Modern.az
Qəzənfər Həmidoğlu Donbas avantürası: evakuasiya yox, deportasiya!

Qəzənfər Həmidoğlu

Donbas avantürası: evakuasiya yox, deportasiya!

Aktual

21 Fevral 2022, 10:31

Qəzənfər Həmidoğlu

İki-üç gündür Donbasdakı separatçı rejimlər rusdilli əhalini, daha dəqiqi qoca, qadın və uşaqları Rusiyanın sərhədyanı bölgələrinə köçürürlər. Kiyev guya Donbasda hərbi əməliyyatlara başlayacaq və bu "səbəb"dən qondarma “DXR” və “LXR”ın separatçı rəhbərləri dinc əhalini “soyqırım”dan xilas etmək üçün evakuasiya edirlər.
 

Bu, Moskvanın növbəti misilsiz avantüra-təxribatıdır – əhalinin bəla qarşısında köçürülməsi deyil, qaranlıq niyyətlərlə dinc insanların ev-eşiklərindən deportasiyası, qovulmasıdır...
 

Putin savaş şantajını davam etdirməklə və “Donbas genosidi” kartını oyuna soxmaqla informasiya müharibəsində hərarəti qaldırır, ən başlıcası isə eskalasiyanın səngiməsinə imkan vermir.
 

Moskva şikayətlənir ki, Ukrayna Rusiyanı təhdid edir və qəfil fikrə düşüb ki, Donbası qaytarsın. 8 il buna cəhd etməyən Kiyevin Rusiya 150 minlik qoşunu ilə Ukraynanı əhatəyə aldıqdan sonra məhz indi belə fikrə düşməsini iddia etmək, əlbəttə ki, absurddur, normal zəka ilə məzələnmək, dünyanı abdal yerinə qoymaqdır. Entoni Blinken də nəhəng ölçülərə malik Rusiyanın dəfələrlə kiçik Ukrayna tərəfindən hədələnməsi kimi “istənilən məntiqə zidd olan” iddiasından mat-məəttəl qalıb. Amma biri gərək ABŞ-ın dövlət katibinə desin ki, bu iftira-bəhanə ruslar üçün köhnə praktikadır, rus şairi İvan Krılov tərəfindən hələ 200 il əvvəl “Qurd və quzu” təmsilində təsbit edilib...
 

Rusiya-Ukrayna gərginliyindəki indiki situasiyanı belə xarakterizə etmək olar: nə sülh, nə müharibə, yalnız təhdid və təxribat.
 

Rusiyada bəziləri artıq Kiyev və Xarkov küçələrində gəzintiyə hazırlaşır, digərləri isə yatıb röyalarında Odessa plyajlarını görürlər. Bu fonda Putin sülhdən danışsa, onu Qızıl Meydanda daşqalaq edərlər.
 

Ukraynaya hərbi müdaxilə isə hərbi-siyasi-iqtisadi və başqa anlamlarda Rusiyanın sonu deməkdir. Putin hələ 2005-ci ildə SSRİ-nin süqutunu “XX əsrin ən böyük geosiyasi fəlakəti” adlandırmışdı. Kremldəki işi Rusiyanın imperiya kimi ötən əsrdəki uğursuzluqlarının revanşını almaq planları qurmaqdan ibarət olan Putin indi belə sərt reallıq qarşısındadır: daha irəli getsə, Rusiyanı XXI əsrin ən böyük geosiyasi fəlakətinə düçar edə bilər...
 

Mövcud geosiyasi situasiyanın davamı, sürünən eskalasiya Kremlə sərf edir: neft-qazın yüksək qiyməti Rusiya büdcəsini doldurur, Qərb Moskvanı saya salıb danışıqlar aparır, Avropada yaxın və ortamənzilli raketlərin yerləşdirilməsi məsələsi yenidən müzakirə predmetidir, NATO-nun “açıq qapı” siyasəti Ukraynanın üzünə hələlik bağlanır. Pekin də Moskvadan razıdır. O anlamda ki, başı Avropaya qarışan ABŞ hərbi-siyasi diqqətini əsas hədəfə -Çinə yönəltməkdə yubanır…
 

Belə görünür ki, Moskva-Kiyev qarşıdurması, bu münaqişənin arxa planındakı Rusiya-ABŞ rəqabəti acı bağırsaq kimi uzanacaq. Həmçinin Rusiyanın Ukraynaya hərbi müdaxilə edib-etməyəcəyi sualı geosiyasi gündəmdən lövbərini asanlıqla qaldırmayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir