Modern.az

“Eşşək Tahir”in bizə yedizdirdiyi ət sağlamlığımız üçün nə qədər zərərlidir?

“Eşşək Tahir”in bizə yedizdirdiyi ət sağlamlığımız üçün nə qədər zərərlidir?

Aktual

26 Dekabr 2022, 15:30

İllərdir Azərbaycanda leş əti mafiyası ilə mübarizə davam etsə də, onların kökünü kəsmək müşkülə çevirilib. "Leş Tofiq"dən sonra "Eşşək Tahir" də vətəndaşların sağlamlığına qənim kəsilib. Belə ki, ötən həftə Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatla Sabirabad rayon sakini Tahir Məstəliyev adlı şəxsin 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq ətini dağ keçisi adı ilə satması məlum olub. Hüquq mühafizə orqanlarının keçirdiyi daha bir əməliyyatla Biləsuvar rayonunda qidaya yararsız, ölü at və iri buynuzlu heyvan ətinin satışı ilə məşğul olan Zaur Rüstəmov saxlanılıb. Qeyd olunan şəxslərin at, eşşək ətlərini Bakıdakı restoran və dönərxanlara verdikləri meydana çıxıb. Deməli, özümüz də bilmədən, dinimiz tərəfindən də haram buyurulan eşşək ətini dadmışıq.

 

Maraqlıdır, eşşək ətinin insan orqanizmi üçün hansı əks təsirləri var?

 

Qida məsələləri üzrə ekspert Fərid Səfərov mövzu ilə bağlı Modern.az-a danışıb.

 

 

Ekspert bildirib ki, ət insan sağlamlığı üçün olduqca faydalı qidadır:

 

“Amma son zamanlarda tez-tez eşşək ətinin satışa çıxarılması, müəyyən müəssələrdə ondan qidaların hazırlanmasında istifadə olunması ilə bağlı məlumatlar yayılır. Eşşək əti insan sağlamlığı üçün birmənalı olaraq ziyanlıdır. Həzm sistemində problemlərə, mədəaltı vəzin fəaliyyətinin zəifləməsinə, bağırsaqların fəaliyyətinin korlanmasına səbəb olur”.

 

F.Səfərov eşşək ətini dana ətindən fərqləndirməyin yollarından da bəhs edib:

 

“Eşşək əti tünd qırmızı rəngdə olur, daha çox qara ciyərin rənginə oxşayır, dana əti isə açıq qırmızı rəngdədir. Eşşək əti çox liflidir və sərtdir. Eşşək ətinin yağının rəngi tünd sarı rəngdə olur. Amma ətin dadında fərq yoxdur. Ən əsası da, unutmaq olmaz, eşşək əti yemək dinimizə görə haram hesab olunur. Satışına qoyulan qadağa həm də bizim mental dəyərlərimizlə bağlıdır”.

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da bildirib ki, müsəlman olduğumuz üçün eşşək əti yemək olmaz:

 

 

“Təəssüf ki, eşşək ətinin yeyilməməsi qanunvericilikdə öz əksini tapmayıb. SSRİ dönəmində bir kitab çap olunub, orada təkcə Azərbaycanı eşşək əti yeyən xalq kimi təqdim ediblər. Sonradan öyrəndik ki, bu kitabı ermənilər tərtib edib, bizim xalqı vəhşi, eşşək əti yeyən xalq kimi şərh ediblər. Eşşək əti dinimizdə də haramdır, yeyilməyən ət kimi təqdim olunur. Tarix boyu eşşək əti Azərbaycanda yeyilməyən bir ətdir. Eşşək ətindən insana müəyyən xəstəliklər də keçə bilər. Yer üzündə olan xəstəliklərin 70%-i heyvanlardan insanlara keçib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok