuna mübarizələrini davam etdirəcəklərini deyib: “ Bizim tayqanı kəsib-doğrasalar, biz unudulacağıq, kimsə yada salmayacaq. Söhbət bizim milli kimliyimizdən gedir...”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu