Modern.az

Süni mayalanmadan doğulan uşaqlar - Hər ay 300-dən çox...

Süni mayalanmadan doğulan uşaqlar - Hər ay 300-dən çox...

Aktual

22 İyun 2023, 15:00

Azərbaycanda bir ay ərzində təxminən 300 və daha çox süni mayalanma əməliyyatı həyata keçirilir.

 

Bunu Modern.az-a açıqlamasında tanınmış həkim, süni mayalanma üzrə mütəxəssis Təranə Nəsibli deyib.

 

Onun sözlərinə görə, vətəndaşlar süni mayalanma üçün müxtəlif mərkəzlərə müraciət edirlər: “Azərbaycanda hər ay ən azı 300 və daha çox süni mayalanma olur. Bu proses müxtəlif mərkəzlərdə baş tutur.  Elə mərkəz var ki, ay ərzində 150, elə mərkəz də var ki, 50 süni mayalanma edir. Təxminən hər ay ərzində 300, 350 süni mayalanma olur”.

 

 

Təranə Nəsibli qeyd edib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi övlad sahibi olmaq istəyən imkansız ailələr üçün böyük şansdır:

 

"Düşünürəm ki, bu qanun layihəsi vətəndaşlarımız üçün bir şansdır. Proqram tam şəkildə hazır olmalıdır. Əlbəttə, qanun layihəsinin icra olunmas üçün madiyyat lazımdır. Proqramı yarımçıq qoymaqdansa, birdəfəlik hazır vəziyyətə gətirib, həyata keçirmək daha yaxşı olar. Belə bir qanunun tətbiqini vətəndaşlar çoxdan gözləyirlər. Nəticədə onlar sığorta hesabına süni mayalanmaya müraciət edə biləcəklər. Lakin sığortanı necə və hansı şərtlərlə edəcəklər, məncə, bu məsələlər geniş müzakirə olunmalıdır".

 

Süni mayalanmanın dini baxımdan doğru olmadığı barədə fikirlərə gəlincə, həkim bununla razılaşmadığını söyləyib.

 

“Süni mayalanma çox vacibdir. İnsanlar uzun illər arzuladıqları övlada sahib olurlar, sevincli anlar yaşayırlar. Bunun nəyi pisdir ki? Süni mayalanma süni uşaq demək deyil. Təsəvvür edin, qadın appendektomiya əməliyyatı keçirib və təsadüf nəticəsində uşaqlıq borusu bağlanıb. Belə hallar çox olur. Hamiləlik boruda baş verir, amma xanımın yumurta hüceyrəsi, kişinin də normal sperması var. Sadəcə bunun mayalanması üçün şərait yoxdur. Süni mayalanma xanıma və onun yoldaşına kömək deməkdir. Süni mayalanma sadəcə vasitəçilikdir. Burada hər hansı süni uşaqdan, yaxud başqasının uşağından söz gedə bilməz. Təbii ki, əgər hər şey qaydasındadırsa, yumurta hüceyrəsi və sperma özlərinə aiddirsə, heç bir problem ola bilməz".

 

 

Qeyd edək ki, Milli Məclisin ötən iclaslarının birində “Reproduktiv sağlamlıq haqqında qanun” layihəsi yenidən gündəmə gətirilib. Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ölkədə övlad sahibi olmayan ailələrin sayının çoxaldığını deyərək, belə bir qanunun qəbul olunmasının vacibliyini diqqətə çatdırıb.

 

"Bununla əlaqədar neçə ailə dağılır. Ona görə də biz ən azı payız sessiyasında “Reproduktiv sağlamlıq haqqında qanun” layihəsini qəbul etməliyik. Tibbi sığorta ilə övladı olmayanlara dəstək olunmalıdır. Türkiyədə belə bir təcrübə var. Amma bizdə dəstək göstərilmir. Bizim ölkədə edilən əməliyyatlar çox vəsait tələb edir. Ona görə də ailələr ciddi problemlərlə qarşılaşırlar. Bu məsələnin payız sessiyasında həll olunması arzuolunandır”, - komitə sədri deyib.

 

Deputat Rəşad Mahmudov dövlət büdcəsindən süni mayalanma üçün vəsaitin ayrılmasını təklif edib. O bildirib ki, Azərbaycanda övlad sahibi olmaq istəyən, amma imkanı olmayan şəxslər var.

 

“Bu məsələ qaldırılanda “Reproduktiv sağlamlıq” haqqında qanun layihəsinin qəbul olunması təklif edilir. Amma bildirim ki, qanun olmadan da problemi həll edə bilərik. Uşaq sahibi olmaq insanın fiziki, əqli sağlamlığı cəhətdən dövlətin nəzarətində olmalıdır. Ona görə də gələn ilin dövlət büdcəsində buna maliyyə yardımının ayrılmasını təklif edirəm. Süni mayalanma ilə əlaqədar dövlət büdcəsindən ayrılan vəsait 1 milyon manatdan çox deyil. Ona görə də bu məsələyə diqqət yetirilməlidir”,- deyə deputat vurğulayb.

 

Digər deputat Siyavuş Novruzov isə süni mayalanmaya qarşı olduğunu bəyan edib. O, hesab edir ki, “Reproduktiv sağlamlıq” haqqında qanun layihəsinin qəbulu mənasızdır. Çünki "bizim milli mentalitetimizə uyğun deyil".

 

“Mən beş il ərzində Milli Məclisdə Dini komitənin sədri olduğum zaman imkan vermədim ki, o qanun layihəsi plenar iclasa tövsiyə olunsun. Mən məsələyə başqa mövqedən baxıram. Süni mayalanma ilə uşaq dünyaya gətirmək olmaz. Allah qismət etməyibsə, onun əleyhinə getmək olmaz. Ona görə də bu qanunu qəbul etməyin mənası yoxdur”, - deyə Novruzov qalmaqallı fikirlər səsləndirib.

 

Aytac Əsədova

Twitter
Sizə yeni tvit var
Keçid et