Modern.az

Yarımadadan adaya çevrilən Kür-dili

Yarımadadan adaya çevrilən Kür-dili

Aktual

21 İyul 2023, 08:38

Kür-dili adasi 1981-ci ilə kimi yarımada formasında olub. 1982-ci ildən etibarən Xəzər dənizinin suyun səviyyəsinin qalxması ilə əlaqədar olaraq yarımada şimal hissədən kəsilərək adaya çevrildi. 1988-ci ildə ada ilə Neftçala rayon ehtiyyat fond torpaqları arasında olan 15 km məsafədə suyun səviyyəsinin qalxması ilə əlaqədar adaya gediş-gəliş təmamilə kəsildi.

 

Kür-dili adasında iki böyük kənd var idi. Xəzər dənizinin suyunun səviyyəsinin qalxması ilə əlaqədar olaraq həmin kəndlərdə yaşayış çətinləşdiyi üçün kənd sakinləri üçün dövlət tərəfindən Neftçala rayonunun keçmiş Müşfiq, indiki Şirvanlı kəndində yeni kənd salındı və həmin kəndin sakinləri ora köçürüldü.

 

Qeyd etdiyimiz adadakı Jarski və Kurkasa kəndlərinin arasındakı məsafə 3 kilometri təşkil edir. 1988,1990-cı illərdə suyun səviyyəsi həddindən artıq qalxdığı üçün adanın ərazisi kiçilməyə başladı. Həmin illərdə adanın ümumi ərazisi 4500 ha təşkil edirdi.1996-cı ildən etibarən dəniz səviyyəsində suyun azalmaları müşahidə olunmağa başladı. Hal-hazırda Kür-dili adasının ümumi ərazisi 7400 ha-ı əhatə edir. Belə ki, 1670 ha dövlət fond torpaqlarının yerdə qalan 5730 ha Qızılağac Milli Parkının əraziləri təşkil edir.

 

Dövlət ehtiyyat fond torpaqları adanın cənub şərq hissəsində yerləşir. Adanın Qızılağac Milli Parkına aid olan hissəsi isə şimal-qərb və cənub-qərb zonası olmaqla Böyük körfəzlə həmsərhəddir. Müşahidələr zamanı Böyük körfəzin ərazisində suyun dərinliyi hal-hazırda 1,5 metr təşkil edir.Ada cənub şərq və şimal istiqamətindən Xəzər dənizi ilə həmsərhəddir. Kür-dili adasının ümumi uzunluğu orta hesabla 12,41 km, eni isə orta hesabla 5000 m, ümumi sahəsi 62,050 ha-dır. Flora və fauna ilə zəngin yerlərdən biridir.

 

Ərazinin bitki örtüyünün əsasını qamışlıq, dala, böyürtkən kolları,yulğun, keçə şoranı, yovşan üzüm kolları təşkil edir. Adanın faunasını Çöl donuzu, adi kirpi, çaqqal, porsuq, tülkü, sürünənlərdən müxtəlif növ ilanlar vardır. Quşlardan isə Soltantoyuğu, Turac, Bildirçin bütün ördək növləri su fərələri, qazlar, vağlar, sternalar və s. təşkil edir. 

Whatsapp
Bizə yazın!
Keçid et