Modern.az
Qəzənfər Həmidoğlu Deqeyizasiya...

Qəzənfər Həmidoğlu

Deqeyizasiya...

Aktual

8 Mart 2022, 08:40

Qəzənfər Həmidoğlu

Moskva Patriarxı Kirill nəhayət ki, müharibədən danışdı. Dedi ki, Donbasda gey-paradın olmasını istəmirlər, ona görə də Ukraynada müharibə başlayıb: Məhz "bu mövzu ətrafında bu gün real müharibə gedir".

Daha sonra Rusiya Pravoslav Kilsəsinin homofob başçısı belə bir ritorik sual verir: "Bu gün Ukraynaya kim hücum edir?"

Sualına cavab vermir və moizəsini belə davam etdirir: "Biz elə davaya girmişik ki, o, fiziki deyil, metafiziki əhəmiyyət daşıyır" .

Rusiyanın Ukraynaya müdaxiləsini arqumentləşdirməyə çalışan Patriarx Kirill hamını sülh üçün dua etməyə çağıranda Donbası nəzərdə tutur, amma Ukraynanı yada salmır.

Ukrayna pravoslavları iki kilsəyə bağlıdırlar:

1. Moskava Patriarxlığının Ukrayna Pravoslav Kilsəsi (MP UPK) .

2. Rum Fənəri (İstanbul) Patriarxlığının Pravoslav Ukrayna Kilsəsi (PUK).

Ukrayna hakimiyyətinə yaxın PUK-un başçısı mitropolit Yepifanidir. PUK 2018-ci ildə avtokefal Kiyev Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinin (KP UPK) bazasında yaradılıb. Yeri gəlmişkən, PUK-un yaradıcılarından olan KP UPK-nın keçmiş başçısı, fəxri patriarx Filaret imzasını geri götürüb və keçmiş patriarxlığını bərpa etmək istəyir...

Bunlar uzun və qəliz məsələlərdir, qayıdaq Patriarx Kirilin "votçina"sına. Burda da işlər yolunda getmir. MP UPK-nın başçısı mitropolit Onufriy Putini qardaşı Habili öldürən Qabilə bənzədib, qardaş qırğınına son qoymağa çağlrıb. MP UPK-nın bəzi yeparxiyalarındakı ayinlərdə artıq Patriarx Kirilin adı yad edilmir. Güman ki, Putin Kirilli tənbeh edəcək, o da mitropolit Onufriyi kilsədən qovacaq.

Ta qədimlərdən bu işlər "Əmir Teymur, Molla Nəsrəddin və badımcan" lətifəsindəki kimidir. Yəni, Patriarx da Allahı unudib Kremlə xidmət edir.

Belələliklə, ruslar Ukraynada yalnız "narkoman"ların "denasifikasiya" və "demilitarizasiya"sı ilə məşğul olmur, "degeyizasiya" - LGBT-dən təmizlənmə kimi işlər də görürlər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir