Modern.az
Qəzənfər Həmidoğlu Batka və barter...

Qəzənfər Həmidoğlu

Batka və barter...

Aktual

11 Mart 2022, 17:58

Qəzənfər Həmidoğlu

11.03.2022. Kreml. Putin və Lukaşenko növbəti dəfə bir araya gəlirlər. Kefləri kök deyil, məcburi gülümsünürlər.

Belə görünür ki, Belarus lideri Moskvaya nədən dəvət edilməsindən elə də məlumatlı deyil. Amma “canayaxın” söhbət edirlər, Qoqolun “Köhnə dünya mülkədarları” kimi...

Lukaşenko: - Vladimir Vladimiroviç, biz artıq, bağışlayın məni, Qərbin eşşəkliyinə (Batka “свинство” deyir, amma bizim dildə “donuzluq” sözü effektiv səslənmir) vərdiş olmuşuq... Eşşəklik eləyirlər... Mənim nöqteyi-nəzərimcə, artıq üçüncü dəfə deyirəm, Qərbin elədikləri eşşəklikdir... Artıq boğaza yığılmışam, bezmişəm... Mən sizin kabinetinizə gələndə jurnalistlər uzaqdan qışqırdılar: “Sanksiyaları keçə biləcəyikmi?”.
Sualı belə qoymaq olmaz. Bu gün sanksiyalar bizim üçün imkanlar zamanıdır. Mən sovet adamıyam, siz də sovet dönəmini yaxşı bilirsiniz. Biz o vaxtlar da sanksiyalar altındaydıq, amma normal yaşayır və inkişaf edirdik... Biz onlara hücum etməmişik, onlar bizə hücum ediblər... İqtisadiyyatımızı yenidən qurmalıyıq, onlarsız da keçinərik. İndi biz gərək KTMT-də, Avrasiya İqtisadi İttifaqında toparlanaq, sıx birləşək, bir yerdə olaq. Bazarlarımızı birləşdirsək, bir aydan sonra sanksiya altında olduğumuzu unudarıq... Mənim bir təklifim var. Mənim təklif vermək hüququm varmı? Düşünürəm ki, siz məni dəstəkləyərsiniz...

Putin:- Buyurun.
 


Lukaşenko: - Biz Moskvaya yığışıb bir stol arsasında əyləşməliyik və (barterdə) anlaşmalıyıq: Deyirik ki, siz bunu bizə satırsınız, biz də bunu sizə satırıq və ümumu iqtisadi siyasətimizi qururuq. Bu gün mən Moskvaya normal əhvəl-ruhiyyədə gəlmişəm və əminəm ki, indi biz indiyədək etdiklərimizdən daha yaxşısını edəcəyik, bu, SSRİ-nin süqutundan bəri ən yaxşısı olacaq, hətta Sovet ittifaqında olduğundan da yaxşı olacaq... Qafamızı çox yormağa, narahat olmağa dəyməz...

Putin: - Aleksandr Qriqoryeviç, siz tamamilə doğru deyirsiniz. Sovet ittifaqı gerçəkdən həmişə sanksiyalar altında yaşayıb, amma inkişaf edib, nəhəg uğurlara nail olub... Siz düz deyirsiniz, indi zamanıdır ki, texnoloji və iqtisadi suverenliyimizi möhkəmlədək...

Beləliklə, Lukaşenko Putini müasir iqtisadiyyatın çoxdan unutduğu barter üsulunun effektivliyinə inandırmaq istəyir. Valyuta ehtiyatları tükənən Minsk üçün bu, sərfəli ola bilər. Batka keçmiş kolxoz sədri kimi, şübhəsiz ki, barter işində ustadır, üç-dörd pors Belarus sosiskasını bir barel rus neftinə dəyişəcək. Amma bu iqtisadi üsulla və sanksiyalar altında texnoloji suverenliyə nail olmağa ümid etmək ac toyuğun yuxusunda darı görməsi kimi bir şeydir...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır